Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3163/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" Şirkəti) qarşı “dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: qeydiyyat yazısının ləğvi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" şirkəti) qarşı “dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" şirkəti) qarşı “dövlət reyestrində qeydiyyat yazısının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkətinin Cavabdeh ASC-yə borcu olmadığından Tovuz rayonu, Abulbəyli kəndində 13138 ha torpaq sahəsi, Tovuz rayonu, İbrahim Hacılı kəndində ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evi üzərində Cavabdeh ASC-nin dövlət qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən "xxxx" şikrətinə verilmiş kredit pul vəsaitlərinin 28 mart 2018-ci il tarixə faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş auditin nəticələri barədə Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X2 İnstitunun üzvü, müstəqil auditor X1 27 mart – 04 aprel 2018-ci il müddətinə audit keçirmişdir. Audit aparılan zaman müəyyən olunmuşdur ki, "xxxx" şirkətinin Cavabdeh ASC-də olan AZN hesabı üzrə xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər aparılmış əməliyyat sənədlərinə və AR Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti tərəfindən "xxxx" şirkətinə verilmiş xx.xx.2018-ci il tarixli 19-6/3321 saylı Çıxarış sənədinə əsasən Cavabdeh ASC tərəfindən həqiqətən də "xxxx"şirkətinin həmin Bankdakı AZN hesabına xx.xx.2002-ci il tarixdə 59,000.00 (əlli doqquz min) manat və xx.xx.2005-ci il tarixdə 50000 (əlli min) manat, cəmi 109000 (bir yüz doqquz min) manat məbləğində kredit pul vəsaiti köçürülmüşdür. Cavabdeh ASC tərəfindən verilmiş kredit pul vəsaitinin müqabilində "xxxx" şirkəti tərəfindən Cavabdeh ASC-nin baş ofisinə onun Tovuz rayon və Bakı şəhər filiallarına xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər, cəmi 192,717.00 manat məbləğində pul vəsaiti qaytarmışdır. Ödənilən məbləğ ilə verilən kredit məbləği ilə müqayisə etdikdə 83,717.00 manat artıq ödəmə yaranmışdır ki, bu məbləğ də Bank tərəfindən hesablanmış cərimə və faizlər kimi nəzərə alınmalıdır. "xxxx" şirkətinin qaytardığı nağd pul ödənişlərinin tarixi və məbləği Audit Rəyində göstərilmişdir. AR Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli 19-6/3321 saylı Çıxarış sənədində hər iki kreditə görə yanlış olaraq 25,644.00 manat məbləğində əsas kredit borcu və 13,370.00 manat məbləğində isə onun faix borcunun qalması qeyd olunmuşdur. Halbuki alınmış pul kredit vəsaitləri üzrə "xxxx" şirkətinin Cavabdeh ASC-yə xx.xx.2018-ci il tarixə faktiki olaraq heç bir borcu qalmamışdır. Audit Rəyinin nəticəsinə görə "xxxx" şirkətinin Cavabdeh ASC-yə borcu yoxdur və bu səbəbdən Tovuz rayonu, Abulbəyli kəndində 1.3138 ha torpaq sahəsi, Tovuz rayonu, İbrahim Hacılı kəndində ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evi girovdan azad edilməlidir. Qeyd edilən hallara baxmayaraq Cavabdeh ASC ipoteka əmlaklarına tutma yönəltmiş, həmin əmlaklara mülkiyyət hüquqlarını tanıtmış və DƏDRX-dən çıxarış almışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, iddia əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəməyə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsi Cavabdeh ASC Tovuz filialının adına rəsmiləşdirilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh ASC-nin adına rəsmiləşdirilmişdir.
11. “Turanbank ASC tərəfindən "xxxx" şirkətinə verilmiş kredit pul vəsaitlərinin xx.xx.2018-ci il tarixə faktiki vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditin nəticələri barədə xx.xx.2018-ci il tarixli rəynin nəticə hissəsinə əsasən Cavabdeh ASC tərəfindən "xxxx" şirkətinə xx.xx.2002-ci il tarixli 98/H saylı və xx.xx.2005-ci il tarixli 150/H- S/05 saylı “Əsas Kredit” Müqavilələrinə əsasən buraxılmış 109000 manat kredit pul vəsaitləri üzrə xx.xx.2018-ci il tarixə faktiki olaraq, "xxxx" şirkətinin Cavabdeh ASC-yə hər hansı borcun qalmaması və ya olmaması, əksinə Cavabdeh ASC-nin "xxxx" şirkətinə 83717 manat borcun yaranması barədə əsaslı ədalətli təsəvvür yaradır və eyni zamanda həmin rəyin formalaşdırılması məqsədi ilə müstəqil Auditor olaraq, müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş və səlahiyyətləri daxilində rəhbərlik etdiyi audit qrupu tərəfindən müvafiq hərəkətlər edilmiş, kifayət qədər müvafiq audit prosedurları yerinə yetirilmiş və lazımi qədər Auditor sübutları toplanılmışdır. Həmin rəyin “nəticə” hissəsində göstərilən borcun olmaması barədə faktlara əsasən hesab edir ki, Cavabdeh ASC tərəfindən "xxxx" şirkətinə xx.xx.2002-ci il tarixli 98/H saylı “Əsas kredit” müqaviləsi üzrə buraxılmış kredit vəsaitlərinin, ona hesablanmış faizlərin və digər ödənişlərin qaytarılmasının təminatı kimi girov qoyulmuş "xxxx" şirkətinə məxsus – onun əmlakı hesab edilən, Bakı şəhəri, Azadlıq prospekti, 12/164 saylı yaşayış evinin, 37 saylı mənzili və xx.xx.2005-ci il tarixli 150/H-S/05 saylı “Əsas Kredit” müqaviləsi üzrə buraxılmış kredit vəsaitlərinin, ona hesablanmış faizlərin və digər ödənişlərin qaytarılmasının təminatı kimi girov qoyulmuş "xxxx" şirkətinə məxsus – onun əmlakı hesab edilən, Tovuz rayonu, Abulbəyli kəndində 1,3138 ha torpaq sahəsi, Tovuz rayonu, İbrahimhacılı kəndində ümumi sahəsi 246,1 m2 olan üçotaqlı fərdi yaşayış evi girovluqdan azad edilməli və sahibinə qaytarılması müvafiq qaydada sənədləşdirilməlidir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)- 1353/2015 saylı qətnaməsinə əsasən İddiaçı – "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli Y-348 və Y-349 nömrəli protokollarının etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 103/2023 saylı qərardadına əsasən İddiaçı (LPO Cavabdeh ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər "xxxx"nə və Tovuz Rayon İcra bölməsinə qarşı “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair” tələbinə dair mülki iş üzrə icraata iddiaçının hazırda təkrarən mübahisələndirdiyi hərracın nəticələri haqında protokolun etibarsızlığı ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən xitam verilmişdir.
14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-1219/2024 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2023-cü il tarixli 2(103)-7800/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən 0,0084 ha sahəsi olan fərdi yaşayış evi Cavabdeh ASC-nin xüsusi mülkiyyətindədir.
16. "xxxx"nin Hərracın nəticələri haqqında Y-349 nömrəli xx.xx.2013-cü il tarixli protokoluna əsasən İddiaçı məxsus – Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat müəyyən edilmiş, 12113 manata Cavabdeh ASC-yə satılmışdır.
17. "xxxx"nin Hərracın nəticələri haqqında Y-348 nömrəli xx.xx.2013-cü il tarixli protokoluna əsasən İddiaçı məxsus – Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 9490 manat müəyyən edilmiş, 6051 manata Cavabdeh ASC-yə satılmışdır.
18. İqtisadi mübahisələrə dair məhkəmə qətnaməsi 789/2-396 nömrəli, 10 yanvar 2007-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" şirkətinin əsas borcu üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat, məbləğində borcu İddiaçı məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 949 manat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evinə və "xxxx" şirkətinin daşınar və daşınmaz əmlaklarına yönəldilərək onun hesabına ödənilməli, 01 iyun 2005-ci il tarixli 150/H-S/05 saylı kredit müqaviləsi ləğv edilməli, qətnamənin icrasının təmin edilməsi üçün ipotekaya qoyulmuş əmlaklara həbs qoyulmalıdır.
19. Azərbaycan Respublikas 2 saylı yerli İqtisadi Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsinə əsasən "xxxx" şirkətinin əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 3500 manat, cəmi 53500 manat məbləğində borcu İddiaçı məxsus dəyəri 19000 manat məbləğində qiymətləndirilən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 1,3138 ha torpaq sahəsinə və dəyəri 9490 maat məbləğində qiymətləndirilən Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən ümumi sahəsi 246,1 m2 olan fərdi yaşayış evinə və "xxxx" şirkətinin daşınar və daşınmaz əmlaklarına yönəldilərək onun hesabına ödənilməsi və 01 iyun 2005-ci il tarixli 150/H-S/05 saylı kredit müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının təmin edilməsi üçün ipoteka qoyulmuş əmlaklar üzərinə həbs qoyulması qət edilmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019cu il tarixli, 2-2(104)-104/2019 saylı qərardadına əsasən "xxxx"şirkətinin qiyabi qətnamənin ləğvi barədə ərizəsi təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli 789/2-396 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
21. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
26. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
29. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.”
30. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
31. Hazırda İddiaçı Azərbaycan Respublikası 2 saylı yerli İqtisadi Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsinə əsasən cavabdehin kredit müqaviləsi üzrə "xxxx" Şirkətindən tələb etdiyi borcun artıqlaması ilə ödənilməsinə və cavabdehə borcunun olmamasına istinad edərək cavabdehin xeyrinə dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğvini tələb edir. İddiaçı iddia tələbinin əsası kimi auditor nəticələri barədə rəyi məhkəməyə təqdim etmişdir.
32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 2 saylı yerli İqtisadi Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli, 789/2-396 nömrəli qiyabi qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun "xxxx" Şirkətindən tutulması və borcun Tovuz rayonu Alibəyli kənində yerləşən ümumi sahəsi 246,1 kv.m olan fərdi yaşayış evinə və "xxxx" Şirkətinin daşına və daşınmaz əmlaklarına yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra mərhələsində hərrac keçirilərək cavabdeh tərəfindən Tovuz rayonu Alibəyli kənində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi əldə edilmişdir. İddiaçının verdiyi hərracın protokollarının etibarsız hesab edilməsi, əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız sayılmasına dair qaldırdığı ayrı-ayrı iddia tələbləri məhkəmələr tərəfindən təmin edilməmiş və qanuni qüvvəsini almışdır.
33. Odur ki, məhkəmə hazırda iddiaçının auditor rəyini əsas gətirərək qanuni qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan və qeydə alınan hüquqa xitam verilməsi tələbini məqbul saymır.
34. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.
35. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil