Məhkəmə qərarları › İş №e-2(004)-3486/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3486/2025

21.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3486/2025 21.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi və müdaxilənin aradan qaldırılması tələbinə dair iş üzrə (açar sözlər: müdaxilənin aradan qaldırılması, subyektiv hüquq) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxsin vəkili və nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı, iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs X12 olmaqla qeyri-yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi və müdaxilənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda yerləşən 600 kv.m sahəsi olan qeyri-yaşayış sahələri ilkin olaraq 300 kv.m. hissəi İddiaçı firmasının, 300 kv.m hissəsi ‘AMT LTD” MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir.

2. QYM seriyalı, 000546 nömrəli Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda digər mənzillərlə yanaşı 300 kv.m qeyri-yaşayış sahəsi İddiaçı şirkətinin, 300 kv.m hissəsi isə "xxxx" şirkətinin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

3. xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, "xxxx" şirkəti tərəfindən 300 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh bağışlanmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda 72 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi X9 adına qeydə alınmışdır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 27/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin iddiaçı Cavabdeh istifadəsinə verilməsi, cavabdeh X8 ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-527/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh istifadəsinə verilməsi, cavabdeh X12 ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)- 103/2025 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən onlara məxsus qeyri-yaşayış sahəsinin naturada yerində müəyyən edilərək cavabdehdən alınması və həmin sahədən sərbəst manesiz istifadə hüququna cavabdeh tərəfindən yaradılan müdaxilənin qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, İddiaçı şirkəti podratçı olmaqla sifarişçi "xxxx" MMC ilə bağlanmış xx.xx.1999-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasını inşa edib təhvil vermişdir. Həmin podrat müqaviləsinin şərtlərinə əsasən "xxxx" MMC şirkətinin podratçı İddiaçı şirkətinə ödənişi inşa edilən binanın yaşayış sahələri və qeyri-yaşayış sahələrini bərabər ölçüdə bölünməsi yolu ilə tənzimlənməli idi. Müqavilədə hər bir tərəfə 300 kv.m qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. İnşa edilən binada qeyri-yaşayış sahələri zirzəmidən, birinci mərtəbədən və mansardan ibarət olmuşdur. İddiaçı şirkəti ona verilmiş çıxarış və texniki pasport əsasında ona məxsus 300 kv.m qeyri-yaşayış sahəsinə (204 kv.m sahəsini X6 və 72 kv.m sahəsini isə X1. 204 + 72 = 276 kv.m. 300-276=24 İddiaçı şirkətində qalan 24 kv.m sahə) mülkiyyət hüququ əldə etmişdir. "xxxx" MMC isə özünə məxsus 300 kv.m sahəni təsisçi X2 Aliyə Musayevnaya bağışlamışdır. Lakin İddiaçı şirkəti özünə məxsus 300 kv.m. qeyri-yaşayış sahəsinə texniki pasport almasına baxmayaraq "xxxx" MMC daha sonra isə Aliyə Musayevna özünə məxsus olan 300 kv.m. qeyri-yaşayış sahəsinə (hazırda mülkiyyət hüququ ilə Aliyə Musayevnaya məxsus olan) texniki pasport əldə etməmişdir. Qeyd edilən səbəbdən xeyli müddətdir ki, İddiaçı şirkəti Aliyə Musayevnanın istifadəsində qalan özünə məxsus olan sahədən istifadə edə bilmir və mülkiyyət hüququ pozulur.

b) iddiaya qarşı etiraz

10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Üçüncü şəxsin vəkili və nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasındakı mübahisə səbəbindən onlara ziyan dəymişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. Məhkəmə işin hallarını maddi hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməməlidir.

19. İddiaçı ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən onlara məxsus qeyri-yaşayış sahəsinin naturada yerində müəyyən edilərək cavabdehdən alınması və həmin sahədən sərbəst maneəsiz istifadə hüququna cavabdeh tərəfindən yaradılan müdaxilənin qarşısının alınmasını tələb edir.

20. İddiaçının bildirdiyinə görə ona verilmiş 300 kv.m qeyri-yaşayış sahəsinin 204 kv.m hissəsini X6, 72 kv.m hissəsini isə X4, yerdə qalan 24 kv.m hissədən ibarət sahəyə isə mülkiyyət hüququ əldə etmişdir.

21. Lakin, qalıq 24 kv.m sahəyə mülkiyyət hüquqlarının əldə edildiyini təsdiq edən sənəd iddiaçı tərəfindən təqdim edilməmiş, məhkəmə tərəfindən sorğu verilsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən müsbət və ya mənfi cavab, müvafiq sənədlər məhkəməyə verilməmişdir.

22. İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi 2000-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə istinad etsə də, həm özünün iddia ərizəsində qeyd etdiklərindən, həm iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünən odur ki, sözügedən qeyri-yaşayış sahəsi hissə-hissə olmaqla digər şəxslərə satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin 72 kv.m hissəsinin özgəninkiləşdirilməklə yekunda X8, 228 kv.m hissəsinin isə X5 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındığı işdəki sübutlarla işin halları qismində təsbit edilmişdir. Ümumiyyətlə, ünvan 2 ünvanda hər biri 300 kv.m olan, əvvəlcə hazırkı iddiaçı və "xxxx" MMC-yə verilmiş qeyri-yaşayış sahələrinin cari mülkiyyətçiləri arasında mülkiyyətlərindəki sahələrin naturadakı yerləri ilə bağlı mübahisə mövcud olmuş, həmin mübahisə bu iş üzrə iddiaçı proseslərə cəlb edilmədən, uzun çəkən məhkəmə araşdırmaları nəticəsində öz həllini tapmış, yekun məhkəmə aktı qəbul edilmişdir.

23. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektivi hüququ mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, şəxs özünün qanunla qorunan hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.

24. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı X3 Cavabdeh qarşı, iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs X12 olmaqla qeyri-yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi və müdaxilənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar