Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2359/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Arzu Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobilin qanunsuz sahibliyindən alınaraq geri verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "avtomobilin qanunsuz sahibliyindən alınaraq geri verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2017-ci il buraxılışı, ağ rəngli **-VZ-*** dövlət qeydiyyat nişanlı (Ban JTHBA1D25G5036849) “LEXUS Sİ200” minik markalı avtomobilin cavabdehlər Abdulbağızadə Nurlan Kamil oğlunun və Cavabdeh1 oğlunun qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Abdulbağızadə Nurlan Kamil oğlundan və Cavabdeh1 oğlundan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il buraxılışlı, ağ rəngli **-VZ-*** dövlət qeydiyyat nişanlı (Ban JTHBA1D25G5036849) “LEXUS Sİ200” minik markalı avtomobil onun mülkiyyətimdədir və mülkiyyətində olması barədə adına verilmiş xx.xx.2022-ci il tarixli “BB242216” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi vardır. xx.xx.2022-ci il tarixdə həmin avtomobilin sürülməsinə icazə verilməsinə dair cavabdeh Abdulbağızadə Nurlan Kamil oğluna etibarnamə verdi. Avtomobilin idarə edilməsi üçün vermiş olduğu etibarnamənin xx.xx.2023-cü il tarixdə isə vaxtı bitmişdir. Cavabdeh avtomobili ona qaytarmaqdan imtina etdiyindən və avtomobili gizlətdiyindən avtomobilin qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəldi. Eyni zamanda, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələbini, müvəqqəti təminat tədbirinin məqsədini nəzərə alaraq, ona məxsus 2017-ci il buraxılışı, ag rəngli **-VZ-*** dövlət qeydiyyat nişanlı (Ban JTHBA1D25G5036849) “LEXUS İS200” minik markalı avtomobilin cavabdehdən alınaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin cərimə meydançasına yerləşdirilməsi haqqında müvəqqəti təminat tədbiri tətbiq edilməsini barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-16(004)-80/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2(004)-2359/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ərizəçi İddiaçı adına qeydiyyata alınmış **-VZ-*** dövlət qeydiyyat nişanlı, “LEXUS İS200” minik markalı avtomobilin üzərinə həbs qoyulması və cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin müvəqqəti duracağına yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini məhkəməyə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onlara məlum olmuşdur ki, Cavabdeh2 avtomobili digər cavabdeh olan Cavabdeh1 məxsus Babək prospektində yerləşən “N1 cars” avtosalonunda gizlədilmişdir. Daha sonra iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə vermiş, onun ərizəsi təmin edilərək, Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Yalnız bundan sonra avtomobil cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin müvəqqəti duracağına (cərimə meydançasına) yerləşdirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BB seriyalı 242216 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı Lexus İS200 minik markalı Ban nömrəsi JTHBA1D25G5036849 olan ağ rəngli ** VZ *** dövlət qetdiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 363.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. 365.1.1-ci cü maddəsinə əsasən Etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2017-ci il buraxılışlı Lexus İS200 minik markalı Ban nömrəsi JTHBA1D25G5036849 olan ağ rəngli ** VZ *** dövlət qetdiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Avtomobillə bağlı verilmiş etibarnaməyə əsasında cavabdeh Abdulbağızadə Nurlan Kamil oğlunun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixlər arasında avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Etibarnamənin müddəti bitdikdən sonra iddiaçı avtomobilin geri qaytarılmasını tələb etsə də, Cavabdeh2 avtomobili qaytarmaqdan imtina etmiş və onu cavabdeh olan Cavabdeh1 məxsus Babək prospektində yerləşən “N1 cars” avtosalonunda gizlətmişdir. Hazırda avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin müvəqqəti duracağındadır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq ona verilməsinə nail olmağa çalır. İşin halları ilə müəyyən edilir ki, avtomobil iddiaçının mülkiyyətindədir, o, cavabdehə etibarnamə ilə avtomobili idarə etmək səlahiyyəti vermiş, lakin cavabdehlər tərəfindən etibarnamənin müddəti başa çatsa da, avtomobil geri qaytarılmamış və onu qanunsuz olaraq istifadə etməyə davam edilmiş, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı mülkiyyətində olan 2017-ci il buraxılışı, ağ rəngli, **-VZ-*** dövlət qeydiyyat nişanlı (Ban JTHBA1D25G5036849) “LEXUS Sİ200” minik markalı avtomobil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalı, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 241, 242, 244, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan 2017-ci il buraxılışı, ağ rəngli, **-VZ-*** dövlət qeydiyyat nişanlı (Ban JTHBA1D25G5036849) “LEXUS Sİ200” minik markalı avtomobil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2359/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-2359/2025
08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver