Məhkəmə qərarları › İş №e-2(004)-2415/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2415/2022

17.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2415/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 05.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 23700 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı ailəlidir, himayəsində azyaşlı uşağı var. Özü də Cəbrayıl rayonundan məcburi köçkün olmuşdur, Bakı şəhərində qalır. O, ailəsinə dəstək olmaq və bir qədər qazanc əldə etmək məqsədi ilə məişət əşyaların və digər malların satşını həyata keçirirdi. O, Cavabdeh ilə 2021-ci ilin dekabr ayında “Whatsapp” sosial şəbəkəsində bir qrupda tanış olmuşdur. Tanışlıq zamanı cavabdeh onun faizsiz olaraq məişət əşyalarının satışı ilə məşğul olduğunu bildiyindən onun etibarını qazanmış, ona daha yaxın münasibət göstərərək etimadını doğrultmaq üçün nisyə mallar almağa başlamışdır. İlk növbədə cavabdeh ondan “Lenovo” markalı kompüter istəmiş, o da öz növbəsində həmin kompüteri kreditə götürərək qazanc əldə etmək adı ilə cavabdehə kompüterin qiymətini 5100 manat olduğunu, ilkin ödəniş kimi 400 manat, hissə-hissə 10 ay ərzində hər ay 470 manat olmaqla ödəniş etməsini razılaşmış və həyat yoldaşı Novruzla kompüteri cavabdehin Yasamal rayonunda işlədiyi bağçaya göndərmişdir. Cavabdeh ilkin olaraq 400 manat ödəniş edərək komputeri iddiaçının həyat yoldaşı Novruzdan almışdır. Bundan sonra cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə hissə-hissə ödənişlə mallar almaq adı ilə yenə müraciət edərək malları almış, lakin hissə-hissə ödəniş etməyi öhdəliyi götürsə də, heç bir ödəniş etməmiş qaçıb gizlənmişdir. Bu minvalla, iddiaçı cavabdehə qısa zamanda “Samsung” markalı televizorun qiymətini 3500 manat olmaqla nisyə satmış, cavabdeh yenə həmin tarixdə qiyməti 2200 manat olan “HP” markalı kompüter, qiyməti 2500 manat olan paltaryuyan maşın, yenə qiyməti 2700 manat və 1100 manat olmaqla 2 ədəd kompüter, qiyməti 2000 manat olan televizoru iddiaçıdan nisyə almış, hissə-hissə ödəməyi öhdəsinə götürmüş, sonradan ümumi dəyəri 5000 manat olan qızıl-zinnət əşyalarını götürmüş, lakin bugünki günədək malların pullarını ödəməmişdir. Cavabeh bütün malları iddiaçı ilə “Whatsapp” platformasında yazışmalarında razılıq əldə edərək götürmüş, hissəhissə aylarla ödəniş etməyi öhdəsinə götürsə də, ödənişlər olunmamışdır. İddiaçı da öz növbəsində onlayn satışla malları realizə edərək əlavə qazancını artması üçün cavabdehin şirin sözlərinə, yalan vədinə inanmışdır. Lakin bir müddət keçmiş, cavabdeh iddiaçıya pul ödəməmişdir. Cavabdeh bir qadın kimi özünü iddiaçıya rəfiqə kimi təqdim edərək yaxın münasibətindən, səmimiyyətindən sui-istifadə edərək ona olan malların borcunu ödəməkdən qərəzli olaraq yayınır. Cavabdeh almış olduğu malların pulunu öz məqsədləri üçün xərcləmiş, dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlasa da, pulu ödəmək üçün maddi imkanın olmamasını bəhanə edərək qaytarmaqdan yayınmışdır. Bu aylar ərzində o, cavabdehin fırıldağının qurbanı olaraq onun qanuna zidd hərəkəti nəticəsində Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal RPİ-nin TŞ-nin 14 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilmısi haqqında qərarında cavabdeh iddiaçının şikayət ərizəsində göstərdiyi halları bütünlükdə təsdiq etmiş, nisyə aldığı malların pulunu qısa zamanda ödəməsini bildirsə də, bunu etməmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh belə yalan danışmaqla malları alıb öz məqsədləri üçün xərcləmiş, malların alğı-satqısı məqsədi ilə onun etibarından sui-istifadə edərək, onu aldadaraq pulunu mənimsəmişdir. Bununla da cavabdeh maddi imkansızlığını bəhanə edərək iddiaçının tək sadə adamları malların nisyə alğı-satqısı yolu və yüksək gəlir əldə etməsi adı ilə aldadaraq pulunu mənimsəməkdə davam edir. Suala cavab olaraq bildirir ki, tələb edilən məbləğlə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdehin izahatında etiraf etdiyi məbləğ arasında yaranmış fərqlə bağlı sübutu yoxdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin TŞ-nin 14.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, “Whatsapp” qruplarında bir neçə şəxsin statusunda məişət əşyalarının kreditlə və yalnız şəxsiyyət vəsiqəsi ilə satışını görmüşdür. Həmin nömrənin sahibi Vüsalə adlı xanım ilə əlaqə saxlamışdır. Vüsalə xanım müxtəlif məişət əşyaları və qızıl-zinət əşyalarının satışını zaminsiz, arayışsız olaraq həyata keçirdiyini bildirmişdir. O, məişət əşyaları almaq üçün Vüsalə adlı xanıma müraciət etmişdir. Səadət xanımın borcları olduğundan ona müraciət edərək kreditə məişət əşyaları götürüb nağd qiymətə satmağı, həmin əşyaların qiymətini isə hissə-hissə ödəməyi təklif etmişdir. O, Vüsalədən ilkin olaraq 5100 manatlıq “Lenovo” markalı markalı kompüter almışdır. Bundan sonra həmin üsul ilə ümumilikdə Vüsalə xanımdan təxmini 10000 manat dəyərində məişət əşyaları və 5 min manat dəyərində qızıl-zinət əşyaları götürülməsində vasitəçilik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, iddiaçının qardaşıdır. Firuzə xanımın götürdüyü mallar barədə bildirir ki, malları götürməyə Firuzə xanım özü gəlməmişdir. Ağ rəngə “Hyundai Sonata” markalı avtomobili idarə edən bir oğlan gəlmişdir. Həmin oğlan malları yoxlayıb götürmüşdür. “Samsung” markalı televizor götürmüşdür. İki ya da üç kompüteri özü şəxsən Xırdalan şəhərində vermişdir. Bütün malları Firuzə xanımın göndərdiyi həmin oğlan gəlib götürmüşdür. Suala cavab olaraq bildirir ki, onlar Sədərək Ticarət Mərkəzində qohumlarının mağazasında xırda əşyalar satırlar və bacısı onun vasitəsilə cavabdehi internetdən tanımışdır. Malları verərkən heç bir sənədə qol çəkdirməmişdir. Ona bacısı Firuzə xanımın adam göndərəcəyini və onun malları götürəcəyini bildirirdi. İşin halları odur ki, iddiaçı cavabdehə nisyə mal verdiyini və cavabdehin həmin malların dəyərini ödəmədiyini və hazırda 23700 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına və şahid ifadəsinə istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 23700 manat dəyərində borcu olduğunu sübut edə bilmir. Belə ki, iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarında cavabdeh izahatında iddiaçıdan 23700 deyil, 5100 manat, 10000 manat və 5000 manat, yəni cəmi 20100 manat dəyərində əşya götürdüyünü etiraf etmişdir. İddiaçının istinad etdiyi digər sübut isə qardaşının şahid ifadəsidir. Lakin şahid cavabdehə çatdırılması üçün onun göndərdiyi şəxsə malları təqdim etdiyini bildirsə də, konkret olaraq hansı miqdarda və dəyərdə malın cavabdehə verildiyini deyə bilmir. Məhkəmə qeyd edir ki, 14.02.2022-ci il tarixli qərardan müəyyən olunur ki, cavabdeh cəmi 20100 manat dəyərində əşyaları iddiaçıdan götürdüyünü etiraf etmişdir. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan nisyə mal götürdüyünü etiraf etmişdir, həmin malların dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 20100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin vəkilə çəkilən xərcin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdehdan 20100 (iyirmi min yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 151,5 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdan 20100 (iyirmi min yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehdan 151,5 (yüz əlli bir manat əlli qəpik) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar