Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3645/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının idarə etdiyi ** LS *** dövlət nömrə nişanlı "Ford Fusion" markalı avtomaşına vurduqları ziyana görə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 BOKT MMC-dən müştərək qaydada 4620 manat maddi ziyan, 1234 manat pul əlavə maddi ziyan, əldən çıxmış faydaya (gəlirə) görə 6000 manat pul, vəkilin hüquqi xidmətinə görə 225 manat, məhkəməyə ödənilən dövlət rüsumuna görə 128 manat, mənəvi ziyana görə 300 manat, ümumilikdə 12507 (on iki min beş yüz yeddi) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 21605 radələrində idarə etdiyi **-LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobillə Bakı şəhəri, M.Məmmədzadə küçəsində hərəkətdə olarkən N.Hacıyev küçəsi ilə kəsişmədə sağdan gələn və Cavabdeh2 BOKT MMC-yə məxsus «Chevrolet Cruze» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 nəqliyyat vasitəsində həmin nəqliyyat vasitəsi sahibinin olmadığı və həmin avtomaşını etibarnamə olmadan idarə edərkən iddiaçının idarə etdiyi həmin avtomobilini sağ arxa tərəfdən vuraraq hadisə yerindən yayınmaqla oradan uzaqlaşıb getmişdir. Bunun nəticəsində iddiaçının avtomobili əzilərək bərbad vəziyyətə düşmüşdü rvə avtomobilə külli miqdarda ziyan dəymişdir. Hadisədən bir neçə dəqiqə sonra oraya DYP-nin əməkdaşlarıtəhqiqatçılar gəlmiş, hadisə yerinin fotoşəkillərini çəkərək müayinə etmişlər, protokol yazılaraq izahatları almışlar. Sonra söhbət zamanı «Chevrolet Cruze» markalı avtomaşının sürücüsü Cavabdeh1 iddiaçıya demişdir ki, o, iddiaçının avtomobilinə vurulan ziyanı ödəyə bilməyəcək və buna onun maddi imkanı yoxdur. İddiaçı sözügedən avtomobillə kosmetik vasitələrin satışı ilə məşğul olur hər ay 1500 manatdan artıq qazancım olurdu. Avtomaşını olmadığından 4 aydan çoxdur ki, həmin qazancından olmuş və avtomobilin kreditinə görə də 2 ay anasından 617 manat alaraq 1234 manat krediti ödəmişdir. Avtomobilim saz vəziyyətinə düşməsi 2025-ci ilin mart ayına çəkdi. Bunun da nəticəsində iddiaçıya 4620 manat ziyan dəymişdir. Bunu "Deluxe Pro" təmirdən verilən xx.xx.2025-ci il tarixli təmir üçün xərclər siyahısı da təsdiq edir. Bu yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq DYP xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən da qeyd olunur ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə saat 21:05 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yolayrıcını keçmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, hadisə yerindən yayınmışdır. Sözügedən hadisə ilə əlaqədar həmin qərar ilə Cavabdeh1 İXM-nin 327.2, 332.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmiş və o, 100 (bir yüz) manat cərimə edilmişdir. İddiaçı cavabdehlərə bir neçə gün sonra da pretenziya ilə bildirmişdir ki, bu hadisə nəticəsində iddiaçıya 11854 manat maddi ziyan dəymişdir, həmin ziyan ödənilməlidir. Lakin, cavabdehlər ziyanı ödəməmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan etibarnaməyə əsasən müəyyən edilir ki, **-LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilin mülkiyyətçisi X1r. Həmin avtomobil etibarnamə əsasən İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 327.6cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına Deluxe Pro tərəfindən tərtib edilmiş təmir aktı əlavə edilmişdir. Sözügedən akta əsasən müəyyən edilir ki, **-LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilə vurulmuş zərərin həcmi (təmir-bərpa xərci) ümumilikdə 4620 manat təşkil edir. İş materiallarında olan X3 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən **-LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilin təmir-bərpa xərci 4620 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. İş materiallarında olan İcbari Sığorta Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı olmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-29/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı “X6 Kredit Təşkilatı” MMC-nin cavabdeh X2 qarşı lizinq predmetinin saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi dair iddiası təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, **-LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilin mülkiyyətçisi X1r. Həmin avtomobil etibarnamə əsasən İddiaçı istifadəsinə verilmiş və sonuncunun sahibliyindədir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Deluxe Pro tərəfindən tərtib edilmiş təmir aktına əsasən, **- LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilə vurulmuş zərərin həcmi (təmir-bərpa xərci) ümumilikdə 4620 manat təşkil edir. X3 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, **-LS-*** dövlət qeydiyyat nişanlı «Ford Fusion» markalı avtomobilin təmir-bərpa xərci 4620 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. İcbari Sığorta Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı olmamışdır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh1 münasibətdə sözügedən dispozitiv şərtlər yerinə yetirilsə də, digər Cavabdeh2 BOKT MMC-yə münasibətdə yerinə yetirilmir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Mənəvi zərərin tələb üzrə həcmi (300 manat) ədalətli və ağlabatandır. Cavabdeh tərəfindən təqsirli olaraq vurduğu zərərin ödənilməsindən yayınması xüsusatı, iddiaçının uzun müddət avtomobildən idarə edə bilməməsi və digər xüsusatlar iddiaçıya mənəvi zərərin vurulmasına əsas qismində çıxış edir. İddia tələbi 1234 manat əlavə maddi ziyan, əldən çıxmış faydaya (gəlirə) görə 6000 manat pulun tutulması hissəsində əsassızdır, belə ki, həmin hissədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut (lar) təqdim edilməmiş, əsaslı mülahizə bildirilməmiş, tələb həmin hissədə formal mülahizələrlə əsaslandırılmışdır. İddia tələbi yalnız Cavabdeh1 münasibətdə əsaslıdır. Lakin, iddia tələbi Cavabdeh2 BOKT MMC-yə aid olan hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin avtomobilin Cavabdeh1 qanunsuz əsaslarla verilməsi Cavabdeh2 BOKT MMC-nin təqsirindən baş verməsi sübuta yetirilmir, məsuliyyətin (hərəkət (hərəkətsizlik), obyektiv və ya subyektiv təqsir) qanuni əsası mövcud deyildir. Əksinə, müəyyən edilir ki, sözügedən avtomobil Cavabdeh2 BOKT MMC tərəfindən məhz lizinq alan X2 müqavilə əsasında verilmiş, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-29/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən geri tələb edilmişdir (ehtimal edilir ki, həmin avtomobil lizinq alan tərəfindən Cavabdeh1 verilmişdir). Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, hüquqi xidmətlərə görə ödənilmiş 225 manat, ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi və qiymətləndirmə üzrə ödənilmiş 250 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi zərərin əvəzi kimi 4620 (dörd min altı yüz iyirmi) manat maddi ziyan, 300 (üç yüz) manat mənəvi ziyan, hüquqi xidmətlərə görə ödənilmiş 225 manat, ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi və qiymətləndirmə üzrə ödənilmiş 250 manat ekspertiza xərci tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi kimi 4620 (dörd min altı yüz iyirmi) manat maddi ziyan, 300 (üç yüz) manat mənəvi ziyan, hüquqi xidmətlərə görə ödənilmiş 225 manat, ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi və qiymətləndirmə üzrə ödənilmiş 250 manat ekspertiza xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3645/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3645/2025
09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver