Məhkəmə qərarları › İş №e-2(004)-3410/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3410/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3410/2023 16.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 139.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Cavabdeh 139.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 429 manat olmaqla, cəmi 139.429 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,5 m2, yaşayış sahəsi 28.5 m2 olan 2 otaqlı mənzil iddiaçının mülkiyyətində olmuşdur. Mənzilə mülkiyyət hüququ ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş **********53-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli qabaqcadan qeydiyyat haqqında arayışla təsdiq olunmuşdur. Tərəflərin uzunmüddətli nikahdankənar münasibətləri olmuş və bu səbəbdən iddiaçı cavabdehə etibar edərək ona bütün əmlaklarının idarə olunmasına dair, əmlaklar barəsində sərəncam vermək səlahiyyəti daxil olmaqla notarial qaydada etibarnamə vermişdir. 2020-ci ildə iddiaçıda xərçəng xəstəliyi aşkar edilmiş, həmin vaxtdan cavabdeh onunla əlaqəni kəsmiş, ona müalicə ilə bağlı köməklik etməmişdir. İddiaçı isə külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Müalicə olunduqdan sonra iddiaçı Azərbaycan Respublikasına yenidən qayıtmış, cavabdeh onunla münasibətlərini bərpa etməyə çalışsa da bu mümküno lmamışdır. İddiaçı həmin vaxt cavabdehə verilmiş bütün etibarnamələri ləğv etməyi notariusdan xahiş etsə də xx.xx.2023-cü il tarixdə mobil notariat xidmətində qeydiyyatdan keçərkən, notarius tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh verdiyi etibarnamənin ləğv edilmədiyini və cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzili 139.000 manat qiymətinə X5 adında şəxsə satdığını, lakin bu barədə ona heç bir məlumat vermədiyini aşkar etmişdir. Qeyd edilmişdir ki, iddiaçı mübahisəli evə dair cavabdehə etibarnamə verərkən cavabdehin özünün maraqları daxilində deyil, onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqları daxilində hərəkət etmək səlahiyyətini vermişdir. Dolayısı ilə cavabdeh əqdi təmsilçi kimi bağladığından müqavilə üzrə hüquq və öhdəliklər iddiaçıya münasibətdə yaranmışdır. Yəni, əmlakın satışından əldə olunmuş vəsaiti almaq hüququ iddiaçı münasibətdə yarandığından satışla bağlı əldə edilən vəsait iddiaçıya ödənilməli idi. Bütün bunlara baxmayaraq cavabdeh hazıradək iddiaçının əmlakının satışından əldə olunmuş vəsaiti ona ödəməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə vəsatət verərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında rəsmi nikah olmadan 2005-ci ildən davamlı münasibətləri olmuşdur. Mübahisə predmeti olan mənzil 2007-ci ildə alınmış və iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Bir neçə il öncə iddiaçının xəstəliyi məlum olduqdan sonra o, Moskva şəhərinə müalicəyə getmiş və cavabdeh onun xərclərini ödəmədiyindən münasibətləri pozulmuşdur. O, Moskvadan gəldikdən sonra cavabdehə vermiş olduğu etibarnamələri ləğv etmişdir. 2023-cü il tarixdə iddiaçı vəkili olaraq ona hüquqi xidmət göstərmək məqsədilə etibarnamə vermək üçün mobil notariat xidmətindən qeydiyyatdan keçərkən onun mülkiyyətində olan hazırda mübahisə predmeti mənzilin satıldığını aşkar etmişdir. Qeyd olunan mənzil iddiaçının vəsaiti hesabına alınmışdır. Belə ki, iddiaçı uzun müddət gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərmiş, həmçinin atasından ona bəzi əmlaklar miras qalmışdır, hətta həmin əmlakları da cavabdeh onun adından satmışdır. Çünki tərəflər faktiki ər-arvad münasibətlərində olmuş və iddiaçı cavabdehin gətirdiyi istənilən sənədi etibar edərək sorğusuz imzalamışdır. Baxmayaraq ki, cavabdehin rəsmi nikahda olduğu digər ailəsi olmuş, lakin iddiaçı ilə faktiki olaraq mütəmadi olaraq yaşamışdır. Mübahisələndirilən mənzil də satıldığı tarixdə iddiaçı ilə cavabdeh birgə yaşamış, lakin iddiaçının mənzilin cavabdeh tərəfindən satılması barədə məlumatı olmamışdır. Sadəcə cavabdeh hansı etibarnaməni gətiribsə iddiaçı onu da imzalamış, nə baş verməsindən məlumatı olmamışdır. İddiaçı etibarnamə versə də, əmlakın nə vaxt satılmasını bilməmişdir. İddiaçının mənzili satmaq fikri olsa idi, etibarnamə verməzdi və özü satardı. 2019-cu ildən öncə də iddiaçı cavabdehə etibarnamə vermişdir. Hazırda iddiaçı əmlakın satılmasını mübahisələndirmir, cavabdeh əmlakı satdığı üçün pulunu iddiaçıya verməlidir. Alğı-satqı müqaviləsini ona görə mübahisələndirilmir ki, vicdanlı alıcı etibarnamə əsasında alğı-satqı aparmışdır. İddiaçı 4 il müddətində satılan mənzilinə getməmişdir. 2019-cu ildə mənzilin satılmasından iddiaçının xəbəri olmamışdır. İddiaçının pul ilə bağlı problemi olmayıb ki, hazırkı mənzili sataraq müalicəsinə xərcləsin və mənzili ilə maraqlansın. İddiaçı həmişə işləyib və pulunu yığmışdır. İş materiallarında olan sübutlarla, eləcə də notariat işində olan sənədlərlə təsdiq olunur ki, mənzilin satışı ilə bağlı alıcı tərəfindən ödənilmiş vəsait Cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh qeyd olunan vəsaiti mənzilin mülkiyyətçisi olmuş iddiaçıya verməmişdir. Cavabdeh pulu götürməsinə dair sübut var, amma pulu iddiaçıya verməsinə dair sübut isə yoxdur. Cavabdehin etirazı ilə bağlı bildirir ki, cavabdeh sübut etməlidir ki, mənzili o almışdır. İddiaçının adına çıxarış vardır, mülkiyyət hüququ isə mübahisələndirilməmişdir. Cavabdehin iddiaçının adına aldığı əmlak yoxdur. Hazırkı mübahisədən başqa tərəflər arasında 4 məhkəmə mübahisəsi vardır, bunlardan biri Cavabdeh iddiaçıya məxsus mənzilindən çıxarılması ilə bağlıdır ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia tələbi təmin edilmiş, lakin qətnamədən apellyasiya şikayəti verildiyindən qanuni qüvvəsini almamışdır. Eyni zamanda digər mübahisə üzrə Cavabdeh həmin mənzilə mülkiyyət payının müəyyən edilməsi ilə bağlı iddia ərizəsi də rədd edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, tərəflər 1993-cü ildən faktiki ər-arvad kimi birlikdə yaşayırlar. Cavabdeh bizneslə məşğuldur və onun başqa ailəsi, həmçinin rəsmi nikahı və uşaqları vardır. Lakin iddiaçı ilə nikahları və uşaqları olmamışdır. Cavabdeh iddiaçını bugünə qədər sevir. Tərəflər arasında şifahi razılıq olmuşdur ki, cavabdeh nə alsa iddiaçının adına alacaq, iddiaçı isə ona etibarnamə verəcəkdir. Cavabdeh üçün biznes məqsədi ilə nə zaman uyğun olsa həmin mənzili satacaqdı. İddia tələbində göstərilən mənzil eyni üsul ilə cavabdehin vəsaiti hesabına iddiaçının adına etibarnamə ilə alınmışdır. Sonradan alğısatqı ilə iddiaçının adına keçirilmişdir. Hətta iddiaçının adına hazırda mübahisə predmeti olmayan digər bağ evi satılmış, həmin ev satıldıqda isə pulun yarısı iddiaçıya verilmiş, yarısını isə cavabdeh özü üçün götürmüşdür. Həmin vaxt iddiaçı 26 sentyabr 2022-ci ildə notarial ərizə verərək bildirmişdir ki, cavabdehə qarşı heç bir iddiası və tələbi yoxdur. Bu ərizədə hər hansı əmlaka qarşı deyil, ümumiyyətlə tələbinin olmamasını göstərmişdir. Suala cavab olaraq bildirir ki, iddiaçı ilə cavabdeh birgə təsərrüfat aparmamış, amma ərarvad kimi birgə yaşamışlar. İddiaçı ilə cavabdeh ər-arvad deyil, biri-birilərinə qarşı öhdəlikləri yoxdur, nikahları yoxdur. Cavabdeh əmlakı öz adına rəsmiləşdirə bilərdi, lakin digər məsələlər də var. Cavabdeh iddiaçıya etibar edərək onu faktiki olaraq arvadı kimi qəbul etmişdir. Cavabdeh eyni zamanda digər ailəsinə də yardım göstərmişdir. Cavabdeh satıcının adından iddiaçının adına etibarnamə ilə alğı-satqı etmişdir. Qəbul edir ki, mənzilin alqı-satqısı nəticəsində ödənilmiş vəsaiti cavabdeh almışdır, lakin tərəflər həmin vaxt faktiki birgə yaşadıqlarına görə pulların hara xərclənməsi məlum deyil. O zaman münasibətlər etibarlı olduğundan mübahisə də olmamışdır. Ona görə də tərəflər arasında sadə hesablaşmaya dair razılaşma olmuşdur. Hətta iddiaçını Moskva şəhərinə cavabdeh yola salaraq onun yol xərcini vermişdir. Sonra iddiaçı qayıtmış, xərçəng xəstəsi olduğunu və mənzili satmasını bildirmişdir. Bütün mübahisələr isə Akim Abbasov ev 12, mənzil 1 ünvanında yerləşən əmlakdan sonra başlamışdır. Yəni, bu mənzili ona məxsus olmasını və Cavabdeh həmin mənzildən çıxmalı olduğunu bildirmişdir. Cavabdeh isə bunu qəbul etməyərək ona qarşı iddia qaldırmışdır ki, həmin mənzil paylı mülk kimi tanınsın, 3/5 hissəsi Cavabdeh, 2/5 hissəsi Anna Petrovnanın adına rəsmiləşsin. Cavabdeh iddiası rədd edildi, həmin qətnamədən apelyasiya şikayəti verildi. Hazırda iş apelyasiya məhkəməsinin icraatındadır. İddiaçının xərçəng xəstəsi olmasını bilmir. İddiaçı işə gedibgəlir normal vəziyyətdədir. Etiraz ərizəsində göstərilən digər əmlaklar mübahisə predmeti olmasa da tərəflərin arasında olan münasibətə aydınlıq gətirir. Yəni, hər üç əmlak Annanın adına alınmış və əmlaklara böyük məbləğlərdə pul vəsaiti sərf edilmişdir. Annanın ümumiyyətlə satılan əmlaklardan heç xəbəri olmamışdır. Kimdən, neçəyə alınması, əmlakların içində nələrin olunması barədə onun məlumatı olmamışdır. Hətta Elçinin atasının bağı da Annanın adına olmuşdur və bağ evi satıldıqdan sonra pulun yarısını o, Annaya vermişdir. Hazırda iddiaçı başqalarının diktəsi ilə hərəkət edir və əsassız olaraq varlanmaq istəyir. Halbuki, Cavabdeh nə satıbsa yarısını ona vermişdir. İddia tələbində qeyd edilən əmlakın satışından əldə edilən gəlirin yarısını cavabdeh iddiaçıya yerində, notariusda vermişdir. Pulun yarısını Annaya vermə səbəbi onların bir yerdə yaşaması olmuşdur. Novxanıda yerləşən bağ satılanda isə Cavabdeh yarısından da az pul verilmişdir. Elçin də onu almışdır və orada etiraf etmişdir. Cavabdeh da notarial ərizə vermişdir ki, onun İddiaçı qarşı iddiası yoxdur. Həmçinin, İddiaçı də həmin günü eyni məzmunlu ərizə yazmışdır. Qeyd edir ki, 2007-ci ildə Elçin mübahisəli mənzili X1 aldığı etibarnamə ilə İddiaçı, 2019-cu ildə isə İddiaçı adından etibarnamə ilə X4 alğı-satqı yoluyla satmışdır. Cavabdeh mübahisəli mənzili obyekt kimi istifadə etmişdir. O, obyektdə yenidənqurma işləri aparmış və sahəsini genişləndirmiş və obyektdə ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, iddia ərizəsində qeyd edilən əmlak mənzil deyil obyektdir, Elçin tərəfindən təyinatı üzrə dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmişdir və böyüdülərək sahəsi 250 m2 təşkil etmişdir. Annanın heç xəbəri olmayıb ki, ümumiyətlə obyekt harada yerləşir. Bütün işləri görən Elçin özü olmuşdur. Elçin onu arvadı hesab edərək bu işləri özü və onun üçün görmüşdür. Elçin obyekti etibarnamə ilə almış, sonra fikri dəyişdiyindən həmin obyekti İddiaçı adına keçirmişdir. Annanın adına heç vaxt həmin obyektə görə pul köçürülməmiş, o heç yerdən pul almamışdır. Sadəcə formal olaraq, onun adına keçirilmişdir. 2007-ci ildə mübahisəli obyekt alınarkən, Anna deyil, Cavabdeh Bədirov Bahadura pul ödəmişdir. Annanın adından da Elçinin etibarnaməsi olmuşdur. Obyekti 30 m2 olaraq Cavabdeh etibarnamə ilə almışdır, çünki o vaxtı daşınmaz əmlakların alğısatqıları ilə məşğul olmuşdur. Elçin etibarnaməni alırdı və bunun müqabilində pul verirdi. Sonra müştəri olarsa həmin əmlakı etibarnaməni aldığı şəxsin adından kiməsə satırdı, pulunu alırdı. Hazırda bu obyekt də başqalarına satılmadığından Elçin özünə saxlamışdır. 2007-ci il tarixli alğı-satqı müqaviləsində alıcı İddiaçıdir. Lakin bu formal tərəfdir. 2007-ci ildə Bahadur Bədirovun adından çıxış edən də Cavabdeh olmuşdur. Elçin hazırda barışmaq istəyir, lakin Anna xanım istəmir. Bu müddət ərzində İddiaçı özünə məxsus olan ev olmamışdır. Onun bacısının evi olmuşdur. Bu il isə Anna istəmədiyini və Moskvaya getdiyini bildirmişdir. İddiaçı bir dəfə notariusda bağın satılması ilə bağlı iştirak etmiş və pulunu notariusda almışdır. 2007-ci ildə isə Cavabdeh satıcı olmuş və İddiaçı ona pul ödəməmiş müqavilə bağlamışdır. Elçin 2019-cu ildə mənzili Mahirə satarkən İddiaçı də orada olmuşdur. Anna həmişə onun yanında idi, lakin Elçin hərəkət edirdi. Annanın xəbəri var idi. Əgər Annaya pul verilməsə idi, Anna 3 il ərzində pulunu tələb edərdi. Əlavə olaraq bildirir ki, cavabdehin ətrafında dələduzluq edərək onun əmlakını ələ keçirirlər. İddiaçı isə cavabdehin ona etibarından istifadə edərək, onun pullarını almaq istəyir. Əgər əmlak alınan zaman pul verilməyibsə bu əhəmiyyətsiz olaraq nəyisə pərdələmək üçün olan əqddir. xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehə verdiyi etibarnamədə əmlaka dair hüquqlar verilmişdir. Həmin etibarnamə ilə cavabdeh iddiaçının adından hərəkət edir. İddiaçı satılan əmlakın onun mülkiyyəti olmasını hesab etsə idi, vaxtında hüquq mühafizə orqanlarına cavabdehin sui-istifadə edərək onun pulunu mənimsəməsi barədə şikayət edərdi. Lakin belə hal yoxdur. Əksinə iddiaçı qeyd edir ki, cavabdehə qarşı hər hansı iddiası və pretenziyası yoxdur. Bu ilin yanvar ayına kimi tərəflər bir yerdə yaşamışlar. Hazırda isə iddiaçının iddiası heç bir sübutla təsdiq edilmir. Hesab edir ki, məhkəmə tərəflərin faktiki münasibətlərini, işin faktiki hallarını nəzərə alaraq, hüquqi qiymət verərək, iddianın rədd edilməsi barədə qərar qəbul etməlidir. İddiaçı tələb etdiyi 139.000 manatın 1 qəpiyini belə ödəməmişdir. Ona görə də o faktiki olaraq, həmin mənzilin mülkiyyətçisi ola bilməz. Həmin çıxarışın və müqavilənin etibarsızlığı tələbini irəli sürməmişdir. Həmin obyektin tikilməsində və vəsaitin qoyulmasında iddiaçının heç bir rolu yoxdur və iştirakı olmamışdır. İddiaçının cavabdehə hər hansı iddiası olsa idi, cavabdeh onun yanında idi, vaxtında cavabdehə bildirərdi. Bu qədər pullar iddiaçıda ola bilməzdi. Bütün pulların gəlir mənbəyi cavabdeh özü idi. İddiaçının əməllərinə görə hüquq mühafizə orqanlarına müraciət edilmiş, lakin məhkəmədə mülki işə baxıldığı üçün məhkəmə hər hansı cinayət əməlini aşkar etsə xüsusi qərardad çıxarıb prokurorluq orqanına göndəriləcəyini bildirilmişdir. Hazırda əqdin etibarsızlığı tələbini ona görə qoymur ki, artıq vaxt keçib, pullar ödənilmişdir, pullar getmiş, obyektlər satılmış, iddiaçı isə 4 ildən sonra cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçı faktiki olaraq cavabdehin həyat yoldaşı olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əmlaklar almış və həmin əmlakları iddiaçının adına rəsmiləşdirmişdir. Bunu ona görə etmişdir ki, 30 ildir ki iddiaçı ilə bir yerdə yaşayırlar. Onun etibarından istifadə edilmişdir. 30 il ərzində aralarında söz-söhbət olmamışdır. İddiaçı onun evinin xanımı olmuşdur. İddiaçı 2 il əvvəl xəstələnmiş və onu Moskva şəhərinə bacısıgilə yola salmışdır. O, bu gün də iddiaçını qəbul edər, xəstə adamdır, onun qulluğunda dayanar. Ancaq onu aldadaraq, əmlakını mənimsəməli deyildi. İddiaçının özünün, ata və anasının heç nəyi olmamışdır, yalnız mikrorayonda 2 otaqlı evləri olmuşdur. Obyektinin üstündə yerləşdiyi üçün həmin evi də o almışdır. Həmin zaman iddiaçı ilə görüşmüş və bir yerdə yaşamışlar. Onlar üçün Yasamal rayonunda yerləşən ev də almışdır. Onun adına iddiaçı tərəfindən verilmiş etibarnamə olmuşdur. O, ömür boyu işləmiş, əziyyət çəkmiş, pul qazanmışdır. İddiaçı isə işləyərək, cüzi məbləğdə pul qazanmışdır. İddiaçı əvvəl hərbi zavodda aşağı məbləğdə maaş almış, o hətta iddiaçını bərbər işinə də düzəltmişdir. İddiaçı tərəf dələduzluq edərək onun etibarından sui-istifadə etmişdir. Bunları vaxtında bilsə idi, əmlakları bacısının adına keçirərdi. Suala cavab olaraq bildirir ki, digər şəxslə rəsmi nikahı hazırda da davam edir. Rəsmi nikahda olduğu qadının adına əmlakları rəsmiləşdirməməyi ilə bağlı bildirir ki, o, iddiaçı ilə yaşamış və iddiaçıya etibar etmişdir. 139.000 manata satılan əmlakın pulundan iddiaçıya 6 min manata xəz dərili gödəkçə almış, məbləğ ümumi istifadəyə xərclənmişdir, 30 ildə iddiaçı üçün hər şey etmişdir. İddiaçı ilə rəsmi olmasa da, faktiki nikahda olmuşdur. Bütün satdığı əmlakların pulunu iddiaçı ilə yaşadığı evə gətirmiş. 139.000 manat məbləğin ümumi istifadəyə xərclənməsini yaşayışı ilə, qonşuları ilə sübut edə bilər. 2007-ci ildə əmlakı iddiaçının adına keçirməyə heç kim təzyiq etməmiş, könüllü olaraq əmlakı iddiaçının adına rəsmiləşdirmişdir. İki ildir ki, iddiaçı münasibətləri korlanmış, iddiaçıda xərçəng xəstəliyi aşkarlandıqdan sonra o bunları etmişdir. İddiaçı 50-100 min manat pulu heç vaxt bir yerdə görməyib, pulu birgə yaşadıqları evə gətirsə də iddiaçının əli pula dəyməmişdir. Pulu evə qoymuş və xərcləmiş, iddiaçını xaricə gəzməyə aparmışdır. Pulları xərcləyərkən isə iddiaçının razılığını almışdır, çünki iddiaçı ilə yaşamışdır. Əmlakı çox olduğundan rəsmi nikahda olduğu qadından əmlakları yayındırmaq üçün iddiaçının adına əmlakları rəsmiləşdirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - satıcı qismində X6 və alıcı qismində İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, 1 saylı mənzili 46.680 manat müqabilində alıcıya satmışdır. Müqavilə alıcı və satıcı tərəfindən şəxsən imzalanmışdır. - AR DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40,5 m2 olan 2 otaqlı 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. - satıcı qismində İddiaçı və alıcı qismində X5 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, 1 saylı mənzili 139.000 manat müqabilində alıcıya satmışdır. Müqavilə alıcı tərəfindən şəxsən, satıcı tərəfdən isə İddiaçı xx.xx.2019-cu il tarixli etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən imzalanmışdır. - Notariat işi materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli məktuba əsasən alğı-satqı müqaviləsi üzrə 139.000 manat məbləğində pul X5 tərəfindən Cavabdeh ödənilmişdir. - İddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən müəyyən edilir ki, o, Cavabdeh qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh uzun müddət nikahdan kənar münasibətlər qurmaqla birlikdə yaşamışlar. Mübahisə predmeti olan ünvan 3, 1 saylı mənzil xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və mənzil barədə mülkiyyət hüquqları xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə iddiaçının adından alğı-satqı müqaviləsi bağlanaraq mənzil 139.000 manat müqabilində satılmışdır. Həmin alğı-satqı müqaviləsini isə iddiaçının adından etibanamə üzrə nümayəndəsi olaraq Cavabdeh imzalamış və satışdan əldə edilən məbləği tam şəkildə təhvil almışdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakın satışından əldə edilmiş məbləğin cavabdeh tərəfindən ona təqdim edilmədiyini bildirərək 139.000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə mübahisə predmeti olan mənzilin onun öz əmlakı olduğunu, formal olaraq iddiaçının adına qeydiyyata alındığını, buna baxmayaraq satışından əldə edilmiş məbləğin yarısını iddiaçıya verdiyini və iddiaçının cavabdehə qarşı hər hansı tələbinin olmadığı barədə notarial qaydada tərtib edilmiş ərizəsinə istinad edərək iddianın əsassız olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh mübahisə predmeti olan ünvan 3, 1 saylı mənzilin onun gəlirləri hesabına və onun tərəfindən alındığını, lakin formal olaraq iddiaçının adına qeydiyyata alındığını bildirsə də, buna dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh mənzili etibarnamə əsasında satdığını etiraf edir. Həmçinin satışdan əldə edilən pul məbləğinin cavabdehə təqdim edildiyi (hesaba köçürüldüyü) iş materialları ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh həmin mənzilin satışından əldə edilmiş gəlirin ½ hissəsini iddiaçıya verdiyini bildirsə də, mülkiyyətçiyə iddiaçıya onun tərəfindən hansı məbləğdə və qaydada pulun verilməsinə dair sübut yoxdur. Cavabdehin etirazının digər dəlili isə iddiaçı tərəfindən notarial qaydada tərtib edilmiş və məzmununda cavabdehə qarşı hər hansı iddiasının olmadığını bildirən xx.xx.2022-ci il tarixli ərizədir. Məhkəmə qeyd edir ki, həmin xx.xx.2022-ci il tarixli ərizə hazırkı mübahisə üzrə sübut əhəmiyyətinə malik deyildir. Belə ki, qeyd olunan ərizədə iddiaçı cavabdehə qarşı iddiasının və tələbinin olmadığını bildirsə də, bunu konkret olaraq hansı münasibətlər, öhdəliklər və ya əmlak barəsində bağlı olduğu ərizədə öz əksini tapmamışdır. Bu halda xx.xx.2022-ci il tarixədək iddiaçı və cavabdeh arasında yaranmış və ya bundan sonra yaranacaq hər hansı münasibətlərə qeyd olunan ərizə üzrə İddiaçı mövqeyi əsas götürülərək Cavabdeh hər hansı məsuliyyətdən azad edilməsi ilk növbədə məhz İddiaçı, sonra isə digər şəxslərin hüquqularının pozulmasına səbəb olmaqla qanunvericiliyin tələbinə ziddir. Məhkəmə qeyd olunan ərizə ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan mənzil xx.xx.2019-cu il də satılmış, həmin ərizə isə xx.xx.2022-ci ildə, yəni əmlak satıldıqdan uzun müddət sonra tərtib edilmişdir. Bu halda həmin ərizə iddiaçının mübahisə predmeti olan mənzilin cavabdeh tərəfindən satılmasına razılığı kimi qiymətləndirilə bilmədiyi kimi, eyni zamanda iki ildən çox vaxt keçdikdən sonra tərtib edilmiş bu ərizənin məhz həmin mənzilə aid olmasına dair heç bir dəlil və əsas yoxdur. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında qeyd olunan ərizənin tərəflər arasında digər daşınmaz əmlakın, yəni bağ evinin satışından bilavasitə sonra verildiyini qeyd etmişdir. Dolayısı ilə məhkəmə hesab edir ki, qeyd olunan ərizə bağ evi ilə bağlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh hazırda iddia edir ki, İddiaçı ona verdiyi etibarnamə əsasında pərdələnmiş əqd bağlamaqla özü üçün alqı-satqı müqaviləsi bağlamış və həmin daşınmaz əmlakı onu adına rəsmiləşdirmişdir. Halbuki, MM-nin 359.3cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə bütün qeyd olunanları və işin hallarını nəzərə alaraq hesab edir ki, nə qədər ki, iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə edilən 139.000 manat pul məbləğini cavabdeh təhvil almış və həmin məbləğin iddiaçıya çatdırılması sübut olunmur, bu halda cavabdeh həmin pulu özündə saxlayaraq əsassız olaraq varlanmış hesab edildiyindən 139.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hər hansı ərizə və ya vəsatət daxil olmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmçinin həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi 139.000 manat məbləğində pulun tutulması hissədə təmin edildiyindən ödənilmiş 439 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 139.000 (bir yüz otuz doqquz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 439 manat olmaqla, cəmi 139.439 (bir yüz otuz doqquz min dörd yüz otuz doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 139.000 (bir yüz otuz doqquz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 439 manat olmaqla, cəmi 139.439 (bir yüz otuz doqquz min dörd yüz otuz otuz doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar