Məhkəmə qərarları › İş №e-2(004)-2552/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2552/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2552/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh MTK-ya qarşı müvafiq sənədlərin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh MTK-ya qarşı müvafiq sənədlərin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 105 kv.m.olan 2 otaqlı 88 saylı mənzil və həmin binanın həmin mərtəbəsində sahəsi 145 kv.m. olan 3 otaqlı 89 saylı mənzillərə dair öz adına çıxarışların alınması üçün müvafiq sənədlərin (maliyyə arayışları və MTK üzvlərinin ümumi yığıncağının qərarının) verilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2013-cü il tarixdə 2 müqavilə bağlanmış, həmin müqavilələrdən birinə görə MTK ona Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 105 kv.m.olan 2 otaqlı 88 saylı mənzili, digər müqaviləyə görə isə həmin binanın həmin mərtəbəsində sahəsi 145 kv.m. olan 3 otaqlı 89 saylı mənzili satmış, o, müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzillərin dəyərini MTK-ya tam ödəmiş və buna dair ona müvafiq kassa mədaxil orderiqəbzi verilmişdir. MTK da müqavilələrə əsasən üzərinə düşən öhdəliyi qismən icra edərək, mənzilləri tikib hazır etmiş və faktiki ona təhvil vermişdir. Mənzillər faktiki olaraq onun sahibliyində və istifadəsindədir, bununla bağlı MTK ilə aralarında hər hansı problem yoxdur. MTK-dakı qaydaya görə mənzilləri təhvil verən zaman mənzillərə dair çıxarış alınması üçün həm də müvafiq maliyyə arayışları verilməli idi. Bununla bağlı MTK-ya müraciət etsə də, MTK rəhbərlik dəyişdiyi üçün həmin maliyyə arayışlarını verə bilməyəcəyini, buna görə məhkəməyə müraciət etməyini, yalnız məhkəmə qərarı əsasında həmin maliyyə arayışlarını verə biləcəklərini söyləmişlər. Göründüyü kimi onun tərəfindən mənzillərin dəyəri tam ödənilməklə, həmin mənzillərlə bağlı mülkiyyət hüquqlarının əsasını təşkil edən əmlak: sahiblik və istifadə etmək hüququ yaranmışdır. Mənzillərinə dair adına müvafiq çıxarışların alınması üçün tələb olunan sənədlər MTK tərəfindən ona verilməlidir ki, MTK da rəhbərliyin dəyişməsini əsas gətirərək bunların verilməsindən imtina edir. Buna görə də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh MTK-dan iki mənzil almış və onların dəyərini tam ödəmişdir. Lakin çıxarış almaq üçün müvafiq sənədləri cavabdeh tərəfindən ala bilmir. Cavabdeh MTK xüsusi səbəb olmadan onları verməkdən imtina edir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmiş və əlavə olaraq eyd etmişdir ki, MTK-nın sədri dəyişdiyindən onlar hamıya məhkəməyə müraciət etməyi tövsiyyə edirlər, çünki mənzillərin dəyəri ödənilsə də və bu barədə qəbz olsa da, maliyyə arayışı olmadığı üçün onlar müvafiq sənədləri təqdim edə bilmirlər. Lakin iddia tələbinin təmin olunmasına etiraz etmir, hər iki mənzil iddiaçıya məxsusdur və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X2 ilə Cavabdeh MTK arasında 01 saylı, 04 yanvar 2013-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən payçı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 145 kv.m. olan 3 otaqlı 89 saylı mənzilin dəyərini tam ödəmişdir. Eyni zamanda X2 ilə Cavabdeh MTK arasında 02 saylı, 04 yanvar 2013-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən payçı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 105 kv.m. olan 2 otaqlı 88 saylı mənzilin dəyərini tam ödəmişdir. Bu barədə Cavabdeh MTK tərəfindən xx.xx.2013-cü il tarixli kassa mədaxil orderlərinin qəbzləri verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya mənzillərə dair maliyyə arayışı və digər sənədlər təqdim edilmədiyindən, iddiaçı mənzillərə dair dövlət reyestrindən çıxarışları ala bilmir. Bununla da, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmuş, iddiaçıya lazım olan sənədləri təhvil verməmişdir. İddiaçı X2 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 145 kv.m. olan 3 otaqlı 89 saylı və sahəsi 105 kv.m. olan 2 otaqlı 88 saylı mənzilləri Cavabdeh MTK-dan almış, həmin mənzillər MTK tərəfindən ona təhvil verilmiş və iddiaçı halhazırda da həmin mənzillərdə yaşayır. Cavabdeh iddia tələbini etiraf etmiş və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 105 kv.m. olan 2 otaqlı 88 saylı mənzil və həmin binanın həmin mərtəbəsində sahəsi 145 kv.m. olan 3 otaqlı 89 saylı mənzillərə dair iddiaçının adına çıxarışların alınması üçün müvafiq sənədlərin (maliyyə arayışları və MTK üzvlərinin ümumi yığıncağının qərarının) verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 10-cu mərtəbədə yerləşən sahəsi 105 kv.m. olan 2 otaqlı 88 saylı mənzil və həmin binanın həmin mərtəbəsində sahəsi 145 kv.m. olan 3 otaqlı 89 saylı mənzillərə dair öz adına çıxarışların alınması üçün müvafiq sənədlərin (maliyyə arayışları və MTK üzvlərinin ümumi yığıncağının qərarının) verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar