Məhkəmə qərarları › İş №e-2(004)-2467/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2467/2023

01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2467/2023 01.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı Ağaəli oğlunun, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İddiaçı Ağaəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi dəyəri 24036 ABŞ dolları olan qızıl-zinyət əşyalarının, bu mümkün olmadıqda isə onun dəyəri qismində 40861 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağaəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi dəyəri 24036 ABŞ dolları olan qızıl-zinyət əşyalarının, bu mümkün olmadıqda isə onun dəyəri qismində 40861 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri qızıl-zinət əşyalarının satışını həyata keçirir. İddiaçı ilə yaxın münasibətdə olan mərhum Etibar Babayevin təklifi ilə mərhumla şərikliyi olan Cavabdeh2 Sayiq qızı iddiaçıdan fərqli vaxtlarda əvəzini ödəyəcəyi vədi ilə qızıl-zinət aşyaları almışdır. Belə ki, mərhum Etibar Babayev ilə şərikliyi olan Cavabdeh2 Sayiq qızı ilk dəfə 14.776 ABŞ dolları, 1 həftədən sonra isə 9.260 ABŞ dolları dəyərində cəmi 24.036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40.861 manat) dəyərində qızıl-zinət əşyalarını nisyə götürmüş, həmin borc məbləğinin bir hissəsini 15 iyul 2020-ci il tarixdə, yerdə qalan hissəsini isə 2020-ci ilin avqust ayının axırlarında ödəyəcəyinə dair vəd vermişdir. Qeyd edilməlidir ki, həmin qızıl-zinət əşyaları iddiaçının mərhum Etibar Babayevə olan etibarı səbəbindən Cavabdeh2 Sayiq qızına verilmişdir. Etibar Babayev pandemiya dövründə 2 iyul 2020-ci il tarixində COVİD-19 virusu səbəbindən vəfat etmişdir. İddiaçı həmin günü mərhum Etibar Babayevin yaxını Cavabdeh2 Sayiq qızına zəng edərək telefonla əlaqə yaratmış, sonuncu isə Etibar Babayevin ölümü ilə bağlı pul ödəməsində bir az gecikmə olacağını bildirmişdir. Növbəti görüşlərdə Cavabdeh2 Sayiq qızı götürdüyü qızılları Etibar Babayev sağ olarkən ona verdiyini bildirmişdir və belə olan təqdirdə isə borcu və ya qızılları qaytarmalı olan şəxslərin Etibar Babayevin həyat yoldaşı Cavabdeh1 olmasını bildirmişdir. Lakin, indiyə qədər qızıl-zinyət əşyaları və ya onun dəyəri iddiaçıya geri qaytarılmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı Ağaəli oğlu məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, X1 adına Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Səbail RPİ İstintaq Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə yekun (əvvəllər bir neçə dəfə qərar qəbul edilmiş, lakin şikayət nəticəsində həmin qərarlar prokuror nəzarəti qaydasında prokurorluq tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün istintaq orqanına göndərilmişdir) qərarının təsviriəsaslandırıcı hissəsində qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, izahatı alınmış Cavabdeh2 Sayiq qızı bildirmişdir ki, Etibar Babayevlə birlikdə gəlir əldə etmək məqsədilə qızıl alveri ilə məşğul olmuş və əldə etdikləri gəliri qoyduqları sərmayələrinə müvafiq olaraq bölmüşlər. 13 iyun 2020-ci il tarixdə və həmin tarixdən 3-4 gün sonra Mərkəzi Univermağa gedərək İddiaçı Ağaəli oğlundan təxminən 40.000 manat dəyərində qızıl-zinyət əşyaları almış və həmin günü sözügedən əşyaları Etibar Babayevə vermişdir. Etibar Babayev həmin qızıl-zinyət əşyalarını ayrı-ayrı şəxslərə nisyə alqı-satqı formasında satmış, lakin, satdığı şəxslərdən pulu almadığına görə Cavabdeh2 Sayiq qızı gəlir əldə etməmişdir. Cavabdeh2 Sayiq qızının nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclasında, özü isə məhkəmə baxış iclasında verdiyi izahatlar zamanı da yuxarıda qeyd olunan məzmunu təsdiq etmişlər. İş materiallarına mübahisə predmeti olan qızıl-zinyət əşyalarının sayı, növləri və digər xüsusiyyətləri barədə siyahı əlavə edilmişdir. Sözügedən əşyaların siyahısı işə əlavə edilmiş Səbail RPİ üzrə araşdırması aparılmış müvafiq istintaq materiallarında da mövcuddur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 Sayiq qızı və Etibar Babayev ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə məşğul olması prezumpsiyası əsas götürülməklə, predmet nöqteyi-nəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibəti olması halı mövcud olsa da, subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir, bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Cavabdeh2 Sayiq qızının məhkəmə iclasında bildirdikləri əsas götürülməklə, sonuncunun mərhum X3 ilə birlikdə gəlir əldə etmək məqsədilə qızıl alveri ilə məşğul olması, əldə etdikləri gəliri qoyduqları sərmayələrinə müvafiq olaraq bölmələri, Cavabdeh2 Sayiq qızının 13 iyun 2020-ci il tarixdə və həmin tarixdən 3-4 gün sonra Mərkəzi Univermağa gedərək İddiaçı Ağaəli oğlundan təxminən 40.861 manat dəyərində qızıl-zinyət əşyaları alması mülki işin mübahisəsiz halıdır. Mübahisə üzrə münasibətları ayırmaq zəruri vardır. Hüquq münasibətləri aşağıdakı kimidir:

1. Cavabdeh2 ilə mərhum X1 ortaqlıq (biznes) münasibətləri.

2. Cavabdeh2 ilə İddiaçı Ağaəli oğlu arasında mübahisə predmeti olan qızıl-zinyət əşyalarının alqı-satqısına dair öhdəlik münasibətləri (nisyə alqı-satqı).

3. Cavabdeh2 İddiaçı Ağaəli oğlundan əldə etdiyi qızıl-zinyət əşyalarını deməsinə görə mərhum X2 təhvil verməsi ilə bağlı münasibətlər. Məhkəmə qeyd edir ki, ilk 2 (iki) münasibət üzrə hüquqi baxımdan hər hansı problem olmasa da (varsa da, hazırki mübahisənin taleyini həll etmir) 3-cü münasibət üzrə Cavabdeh2 İddiaçı Ağaəli oğlundan əldə etdiyi qızıl-zinyət əşyalarını deməsinə görə mərhum X2 təhvil verməsinə dair sübutetmə fəaliyyətini həyata keçirə bilməmişdir. Belə ki, mülki icraatda “formal həqiqət” prinsipinin rəhbər tutulması xüsusatı nəzərə alınmaqla Cavabdeh2 mübahisə predmeti olan qızıl-zinyət əşyalarını İddiaçı Ağaəli oğlundan aldığını etiraf etsə də (mülki işin mübahisəsiz halıdır), həmin əşyaları mərhum Etibar Babayevə təhvil verməsinə dair əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə nəzəri cəhətdən onu da qeyd edir ki, fərz etsək ki, Cavabdeh2 müstəqil subyekt kimi deyil, X1 nümayəndəsi (təmsilçi) kimi İddiaçı Ağaəli oğlu ilə E.K.Babayevin adından öhdəlik münasibətlərinə daxil olmuşdur, bu halda da, Cavabdeh2 qızıl-zinyət əşyalarını təmsil etdiyi şəxs E.K.Babayevə təhvil verməsinə dair əsaslı sübutlar təqdim edə bilməməsi xüsusatı nəzərə alınmaqla, deməli Cavabdeh2 müvafiq məbləğdə qızılzinyət əşyalarını əldə edərək (E.Babayevə təhvil verməsi sübuta yetirilmir, mülahizələrə əsaslanır) əsassız olaraq varlanmışdır. Yəni, nəticədə, tələb üzrə yenə də Cavabdeh2 məsuliyyət daşıyır. Həmçinin, iddiaçı tərəf də iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissədə əsaslılığına dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Təqdim etdiyi sübutlar isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mötəbər hesab edilməməklə mübahisənin taleyini birbaşa həll edə biləcək əhəmiyyətdə deyildirlər. Bu səbəbdən, digər cavabdehlər olan mərhum X1 vərəsələrinin (oğlu və arvadı) iddia tələbi üzrə məsuliyyət daşıması istisna edilir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə Cavabdeh1 mərhum X1 vərəsəliyini qəbul etməsi xüsusatı təsdiqini tapmır. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki proses iştirakçıları (İddiaçı və Cavabdeh1) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin sübut (cavabdehə münasibətdə isə təkzib) edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməklə mülki işin mübahisəsiz hallarından yola çıxaraq mübahisəni həll etməsi qanuni və əsaslıdır. Məhkəmə hazırki mübahisəni başqa formada həll etməyə dair sübutlar müəyyən etməmiş, bu barədə maddi hüquq normalarına istinad edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci qismində 213 (iki yüz on üç) manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh2 24036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40861 manat) pul və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumu tutularaq İddiaçı Ağaəli oğlunun xeyrinə ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Ağaəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi dəyəri 24036 ABŞ dolları olan qızıl-zinyət əşyalarının, bu mümkün olmadıqda isə onun dəyəri qismində 40861 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə iddiası qismən təmin edilsin. Cavabdeh2 24036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40861 manat) pul və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumu tutularaq İddiaçı Ağaəli oğlunun xeyrinə ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar