Məhkəmə qərarları › İş №e-2(004)-363/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-363/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-363/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlərdən 3931,69 (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) manat pul və 59,71( əlli doqquz manat yetmiş bir qəpik) dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan ** TJ *** dövlət qeydiyyat nişanlı HyundaiAccent markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ümumilikdə 8931,69 manat (7569,23 manat təmir xərcləri və 1362,46 manat ƏDV ) məbləğində müəyyən edilmişdir. Təqsirli tərəfin icbari sığortası “Atəşgah Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000 manat ( beş min) məbləğində vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 3931,69 manat (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan X1 Cəmiyyətinin zərər aktına əsasən müəyyən edilir ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı avtonəqliyyat vasitəsinin yekun təmir xərci 8931,69 (7569,23 manat təmir xərcləri və 1362,46 manat ƏDV ) manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Sığorta Aktına əsasən müəyyən edilir ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər və sığorta ödənişi 8931,69 manat ( səkkiz min doqquz yüz otuz bir manat, altmış doqquz qəpik) manat təşkil edir. 8931,69 (səkkiz min doqquz yüz otuz bir manat, altmış doqquz qəpik) manat məbləğində sığorta ödənişi avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən müəyyən edilir ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalı olmuşdur. İş materiallarında olan sığorta şəhadətnaməsinə əsasən müəyyən edilir ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crelais markalı sığorta predmetinin 206.948,53 manat, sığorta məbləği 206.948,53 manat,sığota haqqı 4.868,46 manat, şərtsiz azadolma məbləği isə 1.000,00 manat təşkil edir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Cavabdeh2 Yasamal RPİ DYPŞ-nə ünvanladığı izahatında baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirini etiraf etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Hal-hazırki işdə Cavabdeh1 məxsus, ** TJ *** dövlət qeydiyyat nişanlı HyundaiAccent markalı avtonəqliyyat vasitəsi üçün etibarnamə mövcud deyildir. Belə ki, Cavabdeh2 tərəfindən ** TJ *** dövlət qeydiyyat nişanlı HyundaiAccent markalı avtonəqliyyat vasitəsinin etibarnamə əsasında idarə olunması barədə iş materiallarında hərhansı sübut mövcud deyildir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.

3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh2 və digər Cavabdeh1 münasibətdə hər 3 dispozitiv şərt yerinə yetirilmişdir. MM-in 1108.1-ci maddəsinə əsasən Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki işdə Cavabdeh2 avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə üzrə idarəetmək hüququ olması müəyyən edilmədiyindən mülki hüquqi məsuliyyəti həmçinin MM-in 1108.1-ci maddəsinə əsasən qanuni mülkiyyətçi Cavabdeh1 daşımalıdır. Məhkəmə tərəfindən cavabdehlərlə əlaqə saxlanılaraq müvafiq etibarnamənin mövcud olması təqdirdə həmin sənədin məhkəməyə təqdim edilməsi nəzərə çatdırılsa da (mobil telefon vasitəsilə zəng edilmiş, bunun üçün məhkəmə iclası 2 dəfə təxirə salınmışdır), Cavabdeh2 avtomobili idarə etmək hüququ barədə etibarnamənin mövcud olmadığını bildirmişdir. İş materiallarına əsasən də, Cavabdeh1 avtomobili Cavabdeh2 hansı hüquqi əsasla (etibarnamə və s.) verməsi müəyyən edilmir. Şəxsin hüquqi əsas olmadan avtomobil idarə etməsinə görə inzibati məsuliyyətə cəlb olunmaması ehtimalı mülki iş üzrə gəlinəcək nəticəni dəyişə bilməz. Məhkəmə icraatı inzibati xəta haqqında DYP-nin hüquqi hərəkətlərindən asılı edilə bilməz. Əgər həqiqətən da müvafiq etibarnamə mövcud olmuşsa, məhkəmə təqdim edilməli və qərar qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınmalı idi. Məhkəmə qeyd edir ki, Cavabdeh2 və Cavabdeh1 hazırki iddia tələbi üzrə məsuliyyətinin qanuni əsası mövcuddur. Cavabdeh2 təqsiri müvafiq inzibati xəta haqqında qərara müvafiq olaraq müəyyən edilmişdir. Bu səbəbdən, Cavabdeh2 qarşı iddia tələbi qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilərkən ilk öncə mübahisənin qanuni əsası müəyyən edilməklə cavabdehin məsuliyyətinin əsası müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər tərəfindən aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti həyata keçirilməmişdir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 3931,69 manat (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) məbləğində vəsait və ödənilmiş 59,71( əlli doqquz manat yetmiş bir qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 59,71 (əlli doqquz manat yetmiş bir qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3931,69 manat (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) məbləğində pul və ödənilmiş 59,71 (əlli doqquz manat yetmiş bir qəpik) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar