Məhkəmə qərarları › İş №e-2(004)-2781/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2781/2024

23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2781/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh MMC-yə qarşı (Müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Bank "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərracın qanunsuz hesab edilərək hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh MMC-yə qarşı (Müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Bank "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərracın qanunsuz hesab edilərək hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanda yerləşən 190,8 kv.m qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanda yerləşən 60 kv.m olan 19 saylı mənzil barədə keçirilmiş hərracın qanunsuz hesab edilərək hərracın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh açıq hərracın keçirilməsinə dair 09 fevral 2024-cü il tarixli, 126/24 nömrəli bildirişində göstərilmişdir ki, Yasamal Rayon İcra Şöbəsinin 08 fevral 2024-cü il tarixli, 320989/24 nömrəli sifariş məktubu üzrə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2-2(113)-39/2023 saylı icra vərəqəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanda yerləşən 190,8 kv.m qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanda yerləşən 60 kv.m olan 19 saylı mənzil açıq hərracda satılmalıdır. Bundan başqa bildirişdə qeyd olunub ki, guya ilkin hərracın keçirilməsi vaxtı və yeri barədə elan xx.xx.2024-cü il tarixdə “Şərq” qəzetində, kütləvi informasiya statuslu “Birjanyus” (birjanews.az) internet informasiya ehtiyatında (portalında) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. Tərəflərindən məhkəmə qərarına hörmətlə yanaşılmışdır. Qanuni hərrac keçirilməsinə dair ümidləri olsa da, bankla əlbir şəkildə hərəkət edən cavabdehin qanunsuz hərəkətləri əmlak əldə edə bilməklərinə, əmlakların normal bazar qiymətinin müəyyən edilmədən satılmasına gətirib çıxarmışdır. İlkin hərracın keçirilməsi vaxtı və yeri barədə elanın xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə dair nə “Şərq” qəzetində, nə birjanews.az internet portalında nə də ki, eherrac.com portalında heç bir məlumat yoxdur. Cavabdeh en geci 25 mart 2024-cü il tarixə qədər təkrar hərrac keçirməli və bununla bağlı qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hüquqi prosedur qaydalarına əməl etməli idi. Lakin cavabdeh qanunu kobud şəkildə pozaraq nəinki dərc və elan məsələlərini həll etmiş, heç onlara rəsmi qaydada məlumat belə verməmişdir. Şifahi şəkildə (telefon vasitəsi ilə) əldə etdikləri məlumata əsasən təkrar hərrac 27 mart 2024-cü il tarixdə keçirilmişdir. Yenidən baş tutmayan hərracdan sonra cavabdeh əmlakları təcili və tələsik bir şəkildə xx.xx.2024-cü il tarixdə ipoteka saxlayana (Bank BTB ASC) təklif etmişdir. Açıq hərracın yekunlarına dair 29 mart 2024-cü il tarixli 42/24 saylı protokola əsasən ilkin satış qiyməti 470000 manat müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanda yerləşən 190,8 kv.m qeyri-yaşayış sahəsi ipoteka qoyana 299625 manata, ilkin satış qiyməti 105000 manat müəyyən edilmiş ünvan 2 ünvanda yerləşən 60 kv.m olan 19 saylı mənzil isə ipoteka saxlayana 66,937.5 (altmış altı min doqquz yüz otuz yeddi manat əlli qəpik) manata təklif edilmişdir. Sonuncu da qeyd olunan məbləğləri ödəyərək əmlaklara sahib olmuşdur. Göründüyü kimi, ipoteka qoyan olaraq İddiaçı1 və borcalan olaraq iddiaçı Proline MMC-nin hərracda alıcı qismində iştirakı qanunla tənzimlənir. Lakin cavabdeh qanunun tələblərini pozaraq iddiaçılara məlumat vermədən əmlakların qiymətini süni şəkildə azaldaraq ipoteka saxlayana satmışdır. Cavabdeh nəzərə almamışdır ki, əmlakların qiymətləri 15 faiz aşağı salınanda iddiaçılar da həmin əmlakları ala bilərdi. Burada əsas məqsəd iddiaçıları mülkiyyət hüququndan məhrum etmək olub. Cavabdeh Proline” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Bank "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçılardan biri İddiaçı2 MMC (VÖEN **********) və Cavabdeh MMC (VÖEN **********) kommersiya hüquqi şəxslərdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə daxil olan iddiaçılardan biri İddiaçı2 MMC (VÖEN **********) və Cavabdeh MMC (VÖEN **********) kommersiya hüquqi şəxslərdir. Hazırki iş üzrə yaranmış mübahisəyə nəticə etibarilə şəxslərin subyektiv tərkibi nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə hüquqi şəxslər arasındadır. Həmçinin, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Belə ki, iddiaçılar Yasamal Rayon İcra Şöbəsinin 08 fevral 2024-cü il tarixli, 320989/24 nömrəli sifariş məktubu üzrə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2-2(113)-39/2023 saylı icra vərəqəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanda yerləşən 190,8 kv.m qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanda yerləşən 60 kv.m olan 19 saylı mənzillə bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh MMC-yə qarşı (Müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində Bank "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərracın qanunsuz hesab edilərək hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində, qərardaddan işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar