Məhkəmə qərarları › İş №e-2(004)-2333/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2333/2024

17.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2333/2024 17.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılma və sair” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması; Cavabdeh2 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi; Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi; ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması; Cavabdeh2 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi; Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə həvalə edilməsi; dövlət rüsumuna görə ödənilmiş 100 manat və hüquqi yardıma görə ödənilmiş 1000 manat pulun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 12-ci mərtəbədə yerləşən 27 saylı mənzil xx.xx.2023-cü il tarixdən mülkiyyət hüququ əsasında ona məxsusdur. Sonradan ona məlum olmuşdur ki, mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası heç bir qanuni əsas olmadan Cavabdeh1 MMC tərəfindən idarə olunur və həmin MMC-nin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kvadratmetrinə 1.30 manat məbləğində pul tələb olunur. MMC ilə müqavilə bağlamayan və kommunal ödənişi adı altında tələb edilən vəsaiti ödəməyən mülkiyyətçilərin və onların ailə üzvlərinin binanın liftindən istifadələrinə məhdudiyyətlər yaradılaraq lift kartları bloklanır. Bu halda, həmin sakinlər yuxarı mərtəbələrə piyada qalxmaq məcburiyyətində qalır. Həmçinin, mənzillərə verilmiş istilik sistemləri dayandırılır. Cavabdeh1 MMC bütün bu məhdudiyyətlərlə bina sakinlərinin öz mənzillərindən, eləcə də yaşadıqları binanın ümumi sahəsindən istifadə etmələrinə süni maneələr yaradır ki, bunlar qanunazidd və yolverilməzdir. Əslində Cavabdeh1 MMC çoxmənzilli yaşayış binasına hər hansı aidiyyəti olmayan bir hüquqi şəxsdir və həmin binanın idarə edilməsi ilə bağlı apardığı fəaliyyətin özü qanunsuzdur. Çünki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti ancaq binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Göründüyü kimi, çoxmənzilli yaşayış binası istənilən hər hansı şəxs tərəfindən deyil, məhz qanunvericiliyin müəyyən etdiyi qaydada, yəni sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında təyin edilən idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Cavabdeh1 MMC isə bina mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında idaərəedici təşkilat kimi təyin edilməmişdir. Belə olan halda, onun fəaliyyəti qanunsuz hesab edilməli və binanın idarəetməsindən kənarlaşdırılmalıdır. Bundan başqa, sözügedən çoxmənzilli yaşayış binası Cavabdeh2 MTK tərəfindən inşa edilmişdir. Binadakı yaşayış sahələri payçıların mülkiyyətinə verilməsinə baxmayaraq, MTK ləğv edilməmiş və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir. Sadəcə MTK öz təşkilatı hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətinə çevrilmişdir. İdarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə şərait yaradılması məqsədi ilə çoxmənzilli yaşayış binasına dair açarların, sənədlərin və aidiyyəti əmlakın bələdiyyəyə təhvil verilməsini Cavabdeh2 MMC-dən tələb etsə də, MMC müraciətlərinə əhəmiyyət verməmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bunlar baş vermədiyi halda isə çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlardan əlavə, nəzərə almaq lazımdır ki, ümumiyyətlə binanın liftinə kart sistemi quraşdıraraq bina sakinlərinin, o cümlədən mənzil mülkiyyətçilərinin liftdən istifadəsini məhdudlaşdırmaq yolverilməzdir. Çünki, binanın lifti binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab edilir. Ümumi mülkiyyətə sahiblik etmək, ondan istifadə etmək və bu mənzil və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncamvermək hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ayrılmaz hüququdur. Ona görə də, hər hansı kənar şəxs tərəfindən liftə onun istifadəedilməsinə məhdudiyyət yaradan qurğunun quraşdırılması qanuna uyğun hesab edilə bilməz və hazırkı halda liftə quraşdırılmış kart sistemi qurğusunun liftdən sökülməsi barədə tələbi də təmin edilməlidir. Bundan sonra, "xxxx" MMC məhkəməyə İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMCyə qarşı “çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılma və sair” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən faktlar heç bir sübutu olmadan yazılmış söz toplusudur. "xxxx" 20 ilə yaxın bir müddətdir ki, bir-birinə çevrilmə yolu, hüquqi varisləri tərəfindən yaradılmış hüquqi şəxs və onun idarə heyəti tərəfindən idarə olunur. Göründüyü kimi Mənzil Məcəlləsinin 141.8-ci maddəsində məhkəməyə müraciət hüququ verilsə də, bu hüququn hansı hallardan sonra yarandığını dolayı yolla bildirmişdir ki, sahə mülkiyyətçiləri tərəfindən belə bir idarə forması seçilməsin. X4 Yaşayış Kompleksinin sahə mülkiyyətçiləri 20 ilə yaxındır ki, idarəedici təşkilat olaraq seçimlərini etmiş və Mənzil Məcəlləsinin 142-ci maddəsinə uyğun olaraq müqavilə bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi barədə sənədlər iş materiallarına lavə edilməmiş, idarə edilmə üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaad idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirilməsinə dair inzibati qaydada məhkəməyə hər hansı müraciət edilməmişdir. İddia ərizəsi əsassızdır, iddianı qəbul etmirlər və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Sözügedən bina "xxxx" MMC tərəfindən inşa edilmiş, 2014-cü ildə istismara qəbul edilmişdir. Həmin müddətdən sonra qanunvericiliyin tələbinə uyğun olaraq 6 ay ərzində MTK ləğv edilərək, əmlak təhvil verilməli olduğu halda verilməmişdir. Daha sonra bina fərqli MMC və MTK-lar tərəfindən qanunsuz idarə edilmişdir. Hal-hazırda idarəetmə "xxxx" MMC tərəfindən həyata keçirilir. İddiaçı mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçıdan kommunal xidmət haqqı adı altında pul tələb edilir. İddiaçı həmin pulu vermədiyinə görə iddiaçının liftdən istifadəsinə məhdudiyyət yaradılmışdır. Qarşı tərəfin digər nümayəndəsi özü də əvvəlki məhkəmə iclasında bildirmişdir ki, "xxxx" MMC həmin binada kommunal xidmətləri həyata keçirir, lakin hansı əsasla həyata keçirilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə yalnız ümumi mülkiyyətçilərin yığıncağının qərarı əsasında idarəedici təşkilat təyin edilə bilər. Ümumi yığıncaq keçirilə bilmədikdə, bələdiyyəyə təhvil verilməli, açıq auksion keçirilməli və idarəedici təşkilat müəyyən edilməlidir. İstənilən mülkiyyətçi bununla bağlı iddia qaldıra bilər. İddiaçı ilk öncə bələdiyyəyə və "xxxx" MMC-yə müraciət etmiş, müraciət nəticəsiz qaldığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Litdə quraşdırılmış kart sistemi ilə bağlı bildirmək istəyir ki, hər bir abonentin öz abonent kodları vardır. Həmin kodlar mərkəzləşdirilmiş sistem, xüsusi proqram vasitəsi ilə idarə edilir. Kiminsə borcu yarandıqda avtomatik olaraq sistem kartı bloklayır. Həmin sistem ləğv edilə bilməz. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Tərəflərindən dəfələrlə sakinlərə "xxxx" MMC-nin binanın idarəetməsinə etiraz etdikləri halda, özlərinin MMMC-lərini yarada biləcəkləri, qanunamüvafiq qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması barədə bildirişlə müraciət edilmişdir. Bir nəfərin müraciətinə əsasən idarəedici orqan idarəetmədən kənarlaşdırıla bilməz. Əgər sahə mülkiyyətçiləri yığıncaq keçirsəydi və onların 50 faizindən çoxunun "xxxx" MMC-nin idarəetmədən kənarlaşdırılması ilə bağlı qərarı olsaydı, bu halda həmin məsələ mümkün olardı. 2-3 nəfər sakində idarəetmə ilə bağlı narazılıq yarana bilər, lakin bu kütləvi xarakter daşımır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Bütün kartlar abonent kodu ilə təchiz edilmişdir. Həmin kartlara müəyyən məbləğdə vəsaitlər yerləşdirilir. Kartda vəsait bitdikdə borc yarandıqda proqram vasitəsi ilə kart bloklanır. Onlarla müqaviləsi olan sakinlərin heç birində belə bir hal yaşanmır. Onlar sakinlərin kartı bloklandıqda yaşlı, uşaqlı, qohumları ilə birlikdə gələn sakinlərə gündəlik istifadə üçün kartlar verirlər. Digər cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Digər cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2, mənzil 27 (Yeni qaydalarla: AZ 1025, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın sakinlərə ünvaladığı məktubda qeyd edilmişdir ki, nloklarda istifadəyə verilən lift kartları liftlərə xidmət göstərən şirkət tərəfindən sistemə inteqrasiya olunaraq avtomatlaşdırılmışdır. Belə ki, lift kartının aktiv (işlək) olması bilavasitə xidmət haqqı borcu ödənişinə bağlanaraq kənar müdaxilə olunmadan avtomatik şəkildə tənzimlənir. İş materiallarında olan İddiaçı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında 12-ci mərtəbədə yerləşən 27 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının yaşayış sahələri mülkiyyətçilərinə təhvil verilərək çıxarışla təmin edilmişdir. Belə olan halda idarəedici təşkilat təyin olunmalıdır. Odur ki, ünvan 2 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. xx.xx.2014-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının aktı barədə məlumat mövcuddur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması; Cavabdeh2 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.2.4-cü maddəsinə əsasəm çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi məqsədilə üç idarəetmə üsulundan - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə birini seçməyə borcludur. 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4-cü maddəsinə əsasən çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. 141.5-ci maddəsinə əsasən bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. 141.6-cı maddəsinə əsasən çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur, ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qanunvericinin tələbindən göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi məqsədilə binanın sahə mülkiyyətçiləri üç idarəetmə formasından birini seçməyə borcludur və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Habelə Mənzil Məcəlləsində bələdiyyə tərəfindən binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həllinin şərtləri və qaydası öz əksini tapmışdır. Belə ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır. Mənzil Məcəlləsinin 141.4-141.6-cı maddələrindən də görünür ki, bələdiyyə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə vasitəçi rolunu oynayır. Bələdiyyə çoxmənzilli yaşayış binasının idarəetməsini həyata keçirən orqan deyildir. Məhkəmə hesab edir ki, qanunverici çoxmənzilli binanın idarəetməsini binanın sahə mülkiyyətçilərinin səlahiyyətlərinə aid etdiyi üçün İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyətinin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC-nin həmin binanın idarəetməsindən kənarlaşdırılaraq çıxarılması; Cavabdeh2 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” ilə bağlı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 MMC-nin ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMCyə həvalə edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tələbinin əsaslılığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı ünvan 2 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə kart sisteminin quraşdırılıbquraşdırılmaması, quraşdırılmışdırsa kimin tərəfindən quraşdırılması, həmin kart sisteminin vətəndaşın hüququnu pozub-pozmaması ilə bağlı heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin dövlət rüsumuna görə ödənilmiş 100 manat və hüquqi yardıma görə ödənilmiş 1000 manat pulun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia tələbi ilə bağlı çəkilmiş xərclər də iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılma və sair” tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılma və sair” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar