Məhkəmə qərarları › İş №e-2(004)-2976/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2976/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2976/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh iddiaçıya məxsus olan obyektin sənədləşmə işlərinin həyata keçirilməsi ilə bağlı razılaşmışlar. Cavabdeh sözügedən işlərin görülməsi üçün iddiaçıdan 6700 manat pul almış, lakin üzərinə düşən öhdəlikləri icra etməmişdir. Cavabdeh tərəfindən 6700 manat pulun 2000 manat hissəsi iddiaçıya qaytarılmış, qalan 4700 manat isə geri qaytarılmamışdır. İddiaçı 4700 manat pulun 4200 manat hissəsini iddiaçıdan tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qismən, yəni 2200 manat hissədə qəbul etdiyini bildirmişdir. İş materiallarında olan Yasamal RPİ 28-ci PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izaha verərək 6700 manat pulu İddiaçı aldığını etiraf etmiş, lakin həmin pulun 700 manat hissəsinin ona çatdığını, qalan hissəsinin isə sənədləşmə işlərinə xərcləndiyini bildirmiş, 4200 manat pulu İddiaçı qaytaracağına söz vermişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçıdan razılaşma üzrə 4500 manat pul almış, həmin pulun 2300 manat hissəsini iddiaçıya geri qaytarmış və obyektin sənədləşməsi üzrə üzərinə düşən öhdəlikləri icra etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibələridir və mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə) çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Beləliklə, iddianın hüquqi və faktiki əsasları yuxarıda qeyd olunan mülki hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü iddiaçının üzərinə olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) tam sübut edilməsi təmin edilməmişdir. Həmçinin, cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini bildirsə də, sübutların məhkəməyə təqdim ediləcəyi əsas ilə məhkəmə hazırlıq iclasının təxirə salınmasına baxmayaraq bu barədə məhkəməyə hər hansı sənəd, sübut və ya material təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sözügedən hissədə sübutetmə yükü cavabdehin üzərinə düşür. İş materiallarına əsasən, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan 4500 manat pul almış, həmin pulun 2300 manat hissəsini geri qaytarmış, qalan 2200 manat hissəsi isə qaytarılmamışdır. Deməli, cavabdeh tərəfindən iddia tələbinin 2200 manat hissəsi etiraf olunmuşdur. Yasamal RPİ 28-ci PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında qeyd olunan xüsusatlar və məhkəmə iclasında aparılan araşdırma zamanı iddiaçı tərəfindən müvafiq pul məbləğinin və məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması işin mübahisəsiz halları olsa da, iddiaçı tərəfindən ödənilmiş pul və cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış məbləğlər barədə ziddiyyətlər mövcud olduğundan konkret nəticəyə gəlmək mümkün deyil. Bu səbəbdən, məhkəmə cavabdehin məhkəmə iclasında bildirdiklərini sübut qismində üstün hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbinin qismən qəbul edilməsi xüsusatı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş materiallarına və digər sübutlara məcmu halında qiymət verərək müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə ilə şifahi formada etibarlı tapşırıq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən müqavilə məbləği cavabdehə ödənilsə də, cavabdeh tərəfindən üzərinə düşən müqavilə öhdəlikləri icra olunmamışdır. Məhkəmə araşdırması zamanı iddia tələbi cavabdeh tərəfindən qismən, yəni, 2200 manat hissədə etiraf olunmuşdur. İddia tələbi qalan hissədə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Müvafiq hissədə sübutetmə yükünün ona aid olmasına baxmayaraq cavabdeh müqavilə öhdəlikləri üzrə üzərinə düşən vəzifələri icra etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 62 (altmış iki) manat məhkəmə xərcinin yarısı, yəni 31 (otuz bir) manat hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, Cavabdeh 2200 (iki min iki yüz) manat pul və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun yarısı, 31 (otuz bir) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat pul və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar