Məhkəmə qərarları › İş №e-2(004)-278/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-278/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-278/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə pul” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5657,66 manat və dövlət rüsumunun əvəzi olan 76,57 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 avqust 2012-ci il tarixdə Cavabdeh özünə məxsus olan və idarə etdiyi “HYUNDAİ İX-35” markalı **-HO-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış, hadisə zamanı Nəsirov Vəli İmamverdi oğlu tərəfindən idarə edilən "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir və onun barəsində həmin vaxt qüvvədə olan AR İXM-nin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 6157,66 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən 500 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 5657,66 manat məbləğində sığorta ödənişi ASC tərəfindən həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, MİB-HO-0254/12 saylı “avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”dən müəyyən olunur ki, "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 500 manat azadolma məbləği müəyyən edilməklə “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2012-ci il tarixli zərərin hesablanması aktına əsasən, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, **- CH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 6157,66 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli sığorta aktı və xx.xx.2012-ci il tarixli, 779 saylı kassa məxaric orderinə əsasən, 500 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 5657,66 manat məbləğində sığorta ödənişi dəymiş ziyanın ödənilməsi üçün ASC tərəfindən həyata keçirilmişdir. AR DİN BDYPİ-nin xx.xx.2012-ci il tarixli, AYP 012687 saylı protokolunun surətindən müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir və onun barəsində o vaxt qüvvədə olan AR İXM-nin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, BS-S-22/4470 saylı geriyə tələb məktubunun surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən 5657,66 manat məbləğində pulun 5 gün müddətində ödənilməsi barədə cavabdehə rəsmi məktub göndərilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi xx.xx.2012-ci il tarixdə baş vermiş, xx.xx.2012-ci il tarixdə DİN BDYPİ tərəfindən protokol tərtib olunmuş, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən zərər aktı tərtib olunmuş, xx.xx.2012-ci il tarixində "xxxx" ASCnin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair "xxxx" ASC-yə məktub göndərilmiş, xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna sığorta ödənişi olunmuş, xx.xx.2013-cü il tarixində "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında pulun tələbinə dair məktub göndərilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixində eyni məzmunlu məktub yenidən göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən aidiyyatı üzrə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi sığorta hadisəsi xx.xx.2012-ci il tarixdə baş versə də, iddiaçı tərəfindən 10 il 2 ay sonra məhkəməyə müraciət olunub. Həmçinin xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına və sonuncuya xx.xx.2012-ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair göndərilmiş məktuba əsasən, iddiaçı subroqasiya hüququnun yarandığını bilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iş üzrə iddia müddəti bitdiyindən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2012-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Nəsirov Vəli İmamverdi oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli sığorta müqaviəsinə əsasən, "xxxx" ASC tərəfindən "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər avtokasko riskləri üzrə tam sığortalanmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin AYP 012687 nömrəli, 23 avqust 2012-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh özünə məxsus “HYUNDAİ İX-35” markalı, **-HO-*** dövlət nömrə nişanlı avtomobillə 22 avqust 2012-ci il tarixdə, saat 15:30-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 8-ci bəndinin tələbini pozaraq, Bakı-Sumqayıt yolu, 16-cı km-də geriyə hərəkət edərkən təhlükəli manevr etmiş və "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-886/2012 saylı, 04 noyabr 2012-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 24 avqust 2012-ci il tarixli, CM-300/2012 saylı Zərər aktı ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədri R.Ağayev və sığortalı Nəsirov Vəli İmamverdi oğlu tərəfindən aparılan baxış nəticəsində sığortalı V.İ.Nəsirova məxsus "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin aradan qaldırılması üçün görüləcək tədbirlərin nədən ibarət olması müəyyənləşdirilmişdir. "xxxx" ASC-nin 06 noyabr 2012-ci il tarixli, 313/20**-CM-***/2012 saylı Sığorta aktından müəyyən olunur ki, xx.xx.2012-ci iİ tarixli yol nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-CH- *** dövlət nömrə nişanlı avtomobilə 6157,66 manat məbləğində zərər dəymişdir, sığorta ödənişi dəymiş zərərdən MİB-HO-02542/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 5657,66 manat təşkil edir. 22 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 5657,66 manat sığorta ödənişi məbləğini 5 gün müddətində "xxxx" ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir 06 noyabr 2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən Nəsirov Vəli İmamverdi oğluna ödənilən məbləğ 5657,66 təşkil edir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil “iddia müddətinin tətbiqinə dair” xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2012-ci il tarixdə baş vermiş, xx.xx.2012-ci il tarixdə DİN BDYPİ tərəfindən protokol tərtib olunmuş, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən zərər aktı tərtib olunmuş, xx.xx.2012-ci il tarixində "xxxx" ASCnin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair "xxxx" ASC-yə məktub göndərilmiş, xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna sığorta ödənişi olunmuş, xx.xx.2013-cü il tarixində "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında pulun tələbinə dair məktub göndərilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixlində eyni məzmunlu məktub yenidən göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən aidiyyatı üzrə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi sığorta hadisəsi xx.xx.2012-ci il tarixdə baş versə də, iddiaçı tərəfindən 10 il 2 ay sonra məhkəməyə müraciət olunub. Həmçinin xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına və sonuncuya xx.xx.2012-ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair göndərilmiş məktuba əsasən, iddiaçı subroqasiya hüququnun yarandığını bilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iş üzrə iddia müddəti bitdiyindən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, 22 avqust 2012ci il tarixdə "xxxx" ASC tərəfindən avtokasko riskləri üzrə sığortalanan "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilə Cavabdeh idarə etdiyi “HYUNDAİ İX-35” markalı, **-HO-*** dövlət nömrə nişanlı avtomobilin iştirakları ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixdə sığortalı V.İ.Nəsirova məxsus "xxxx" markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərlə bağlı Zərər aktı tərtib edilmiş, 06 noyabr 2012-ci il tarixdə Sığorta aktı tərtib edilərək, həmin tarixdə sığortalı Nəsirov Vəli İmamverdi oğluna 5657,66 manat məbləğində sığorta ödənişi olunmuşdur. "xxxx" ASC tərəfindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə qeyd edir ki, latın dilində “subrogatio” əvəzetmə mənasını verir. Mülki hüquqda subroqasiya borclunun öhdəliyinin başqa şəxs tərəfindən icrası barədə subinstitutdur. Sığorta şirkəti kasko sığortası üzrə sığortalanan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzini ödəyirsə, deliktdən əmələ gəlmiş mülki hüquq münasibətində sinqulyar hüquq varisliyi baş verir, bu zaman sığortalanan nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində sığorta şirkətinə keçir. İddia müddətinin axımında dəyişiklik baş vermir. Müddətin axımı zərərin vurulması ilə başlayır və ümumi qaydada davam edir, çünki deliktdən əmələ gələn münasibətdə yalnız əvəzetmə baş verib. Mülki Məcəllənin 378-ci maddəsinə görə öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Göründüyü kimi subroqasiya zamanı iddia müddətinin axımı zərərin vurulması anından başlayır. İş materiallarından göründüyü kimi, iş üzrə iddiaçı "xxxx" ASC xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olduğu və xx.xx.2012-ci il tarixdə zərərə aktı ilə sığortalanan nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etdiyi halda, iddia müddətini ötürərək xx.xx.2022-ci il tarixdə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyinə görə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh “sığorta müqaviləsi üzrə pul” tələbinə dair ərizəsi rədd edilsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 76.57 (yetmiş altı manat əlli yeddi qəpik) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar