Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3685/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər:sığorta) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 2780,00 (iki min yeddi yüz səksən) manat sığorta ödənişi məbləğinin və 47,80 (qırx yeddi manat səksən qəpik) manat dövlət rüsumunun, cəmi 2827,80 (iki min səkkiz yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C180” markalı, ** VF ***dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində “Mercedes Benz C180” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən B.Səfəroğlu küçəsi ərazisində yolnəqliyyat hadisəsi törətmiş, “Toyota Rav-4” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 2780,00 (iki min yeddi yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəsimi Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz C180” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2780,00 (iki min yeddi yüz səksən) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/917 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əhmədov X4 Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
5. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndəriməsi barədə xx.xx.2024-cü il tarixli, GP 27447288 nömrəli qərardada əsasən Cavabdeh barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-160/2025 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
7. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən X2 “Mercedes Benz C180” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh keçmişdir.
8. İddiaçı tərəfindən tərtib olunmuş 25-00099/02/AA-033/25 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz C180” markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə “Chevrolet Cobalt” markalı ** YF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində dəymiş 1380 manat zərər məbləği "xxxx" MMC-nin hesabına köçürülmüşdür.
9. 10.01.2025-ci il tarixli hesablama aktına əsasən “Chevrolet Cobalt” markalı ** YF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1380 manat müəyyən edilmişdir.
10. Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına əsasən “Mercedes Benz C180” markalı ** VF *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50.000 manat dəyərində sığorta olunmuşdur.
11. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Mercedes Benz C180” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir.
12. xx.xx.2025-ci il tarixli, 000736 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 1380 manat məbləğində vəsait köçürülmüşdür.
13. 13.02.2025-ci il tarixli, 000814 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına AA-033/25 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 400 manat məbləğində vəsait köçürülmüşdür.
14. 05.03.2025-ci il tarixli, 000815 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına AA-033/25 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 1000 manat məbləğində vəsait köçürülmüşdür.
15. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən həyata keçirilən 2780 manat sığorta ödənişinin 5 gün ərzində iddiaçıya qaytarılması tələb edilmiş əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
18. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh etibarnamə əsasında istifadə “Mercedes Benz C180” markalı ** VF *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:20-də B.Səfəroğlu küçəsi ərazisində “Mercedes Benz C180” markalı ** VF *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Toyota Rav-4” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin yol-nəqliyyat hadisənin törədilməsində təqsiri müəyyən edildiyindən baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC-nin subroqasiya qaydasında ödədiyi 2780 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 2780 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 47,80 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2780 manat məbləğində vurulmuş zərər və 47,80 manat dövlət rüsumu, cəmi 2827,80 manat (iki min səkkiz yüz iyirmi yeddi manat 80 qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil