Məhkəmə qərarları › İş №e-2(004)-299/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-299/2023

27.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-299/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və ya əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və ya əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5939/2021 saylı iş üzrə olan xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilərək, “Audi A5 minik” markalı **-SS- *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillər birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlaklar üzərində İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payı müəyyən edilmişdir. Bu qətnamə xx.xx.2021-ci il tarixdə qanun qüvvəsini almış, xx.xx.2021-ci il tarixdə isə icra vərəqəsi verilmişdir. Həmin məhkəmə işinə baxıldığı dövrdə olduğu kimi, qeyd olunan qətnamədən sonra hazırda da hər üç avtomobil cavabdehin sahiblik və istifadəsindədir. Cavabdeh ona nə maşınlardan istifadə etməyə imkan verir, nə də, paylı mülkiyyətində olan bu avtomobillər üzərində paylı mülkiyyətə xitam verilməsi barədə hər hansı razılaşmanı qəbul etmir. Yaranmış bu vəziyyət isə hər üç əmlaka münasibətdə mülkiyyət hüququnun məhdudlaşmasına gətirib çıxarmışdır. Hesab edir ki, onun üçün əlverişsiz vəziyyətdən çıxış yolu ümumi mülkiyyət hüququna xitam verilməsidir. Məlum məsələdir ki, avtomobilləri paylarına uyğun olaraq naturada iki bərabər hissəyə bölərək, təyinatına uyğun istifadə etmək mümkün deyildir. Belə olan halda, paylarının dəyəri müəyyən edilərək (avtomobillər onda olmadığından, paylarının dəyərini özü müəyyən edə bilmir), həmin pul cavabdeh tərəfindən ona ödənilməlidir. Bu mümkün omadıqda isə, əmlaklar hərracda satılmalı və satış pulunun yarısı ona ödənilməlidir. Götərilənləri nəzərə alaraq, “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərdəki ½ hissədə olan paylarının dəyəri olan pulun cavabdehdən alınıb ona ödənilməsi; cavabdehin həmin pulu verməyə imkanı olmadıqda və ya cavabdeh pulu vermək istəmədikdə, həmin avtomobillərin açıq hərracdan satılması və satış pulunun yarısının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya məktub ünvanlayaraq iddia tələbinin qeyri-dəqiq olduğu üçün iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş və iddiaçının vəsatətinə əsasən ona şərait yaradılması üçün məhkəmə iclasını təxirə salmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbini müdafiə edərək və ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilən mövqeyə uyğun verilmişdir. İddiaçı Cavabdeh qarşı “Audi A5 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərdəki 1/2 hissədə olan paylarının dəyəri olan pulun cavabdehdən alınıb ona ödənilməsi, cavabdehin həmin pulu verməyə imkanı olmadıqda və ya cavabdeh pulu vermək istəmədikdə, həmin avtomobillərin açıq hərracdan satılması və satış pulunun yarısının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sözügedən avtomobillər cavabdehin istifadəsindədir. Bu əmlaklardakı iddiaçının ½ hissədə olan paylarının dəyərinin müəyyən olunması məqsədi ilə iş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünasliq ekspertizası təyin olunmalı idi. Düzdü məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdiriməsi təklif olunsada, hesab edirlər ki, bu hazırki mərhələdə bu mümkün deyil və iddia tələbi düzgün verilmişdir. Odur ki, məhkəmədən işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) işə üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsində iddiaçının tələbi payın dəyəri olan pulun cavabdehdən alınması və ya cavabdehin həmin pulu verməyə imkanı olmadıqda və ya cavabdeh pulu vermək istəmədikdə, həmin avtomobillərin açıq hərracdan satılması və satış pulunun yarısının iddiaçıya ödənilməsindən ibarət olsa da, iddiaçının tələbi aydın və dəqiq ifadə olunmadığından, MPM-nin 149-cu maddəsinin tələblərini pozduğundan və bununla bağlı iddianın dəqiqləşdirilməsi üçün məhkəmə iclasının təxirə salınmasına baxmayaraq iddiaçı həmin müddət ərzində iddia tələbini dəqiqləşdirmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi aydın və dəqiq ifadə olunmadığı üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı payın dəyəri olan pulun cavabdehdən alınması və ya əmlakın açıq hərracda satılaraq əldə edilmiş pulun yarısının iddiaçıya verilməsi tələbinə dair 2(004)-299/2023 nömrəli mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar