Məhkəmə qərarları › İş №e-2(004)-3517/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3517/2020

01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3517/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh idarə etdiyi olan Hyundai Grandeur markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir, cilalama və rəgləmə işlərinin görülməsi üçün İddiaçı MMC-nin Həsənbəy Zərdabi prospektində yerləşən satış və servis mərkəzinə gətirmişdir. Nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra görüləcək təmir işlərinin dəyərinin 950 (doqquz yüz əlli) manat məbləğində olması müəyyən edilmiş və bu məbləğ tərəflər arasında razılaşdırılmışdır. Təmir işləri icra edilib başa çatdıqdan sonra cavabdehə nəqliyyat vasitəsinin təmir işlərinin başa çatması barədə məlumat verilmişdir. Cavabeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin Həsənbəy Zərdabi prospektində yerləşən satış və servis mərkəzinə gələrək 950 (doqquz yüz əlli) manat məbləğində xidmət haqqını ödəmədən Hyundai Grandeur markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini götürərək çıxıb getmişdir. Servis mərkəzinə gələrkən və onu tərk edərkən cavabdehin hərəkətləri nəticəsində onunla İddiaçı MMC-nin əməkdaşları arasında mübahisə və münaqişə yaranmışdır. Bu səbəbdən də İddiaçı MMC cavabdehin hərəkətləri ilə bağlı Yasamal rayon Polis idarəsinə müraciət etmişdir. Lakin Yasamal RPİ cavabdeh barədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sonradan cavabdeh 450 (dörd yüz əlli) manat və 200 (iki yüz) manat olmaqla ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində pulu İddiaçı MMC-yə ödəsə də, xidmət haqqının qalan 300 (üç yüz) manat məbləğində hissəsini ödəməkdən imtina etmişdir. Bunun da nəticəsində İddiaçı MMC-yə maddi zərər dəymiş və cəmiyyətin hüquqları pozulmuşdur. Cavabdeh göstərilmiş xidmətin haqqını tam şəkildə ödəməkdən boyun qaçırdığı üçün onlar pozulmuş hüquqlarını müdafiə etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən cavabdeh X2 300 manat məbləğində xidmət haqqının və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı MMCyə verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS bildiriş) göndərilmiş və eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, Birliyin məlumatına əsasən bildiriş cavabdehə çatıdırlmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni,işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdimolunmasıiddiaçınınbirbaşavəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh 2019-cu ilin iyun ayının əvvəli özünə məxsus olan Hyundai Grandeur markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir, cilalama və rəgləmə işlərinin görülməsi üçün İddiaçı MMC-nin Həsənbəy Zərdabi prospektində yerləşən satış və servis mərkəzinə gətirmiş, nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra görüləcək təmir işlərinin dəyərinin 950 (doqquz yüz əlli) manat məbləğində olması müəyyən edilmiş və bu məbləğ tərəflər arasında razılaşdırılmışdır. İşin bu halları iş materiallarında olan F00724082 və F00721484 saylı servis kartları və xx.xx.2020-ci il tarixli cinayət işinin başlınılmasının rədd edilməsi haqqında qərarda cavabdehin etiraf edici izahatı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda işin halları ilə cavabdeh tərəfindən görülmüş işlərin dəyəri olan 950 manat məbləğində ödənişdən cəmi 650 manat ödəniş etməsi müəyyən edilmişdir. Cavabdeh tərəf xx.xx.2020-ci il tarixli cinayət işinin başlınılmasının rədd edilməsi haqqında qərarda verilmiş izahatında ona 300 manat endirim edilməsini bildirsə də, iş materiallarında bu halları təsdiq edəcək sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəlbnin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar