Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1194/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı X3 cavabdehlər Cavabdeh ASC-yə və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X4 cavabdehlər Cavabdeh ASC-yə və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə xx.xx.2020-ci il tarixli AXNPU-1479 saylı və AXKRK-0142 KMP saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1883/2020 saylı qətnaməsi ilə X1 və X2 15 may 2019-cu il tarixli, AXNPU-1479_KMP saylı müqavilə üzrə 4454,02 manat əsas, 30,24 manat faiz, 15 may 2019-cu il tarixli, AXKRK-0142_KMP saylı müqavilə üzrə isə 660,66 manat əsas, 5,04 manat faiz borcu olmaqla ümumilikdə 5149,96 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamə öz qanuni qüvvəsini almış və hazırda icra mərhələsindədir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadının 53-cü maddəsinə əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırki iddianın predmeti xx.xx.2020-ci il tarixli AXNPU-1479 saylı və AXKRK-0142 KMP saylı zaminlik müqavilələri təşkil edir. İddiaçı bu müqavilə üzrə zaminlik öhdəliyinə xitam verilməli olmasını bildirsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1883/2020 saylı qətnaməsi ilə məhz sözügedən zaminlik müqaviləsi üzrə onun məsuliyyəti, müqavilədən irəli gələn öhdəliyi məhkəmə qaydasında təsbit olunmuşdur. Yəni, hazırki iddianın predmetini təşkil edən əqdin etibarlılığı və həmin əqd üzrə tərəfin öhdəlik daşıması öz təsdiqini tapmışdır. Bu səbəbdən həmin əqdin yenidən ayrı bir icraatda yoxlanılması yolverilməzdir. Həmçinin, iddia ərizəsindən görünür ki, cavabdeh qismində “Binəqədi icra və probasiya şöbəsi” qeyd edilsə də, iddia ərizəsində ona qarşı yönələn bir tələb müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı öncədən də məhkəməyə eyni növlü iddia tələbi ilə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-5334/2023 saylı qərardadı (hakim N.Abbasov) ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X3 cavabdehlər Cavabdeh ASC-yə və Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1194/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1194/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver