Məhkəmə qərarları › İş №e-2(004)-2755/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2755/2024

01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2755/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə etmə hüququna yönəlmiş maneələrin aradan qaldırılması və əmlakdan sərbəst istifadənin məhdudlaşdırılmasının qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə etmə hüququna yönəlmiş maneələrin aradan qaldırılması və əmlakdan sərbəst istifadənin məhdudlaşdırılmasının qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə etmə hüququna yönəlmiş maneələrin aradan qaldırılması və əmlakdan sərbəst istifadənin məhdudlaşdırılmasının qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 324,80 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat cəmi 424.80 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 13 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən, mənzil almış, şəxsi vəsaiti ilə dəyərini tam ödəmiş və cavabdehə heç bir borcu qalmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixində özəlləşdirərək ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim olunan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışını əldə etmişdir. Hazırda həmin mənzil mülkiyyətindədir. Binanın tikinti layihəsi üzrə bir neçə mənzilin qarşısında qeyri-yaşayış sahəsi (eyvan) mövcuddur. O cümlədən iddiaçının mənzilinin qarşısında da müvafiq qeyri-yaşayış sahəsi (eyvan) mövcuddur. İddiaçıdan başqa bütün qonşuları mənzillərinin qarşısındakı qeyri-yaşayış sahəsindən (eyvan) sərbəst istifadə edə bilməkdədir. İddiaçı tərəfindən daim qeyri-yaşayış sahəsində (eyvan) təmizlik və yaxşılaşdırma işləri görülməkdədir. Buna baxmayaraq cavabdeh tərəfindən hər dəfə müxtəlif bəhanələrlə qeyri-yaşayış sahəsindən (eyvan) istifadəyə manelərə yaradılır və bunun nəticəsində iddiaçı qeyri-yaşayış sahəsinə (eyvana) dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Halbuki həmin qeyri-yaşayış sahəsi (eyvan) iddiaçının mənzilinin qarşısında yerləşdiyi üçün onun faktiki sahibliyindədir. Hesab edir ki, qeyriyaşayış sahəsinə (eyvan) sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan eyvan sahəsi onun mənzilinin qarşısında yerləşir. Binanın lahiyəsinə əsasən 1-ci mərtəbədə yerləşən bir çox mənzillərin qarşısında çıxıntı olduğundan həmin sahədən istifadə imkanı yalnız 1-ci mərtəbədə yerləşən və eyvan sahəsinə çıxışı olan mənzillərin sahibləri üçün mümkündür. Binanın digər mənzillərinin sahibi sərbəst şəkildə həmin sahələrdən təmir edərək istifadə etdikləri halda, MMC ona bu imkanı yaratmır. Bildirdi ki, həmin sahə onun mənzilinin sərhədləri çərçivəsində, mənzilin önündə yerləşməklə, təmirsiz bir sahədir. Onun mənzilinin eyvan qapıları və pəncərələri bir başa həmin qeyri-yaşayış sahəsinə baxdığından, oranın təmirsiz olması isdər görünüşcə, isdərsə də, təhlükəsizlik baxımından eləcə də, təmizlik, toz-torpaq olduğundan bu birbaşa onun maraqlarına toxunur. Öz hesabına həmin sahəni təmir edərək, orada təmizlik işləri aparmış, yerə metlax vurmuş, nəticədə həmin sahə MMC-nin balansında olmadığından və binanın ümumi istifadədə olan sahəsinə aid edildiyindən oradan istifadə etmək istəsə də, MMC buna maneə yaradaraq, onun tərəfindən təmir edilmiş hissələri eləcə də, yerə vurulmuş metlaxları sökmüşdur. Halbu ki, digər sakinlərdə öz mənzilləri önündə yerləşən sahələri təmir edərək orada səliqəli şərait yaratmış və istifadə edirlər. Belə olan halda MMC-nin məhz ona qarşı olan qərəzli münasibəti anlaşılan deyil. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, həmin gün öncədən Sumqayıt İnzibati Məhkəməsində təyin olunmuş məhkəmə iclasında iştirak etməli olduğunu bildirmiş və bunu nəzərə almağı xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, MMC-nin həmin sahə ilə bağlı heç bir iddiası və heç bir marağı yoxdur. Çünki bina 2017-ci ildə tikilib 2019-cu ildə təhvil verilibdir. Sakinlərdə köçüb hal-hazırda həmin binada yaşayırlar. İddiaçının dediyi isə tam tərsinədir. MMC bildirir ki, qeyri-yaşayış sahəsində hər hansı bir işlərin görülməsi qeyri-mümkündür. Çünki bina layihəyə uyğun tikilibdir. Orada əlavə hər hansı işlərin görülməsi mümkünsüzdür. Bundan başqa iddiaçı iddia etdiyi tulantıların onun evinin qabağına tökülməsini bildirdi ki, onları özləri ediblər. Hazırda iddianın təmin edilib-edilməməsi əslində MMC-nin marağında deyil. Düzdür həmin sahə iddiaçının mənzilin qarşısında olmaqla sakinlərin ümumi istifadəsində olan ərazidir. Lakin qanunla ümumi istifadədə olsada istifadə edilə bilinməyən sahələrdə vardır. Hesab edir ki, iddia təmin olunarsa bu pis tendensiya yarada bilər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ona verilən suallara cavab olaraq, digər sakinlərə mənzillərinin qarşısındaki sahədən təmir edilərək istifadə edilməsinə hansı şəkildə icazə verilib-verilməməsindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materillarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şirkət Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli müqavilədən görünür ki, şirkət ünvan 1 ünvanında (yeni qaydalarla A.M.Şərifzadə küçəsi 558, 560, 562, 564) 14 mərtəbəli yaşayış binası inşa edəcək. Şirkət həmin binada yerləşən blok 1, 3-cü mərtəbə, 3 otaqlı, 130 kv m sahəsi olan 7 saylı mənzili investora verməyi, investor isə həmin mənzili qəbul etməyi öhdəəsinə götürmüşdür. Mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 7saylı mənzil xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmaqla İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan qəbzdən görünür ki, 324,80 manat məbləğində pul vəsaiti www.pulpal.az hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 38-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 7saylı mənzil xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmaqla İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, binanın bir neçə mənzilinin qarşısında qeyri-yaşayış sahəsi (boş sahə) mövcuddur. O cümlədən iddiaçının mənzilinin qarşısında da müvafiq qeyri-yaşayış sahəsi (eyvan) mövcuddur. Məhkəmə qeyd edir ki, göründüyü kimi həmin eyvanın bir hissəsi də, məhz iddiaçının mənzilinin sərhədlərində yerləşir və eyni zamanda digər şəxslərin (qonşuların) giriş-çıxışı yoxdur. Qeyd edilən sahə iddiaçının mənzilinin qarşısında yerləşdiyindən onun həmin sahədə abadlaşdırma, təmizlik işləri aparmaq istəyir. Məhkəmə xatırladır ki, çoxmənzilli binalarda ümumi istifadədə olan sahələr MMC-nin balansında olan sahə deyildir. Hazırkı halda mübahisə predmeti olan ümumi istifadədəki qeyri-yaşayış sahəsi iddiaçının mənzilinin qarşısında, onun sərhədləri çərçivəsində yerləşdiyindən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) İddiaçı istifadə edilməsinə Cavabdeh MMC tərəfindən maneələrin törədilməsi qadağan edilməlidir. Məhkəmə iddia tələbinin əmlakdan sərbəst istifadənin məhdudlaşdırılmasının qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qeyd edir ki, şəxsin Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, giriş 558, M3 ünvanında yerləşən 7 saylı mənzilə mülkiyyət hüququ tanınmışdır. Hazırkı halda işin halları ilə həmin əmlakdan istifadənin cavabdeh tərəfindən hər hansı bir üsulla məhdudlaşdırılması müəyyən edilmir. Belə olan halda iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 324,80 manatın cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, vəkilin xidmətindən istifadə iddiaçının hüququdur. Belə ki, mülki prosessual qanunvericilikdə vəkilin iştirakının məcburi halları müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin hallara aid deyildir. Belə olan halda məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, 50 manatı isə İddiaçı özünə aid edilməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanın qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) İddiaçı tərəfindən istifadə edilməsinə, Cavabdeh MMC tərəfindən maneələrin törədilməsi qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin, 50 manatı isə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar