Məhkəmə qərarları › İş №e-2(004)-2564/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2564/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2564/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat əsas borcun, 1.000 manat əldən çıxmış faydanın, 2.000 manat mənəvi zərərin, 1.000 manat məhkəmə işlərinin aparılması xərclərinin və ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, tərəflər - İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - xx.xx.2004-ci il tarixdə AZ 1200, Beyləqan rayonu Beyləqan şəhəri hüquqi ünvan üzrə uçota alınmışdır (VÖEN **********). Cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - xx.xx.2016-cı il tarixdə AZ 1006, ünvan 2 ünvan üzrə uçota alınmışdır (VÖEN **********). İddiaçı iddia ərizəsində qeyd edir ki, tərəflər arasındakı mübahisə cavabdehin inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən qaz cihazlarının quraşdırılması, binanın qazlaşdırılması ilə bağlı yaranmış borcla bağlıdır. Göründüyü kimi, yaranmış mübahisə iddiaçı və cavabdeh olan - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, cavabdehin hüquqi ünvanına görə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli 4130 nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 147 (yüz qırx yeddi) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar