Məhkəmə qərarları › İş №e-2(004)-257/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-257/2023

25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-257/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək buraxılış ili 2011-ci il olan, ağ mirvari rəngli, Ford Edge markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun cavabdehlə aralarında paylarına mütənsaib surətdə bölüşdürülməsi, habelə məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə edilmiş buraxılış ili 2011-ci il olan, ağ mirvari rəngli, Ford Edge minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ½ hissədə İddiaçı payı müəyyən edilmişdir. Həmin avtomobil paylı mülkiyyətdədir. Cavabdeh həmin avtomobildən özü istifadə edir, bu isə iddiaçıya həmin avtomobildən payı üzrə istifadə etməyə imkan vermir və çətinlik yaradır. Həmçinin gələcəkdə avtomobil üzərində sərəncam vermək və sair hallarla bağlı çətinliklər yaranacağı indidən bəllidir. Çünki cavabdehdlə aralarında nikah münasibətlərinə çoxdan xitam verilmiş və münasibətləri gərgindir. Həmin avtomobilə olan öz payını üçüncü şəxsə satmaq niyyətində olması barədə iddiaçı tərəfindən cavabdehə yazılı bildiriş də göndərilmişdir. Cavabdehin satın almaqda üstünlük hüququnun olduğunu nəzərə alaraq, avtomobilin dəyərinin və iddiaçıya düşən payın hazırki bazar qiymətlərinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə müəyyənləşdirilməklə həmin pay ilk olaraq cavabdehə təklif edilmişdir. Bildirişdə ona düşən payın avtomobilin hazırki bazar qiymətlərinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı niyyətini göstərməsinə baxmayaraq, cavabdeh avtomobilin ½ hisəssini neçəyə satmaq niyyətində olduğunu bildirməyini tələb etmiş və məbləğ müəyyənləşdirildikdən sonra təklifin dəyərləndiriləcəyini bildirmişdir. Bundan sonra cavabdehlə bir neçə dəfə telefon əlaqəsi yaradılaraq avtomobilin iddiaçıya düşən hissəsinin qarşılıqlı razılıq yolu müyyənləşdirilməsinə cəhd göstərilmişdir. Lakin dəfələrlə onunla razılıq əldə etməsə çalışsa da, bu mümkün olmamışdır. Əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadəni və ona gələcəkdə mümkün sərəncam imkanlarını çətinləşdirir. Halhazırda həmin avtomobilin iddiaçı olaraq ona məxsus payın əvəzinə 13000 manat pul kompensasiyasını cavabdeh tərəfindən ona ödənilməsini, ödənilmədiklə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə nail olmaq istəyir. Belə ki, həmin avtomobilin bazarda satış qiyməti 26000 manatdan yuxarıdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki,buraxılış ili 2011-ci il olan, ağ mirvari rəngli, Ford Edge marakalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ½ hissəsi onun, ½ hissəsi İddiaçı paylı mülkiyyətindədir. Lakin həmin avtomobili onlar birgə nikah müddətində kredit pul vəsaiti əldə edərək satın almışdılar. O, İddiaçı faktiki olaraq ayrıldıqdan sonra ödənilməmiş 28 ay kredit öhdəlikləri qalmışdır. Təbii ki, kredit öhdəliklərini tam ödədikdən sonra həmin ödənişlərin (faktiki ayrıldıqdan sonrakı dövr nəzərdə tutulur) yarısının İddiaçı aid edilməsi və faktiki ayrıldıqdan sonrakı dövr üçün ödədiyi pul vəsaitini iddiaçıdan tələb edəcək. Paylı mülkiyyətlərində olan əmlakın naturada bölünməsi mümkün deyildir. İddia tələbinə mahiyyəti üzrə baxılarkən avtomobilin ekspert rəyi əsasında qiymətləndirilməsi zəruridir. Bundan əlavə, iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, hal-hazıradək iddiaçı tərəfindən mübahisə predmeti olan avtomobilin real, o cümlədən ədalətli və ağlabatan qiyməti ona təklif edilməmişdir. O, mübahisə predmeti olan avtomobilin hazıki bazar qiyməti ilə müəyyənləşdirildikdən sonra (ekspert rəyi əsasında) paylı mülkiyyətçi olaraq, satın almaqda üstünlük hüququndan istifadə etmək istəyir. Xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mübahisə predmeti olan avtomobilin gözlə görünməyən ciddi qüsurları nəzərə çarpmır. Etiraza əlavə etdiyi foto şəkillərdən də göründüyü kimi, iddiaçı ilə o avtomobili əldə edən zaman, avtomobil ciddi qüsurlara malik idi və kosmetik boyalarla həmin qüsurlar gizlədilmişdi. Lakin, iddiaçı ilə o birgə nikah müddətində dəfələrlə həmin avtomobili maşın bazarına satmaq məqsədilə çıxarsalar da, məhz həmin qüsurlara görə avtomobil onların nəzərdə tutduqları qitmətə satılmamışdı. Hazırda həmin qüsurlar tamamilə yox vəziyyətində deyil, sadəcə ilk baxışda nəzərə çarpmır. Mütəxəssislər tərəfindən avtomobilə baxış keçirilərsə ciddi qüsurlar danılmazdır. Göstərilənləri nəzərə alaraq, mübahisə predmeti olan avtonəqliyyat vasitəsinin ekspert rəyi əsasında qiymətləndirilməsinə dair qərardad qəbul edilməsini, ekspert rəyi əsasında qiymətləndirildikdən sonra onun həmin əmlakın satın almaqda üstünlük hüququnun olması məsələsinin dəyərləndirilməsini və iddiaçının əmlakın yarı dəyərinin ondan tələb etmək hüququndan faydalanmasının iddiaçının diqqətinə çatdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Yevlax Rayon Məhkəməsinin 2(039)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər X4, X2, X3 və Cavabdeh «Siemens» markalı mikrodalğalı soba - 480 manat; «Siemens» markalı qabyuyan maşın - 1000 manat; elektrikli çay termosu - 200 manat; «Samsung» markalı qaz - 350 manat; «Bosch» markalı aspirator - 350 manat; elektrik ət çəkən maşını - 200 manat; sok (şirə çəkən) maşını - 180 manat; soğan çəkən aparatı - 100 manat; toster - 50 manat; limon sıxan aparatı - 30 manat; qranit qazan dəsti - 250 manat; tunc qazan dəsti - 90 manat; sanavar matiral qazan dəsti - 150 manat; tunc ləyən dəsti - 80 manat; aşsüzən 2 ədəd - 30 manat; dördayaq - 15 manat; oxlava - 5 manat; mərdanə - 12 manat; ət taxtası - 8 manat; soğan taxtası - 5 manat; bıçaq dəsti - 60 manat; çörək qabı - 30 manat; ədviyyat qabı dəst - 45 manat; zibil qabı - 20 manat; şüşə tort qabı - 30 manat; xrustal meyvə qabı vazı 2 ədəd - 120 manat; qənd qabları 2 ədəd - 40 manat; şirniyyat keks qəlibi - 20 manat; abedni servis 2 dəst - 240 manat; çayni servis - 100 manat; 6 ədəd bakal çeşidi - 120 manat; çay dəsmalı 6 ədəd - 150 manat; önlük və əlcəyi - 20 manat; paltar şipilkası nabor - 8 manat; iynə sap dəsti nabor - 5 manat; sürtgəç (tyorka) - 7 manat; çay qaşığı dəst - 30 manat; yemək qaşığı dəst - 30 manat; çəngəl dəst - 30 manat; kəfgir - 7 manat; qozsındıran - 10 manat; banka qapağı açan - 5 manat; sarımsaq əzən - 5 manat; narsıxan - 15 manat; qazan tutacağı - 4 manat; padinos 3 dəst - 30 manat; pol silən dəsti - 18 manat; tərəvəz səbəti - 35 manat; mikser - 60 manat; qaşıq çəngəl bıçaq dəst sandığı - 200 manat; qrafinka 3 ədəd - 45 manat; stəkan dəsti xrustal armudu - 200 manat; nəlbəki dəsti - 80 manat; qonaq servisi abedni - 600 manat; kamport qrafinka 2 dəst - 100 manat; xrustal komplekt dəst, meyvə qabı, gül qabı, konfet qabı, birgə dəst və şamdanı - 650 manat; mirvarili suveniri 2 meyvə qabı - 200 manat; mirvarili böyük lökkəli meyvə qabı - 150 manat; pizza aparatı qazanı - 200 manat; 2 böyük xalça - 600 manat; 3 xırda xalça - 480 manat; 6 pərdə - 1800 manat; divan dəsti - 2500 manat; televizor altı - 900 manat; televizor - 1000 manat; «Viva» markalı güzgülü komont və qorka dəst - 2800 manat; «Viva» markalı stol və stul dəsti - 2000 manat; 2 lüstur (qonaq otağı) - 960 manat; 1 lüstur (yataq otağı) - 300 manat; «Viva» markalı yataq çarpayı, aynalı termo, 2 dumbuşka, 1 sandıq (yatağın), 1puf və 1 böyük şfaner dəsti - 4500 manat; 2 naçnik - 50 manat; 1 dəst pokraval - 200 manat; dəvə yunundan döşək və yorğan - 300 manat; 1 dəst sırıqlı çuxol dəst - 180 manat; 6 ədəd yastıq, 3 ədəd yorğan (1 dvaynoy, 2 tək), dəst döşək, 1 dvaynoy sinfon yorğan, 1 dvaynoy yun adyal 460 manat; «Viva» markalı 1 ədəd kravat, 1 şfanel - 1200 manat; «Dsland» markalı kalyaska - 350 manat; manej - 50 manat; ana qucağı aparatı - 180 manat; «Dsland» markalı uşaq yemək stolu və uşaq geyimləri – 200 manat, əşyalar mövcud olmadıqda isə onların dəyəri və ödənilmiş 226 manat dövlət rüsumunun İddiaçı verilməsi, tərəflərin birgə nikah dövründə əldə edilmiş buraxılış ili 2011-ci il olan, ağ mirvari rəngli, Ford Edge minik markalı, avtonəqliyyat vasitəsinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 1850 manat dəyərində, 6.7 qram çəkidə, 750 əyarlı, 6 ədəd brilyant qaşlarla bəzədilmiş 18 karat, İtaliya istehsalı olan kişi üçün nişan üzüyü, dövlət rüsumu hesabına ödədiyi 64 manat pulun və məhkəmə məsrəfləri olan əmlakn qiymətləndirilməsi üçün ödədiyi 50 manat pul vəsaitinin alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hisədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 15 iyul 2021-ci il tarixli, 016-8/718-1221 saylı məktubundan görünür ki, DİN-nin BDYP-nin Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasına görə, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2019-cu il tarixdən “Ford Edge” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Yevlax Rayon Məhkəməsinin 2(039)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyini nəzərə alaraq avtomobilə olan payını üçüncü şəxsə satmaq niyyətindədir. Cavabdehin satın almaqda üstünlük hüququnun olduğunu nəzərə alaraq, həmin payı ilk olaraq ona təklif edir. Avtomobilin dəyərinin və ona düşən payın hazırki bazar qiymətlərinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə müəyyənləşdirilməsini təklif edir. Əks halda, yəni həmin payı 15 gün müddətində əldə etməyəcəyi təqdirdə, hüquqlarından istifadə etməklə avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, cavabdeh iddiaçıdan avtomobilin ½ hissəsini neçəyə satmaq niyyətində olduğunu ona bildirməsini xahiş edərək, məbləği bildirdikdən sonra iddiaçının təklifini dəyərləndirəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli, 9/8612 nömrəli ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışlı, ağ mirvari rəngli, parça oturacaqlı, 211601 k/m yürüşlü, mühərrik tutumu 200 kub/sm, “Ford Edge” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 16000 (on altı min) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. İddiaçı cavabdehə avtomobilin dəyərini hazırki bazar qiymətlərinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə müəyyənləşdirməklə, ona məxsus ½ hissəsini satın almasını təklif etsə də, cavabdeh iddiaçının mülkiyyət hüququndakı payını almağa dair razılığını bildirməmişdir. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, “Ford Edge” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlikdə məhkəmə hesab edir ki, iddia təmin edilməli, buraxılış ili 2011-ci il olan, ağ mirvari rəngli, “Ford Edge” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 16000 (on altı min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, avtomobilin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Buraxılış ili 2011-ci il olan, ağ mirvari rəngli, “Ford Edge” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 16000 (on altı min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Avtomobilin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar