Məhkəmə qərarları › İş №e-2(004)-2500/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2500/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2500/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2405 manat məbləğində sığorta ödənişi, 44,05 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1-1096.2, 1097.1-ci maddələrini, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25 və 63-cü maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, “Ford Fusion” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 19:20 radələrində Qələbə dairəsində Cavabdeh tərəfindən idarə edilərkən “Kia Rio” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a (Forma 4) əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli hadisə zamanı “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən onun barəsində İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2405 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S- 23/0784 saylı “Geriyə tələb (subroqasiya)” məktubu ilə Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 2405 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən PBA********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsi ilə “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a (Forma 4) əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli hadisə zamanı “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən Cavabdeh barəsində İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. “Kia Motors” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Rio” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2405 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2405 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış “Kia Rio” markalı **-LM-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin mülkiyyətçisinə ümumilikdə 2405 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda iddia tələbi əsaslı olduğundan məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 44,05 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2405 (iki min dörd yüz beş) manat məbləğində sığorta ödənişi, 44,05 (qırx dörd manat beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar