Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3070/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi və zaminlik öhdəliyinə xitam verilməsi " tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: zaminlik müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi və zaminlik öhdəliyinə xitam verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi və zaminlik öhdəliyinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə onun arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi və zaminlik öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən X2 Cavabdeh ASC-nin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə iddiaçıyla zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən X4 Cavabdeh ASC-dən illik 23% olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin iyulun 7-dək X1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4425.12 manat əsas borc, 431.87 manat faiz borcu və 146.36 manat cərimə borcu olmaqla cəmi 5003.35 manat borcu vardır. X1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 146.36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 73.18 manat məbləğində tələb olunmuşdur.Cavabdeh ASC Şirvan Kommersiya Məhkəməsində ona və V.Nəsirova qarşı iddia qaldırmaqla Cavabdeh ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4425.12 manat əsas borc, 431.87 manat faiz borcu və 73.18 manat cərimə borcu olmaqla, cəmi 4930.17 manat borcun, 110 manat mediasiya xərcinin tutulmasını iddia etmişdir.İddiaçı məhkəmədə zaminlik müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı iddia qaldırmış,lakin məhkəmə həmin iş üzrə qarşılıqlı iddia tələbinin verilməsi ilə bağlı nəzərdə tutulan 20 günlük müddətin keçməsi səbəbindən qarşılıqdı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bildirir ki,cavabdeh onunla zaminlik müqaviləsini bağlayarkən onun əmək qabiliyyətsiz və əlil olmağına əhəmiyyət verməmiş,əlil və xəstə insanı sağlam insana zamin olaraq qəbul etmişdir.Bundan başqa ona cavabdeh V.Nəsirova böyük məbləğdə kreditin verildiyini bildirməmiş,ona bu barədə izah verməmiş və təqdim etdiyi sənədləri ona imzalatmışdır.Halbuki o işləmir,aldığı pensiya dava-dərmanlara olan tələbatını belə ödəmir və zaminlik müqaviləsi üzrə onun zaminlik hüququma xitam verilməlidir.Bundan başqa cavabdeh kredit müqaviləsinə sonradan əlavə və dəyişikliklər etmiş,lakin onun bundan məlumatı olmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh ərizə ünvanlayaraq iclasın onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilədəki imza ona məxsusdur, lakin oxuya bilmədiyindən hansı məbləğdə borca zamin dayandığını bilməmişdir. Vüsal Nəsirov onun qonşusu olmuş və ondan 1000 manat borcun alınmasına görə zamin durmasını xahiş etmiş və o da qəbul etmişdir. Həmçinin müharibə veteranı olduğunu, gəlirinin yalnız əlilliklə bağlı əldə etdiyi pensiya olduğunu bildirərək, Vüsal Nəsirovun banka olan borcunu ödəmək iqtidarında olmadığını bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/01265/22 saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2022-ci il tarixli 4-MCR-1-121- 22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi ilə bankdan kredit götürmüş borcalan (X4) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür.
7. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-787/2024 saylı qətnaməsinə əsasən iddiaçı ‘’Yelo Bank’’ Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddiası təmin edilmiş, cavabdehlər X4 və İddiaçı müştərək qaydada xx.xx.2022-ci il tarixli,4-MCR-1-121-22/1 nömrəli kredit müqaviləsi üzrə 4425,12 manat məbləğində əsas borc;431,87 manat məbləğində faiz borcu;73.18 manat məbləğində cərimə borcu;110 manat məbləğində mediasiya xərci olmaqla,ümumilikdə 5040,17 manat məbləğində pulun tutularaq iddiaçı ‘’Yelo Bank’’ Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
10. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
11. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir.
14. İşin hallarından görünür ki, tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və iddiaçı borclunun xx.xx.2022-ci il tarixli 4-MCR-1-121-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərinin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Pelunum Qərarında ifadə olunan mövqeyə əsasən müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
16. İş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü i tarixli qətnaməsindən də görünür ki, Cavabdeh ASC və İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı əsaslar müəyyən edilməmişdir.
17. İddiaçı kredit müqaviləsinin şərtləri ilə tanış olmadığını bildirsə də, lakin bununla bağlı ona hansısa maneənin olmasını əsaslandıra bilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
21. Həmçinin iddiaçı yeganə qazancının əlilliklə bağlı pensiya olduğu halda bankın əlil və xəstə insanı sağlam insana zamin olaraq qəbul etdiyini bildirmişdir.
22. İddiaçının həmin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, vətəndaşlara kreditlərin verilməsi, eləcə də zamin duran şəxslər üçün nəzərdə tutulan tələblər bankların daxili qanunvercilik normaları ilə nizama salınır.
23. Məhkəmə hesab edir ki, müqavilə bağlanarkən onun bütün mühüm şərtləri razılaşdırılmış, iddiaçı 100000 manat məbləğində kredit limitinin ayrılması barədə müqavilə üzrə öhdəliklərin icra edilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüş və müqaviləyə imza çəkmişdir. İddiaçı onun müqavilə şərtləri ilə tanış edilmədiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından əsassız olduğundan təmin edilməməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil