Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3688/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mondial 125MH” markalı, 99 F 816 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C 180” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə “Mercedes Benz C 180” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X2 az ağır dərəcəli xəsarət dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz C 180” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1100 manat məbləğində sığorta ödənişi və X2 az ağır dərəcəli xəsarətinə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranıb. Cavabdeh təqsirli olması Yasamal Rayon Məhkəməsinin 1(004)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 2600 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan 138275 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə avtomobilə vurulmuş zərərə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1100 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 138275 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə şəxsin sağlamlığına vurulmuş zərərə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-172/2025 saylı hökmünə əsasən müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərək, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə nəticəsində zərərçəkən X1 az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilmişdir. Cavabdeh 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanmış bildirişə əsasən müəyyən edilir ki, müvafiq yol nəqliyyat hadisəsi ilə əlaqədar ödənilmiş sığorta haqqı subroqasiya qaydasında cavabdehdən tələb edilməklə müvafiq xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normalarıçıxış edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 14.2.4-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına əlillik qrupu təyin müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması nəticəsində vurulan zərərin əvəzi sığorta məbləği 30% nisbətində ödənilir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Mondial 125MH” markalı, 99 F 816 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C 180” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə “Mercedes Benz C 180” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X2 az ağır dərəcəli xəsarət dəymişdir. 138275 nömrəli sığorta aktına əsasən, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə avtomobilə vurulmuş zərərə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1100 manat sığorta ödənişi həyata keçirilmişdir. 138275 nömrəli sığorta aktına əsasən, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə şəxsin sağlamlığına vurulmuş zərərə görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-172/2025 saylı hökmünə əsasən, Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə edərək, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə nəticəsində zərərçəkən X1 az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilmişdir. Cavabdeh 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanmış bildirişə əsasən, müvafiq yol nəqliyyat hadisəsi ilə əlaqədar ödənilmiş sığorta haqqı subroqasiya qaydasında cavabdehdən tələb edilməklə müvafiq xəbərdarlıq edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehə qarşı yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı nəzərə alınmaqla Cavabdeh təqsirli olması xüsusatı müəyyən edilir. Bu səbəbdən, iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, iddia tələbi üzrə sübutetmə (təkzibetmə) funskiyası həyata keçirilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu qaydada cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat pul və ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul və ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3688/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3688/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver