Məhkəmə qərarları › İş №e-2(004)-3537/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3537/2025

09.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3537/2025 09.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 54.93 kv.m. olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 54.93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 71,5 kv.m. olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1-ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: Yaşayış evləri uzun müddət təmirsizistismar edildiyindən köhnəlmiş və fizikiaşınmaya məruz qalmışdır; Yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və ikitərəfli çatlar mövcuddur; Torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarında isə suvaq qatları və hörgü məhlullarıaşınmışdır; Evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır; Baxış keçirilərin bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Bu tikililər metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaq yerinə yetirilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir ki, bu da zəlzələ təhlükəsi mövcud olan bu region üçün çox faciəvi nəticələrin baş verməsinə səbəb ola bilər; Yaşayış evlərimövcud tikinti norma və qaydalarına cavab vermir; Yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, № 1603 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli Sərancamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X7 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarının “Bakı Dövlət Layihə İnstitutu” BDLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdaərsinin xx.xx.2022-ci il tarixli, № Tİ-133/22 saylı obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X7 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "Lux Residence” MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəlisürür,evlərisökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri,Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X7 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Nəzərinizə çatdırmaq istəyirik ki, İddiaçı MMC tərəfindən ayrılmış torpaq sahəsində onlarla mülkiyyətçi ilə razılığa gəlinərək köçürülmüş, tikilməli olan yeni binaların əksəriyyəti tamamlanmışdır. Lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır. İddiaçı MMC cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin kəsişməsində olan ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1 ünvanında yerləşən qanunsuz tikili olan evin mülkiyyətçisi Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanında yerləşən 54.93 kv.m. faktiki sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 71.5 kv.m. yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 (altı yüz) manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıca aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırki iddia təmin edilməli və ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş cavabdehə məxsus olan evin əvəzinə yeni tikiləcək binanın 10-cu blokunda, 3-cü mərtəbədə, ümumi sahəsi 71.5 m sahədən ibarət təmirli mənzilin tikilib təhvil verilməsi və aylıq 600 (altı yüz) manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki istifadədə 54,93 kv.m. olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 54,93 kv.m. olan evin əvəzinə Cavabdeh 170000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehin tələb etdiyi məbləğ 350 000 manat - evin sahəsinə münasibətdə çox yüksəkdir. Bu səbəbdən cavabdehlə aralarında razılıq əldə olunmamışdır. Cavabdehin istifadəsində olan evin faktiki sahəsi 54,93 kv.metrdir. Cavabdehin evinin hüquqmüəyyənedici sənədi - çıxarışı yoxdur. Təqdim etdikləri çıxarışda olan şəxslərlə cavabdehin uzaq qohumluq münasibəti olsa da, bir-biri ilə əlaqəli şəxs deyillər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, ona verilən suallara cavab olaraq bildirdi ki, evinin ölçüsünü düzgün ölçməyiblər. O, iddiaçıdan ev istəmir. İddiaçı MMC-dən 350000 manat pul tələb edir. 170000 manat kompensasiya məbləği ilə razı deyil. Cavabdehdən tələbi evinin faktiki sahəsinə uyğun olaraq, yəni 76 kv.metrə uyğun olaraq kompensasiya verilməsidir. Evin kvadratını 4000 manata satmaq fikri var. Evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun evindən daha az ölçüsü olan evlər kifayət qədər yüksək məbləğlə satılmışdır. X1b. Həyat yoldaşının adı X2 olub. Qasımova Fəridəni tanımır. Məlikovların evləri ayrıdır, onların evində yaşamır. Zülfüqarov Fəxrəddinlə əlaqəsi yoxdur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qiymətləndirici X6 izahatında qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında verilmiş suallara əsasən cavab verilmişdir. Tədqiqat obyektinə baxış keçirilərkən tərəflər iştirak ediblər. Fərdi yaşayış evinin faktiki sahəsi 54.93 kv.metrdir. 1-ci mərtəbədə yaşayış olmamış, ümumi istifadədədir. Yaşayış sahəsi dedikdə isə yalnız daxili, yəni iç ölçülər nəzərə alınır. Cavabdehin tələb etdiyi isə çöl hissədən mənzilin ölçüsünün hesablanması idi, amma qanunvericilik normalarına əsasən faktiki sahə içdən-içə ölçülmüşdür. Kirayəyə görə müəyyən edilmiş məbləğ isə həmin ərazidə 500 metr məsafədə olan əmaklara uyğun olaraq 500 manat hesablanmışdır. Əmlakın orta bazar qiyməti isə 141000 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1603 saylı, 31 avqust 2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 42000 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2020-ci il tarixdən hesablanır və icarəçi hər il 146.764 manat icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 28 aprel 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir. Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır. Baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikitni norma və saydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/0xx/xx-2025 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 141000 manat və hazırki dövrə olan orta Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ünvan 2 ünvanında yerləşən özbaşına tikili 54,93 kv.m. sahədən ibarətdir. Həmin tikiliyə görə cavabdehə 170000 manat təklif edilir, buna baxmayaraq cavabdeh iddiaçı ilə razılığa gəlməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli sərəncamı təşkil edir və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidirki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. O cümlədən məhkəmə qeyd edir ki, tərəflər arasında cavabdehə məxsus evin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf evin sökülməsi ilə bağlı olmamış, cavabdehin sökülməli olan evinin müqabilində ona veriləcək pul ekvivalenti olaraq əvəzin həcmi ilə bağlıdır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Belə ki, cavabdeh izahatında 350 000 manat kompensasiya verilməsini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməlidir. Məhkəmə tərəfinən keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq, mübahisəli mənzilin orta bazar dəyərinin 141000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdehə mübahisə predmeti olan evin bazar dəyərindən (141000 manat) daha artığının - 170000 manat təklif edilməsinə baxmayaraq cavabdehin 350000 manat kompensasiya tələb etməsi iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. Cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə edilib, lakin tikinti məhz cavabdehin mülkiyyətində olan evin sökülməsi mümkün olmadan tikintinin aparılmasını mümkünsüz edir. Məhkəmə kompensasiya məbləği ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 170000 (yüz yetmiş min) manat məbləğində kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus ev boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 17 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, m/h AZ94İBAZ********************, SWİFT kodu İBAZAZ2X) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 170000 (yüz yetmiş min) manat məbləğində kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus ev boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilsin. İş üzrə 17 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, m/h AZ94İBAZ********************, SWİFT kodu İBAZAZ2X) hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar