Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2835/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pulun tutulması, icbari sığorta) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icrabi sığorta müqaviləsindən görünür ki, X3 məxsus “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır.
2. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
3. TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, sonuncu 600 manat məbləğdə cərimə edilmişdir.
4. Protokol və qərara əlavə olan inzibati xəta materiallarından görünür ki, X6, X5 və X9 zərər çəkmiş şəxslər kimi tanınaraq izahatları alınmışdır.
5. xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, X4 məxsus avtomobilə dəymiş zərərə görə 545,50 manat məbləğdə sığorta ödənişi hesablanmışdır.
6. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 545,50 manat məbləğdə sığorta ödənişi X2 hesabına köçürülmüşdür.
7. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 1412 manat məbləğdə sığorta ödənişi X1 hesabına köçürülmüşdür.
8. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 3042,50 manat məbləğdə sığorta ödənişi X7 hesabına köçürülmüşdür.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70 manat, ümumilikdə 5070 pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, "xxxx" ASC ilə X8 arasında xx.xx.2023-cü il tarixində PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “Chevrolet Cruze” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Tofaş Şahin” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Jetta” markalı, 90- LY- 930 dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfinfən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlıYasamal RPİ DYPŞ-nin Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda cavabdehin yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur.
b) iddiaya etiraz
11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
12. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. “İcbari sığortalar haqqında” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Maddə 333-1.3. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşdəki sübutlarla müəyyən edilir ki, Cavabdeh idarə etdiyi avtomobil "xxxx" ASC-də nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan vurmuş, hadisədə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxslərin əmlaklarına dəymiş zərərə görə 5000 manat məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən ödənilmişdir.
20. Göründüyü kimi, işdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi, iddiaçının isə sığorta müqaviləsinə uyğun zərər dəymiş avtomobillər üçün sığorta ödənişi etdiyi müəyyən olunur.
21. Odur ki, iddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 25.1.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlıdır.
22. Belə ki, sığortalı Cavabdeh etibarnamə ilə idarə etdiyi digər avtomobillərə zərər vurması və avtomobili idarə edərkən sərxoş olması onun barəsində tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə məsuliyyətini müəyyən edən qərarla təsdiq olunur.
23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5000 manat sığorta ödənişi və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 5000 manat sığorta ödənişi və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə