Məhkəmə qərarları › İş №e-2(004)-3725/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3725/2023

17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3725/2023 17.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “X4 Kredit Təşkilatı” MMC və 51 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X4 Kredit Təşkilatı” MMC və 51 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2022-ci il tarixli, 2022/1924 saylı kredit müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İddiaçı 70.000 (yetmiş min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, həmçinin, sözügedən kredit müqaviləsinin təminatı qismində 16 mart 2022-ci il tarixli, 2022/1924 saylı zaminlik müqaviləsi və 17 mart 2022-ci il tarixli, 2022/1924-İP saylı ipoteka müqaviləsi bağlanılmışdır. Daha sonra, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 15 dekabr 2022-ci il tarixdə “İpoteka predmetinə tutmanın yönəldilməsinə haqqında” icra qeydi verilmiş və icra qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydi üzrə ipoteka predmetinə dair məbləğlər artırılmış və icra qeydi pozuntularla həyata keçirilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarına müvafiq olaraq yuxarıda qeyd olunan kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi və notariusun icra qeydi sənədləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə hüquqi əsaslandırmanı aşağıdakı formada həyata keçirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində “müqavilə azadlığı” və “subyektlərin iradə sərbəstliyi” prinsipləri nəzərdə tutulmuşdur. “Prinsip” sözü, “başlanğıc, rəhbər müddəa” anlamanı gəlməklə prinsiplərə zidd olunan müvafiq sahəvi və ya sahələrarası hüquq normaları etibarsız hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi MM-in 421-ci maddəsinin tələbləri nəzərə alınmaqla, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda həyata keçirilə bilər. Yəni, müvafiq tələb üzrə subyektiv hüquq müqavilə şərtlərini icra etməyən tərəfə deyil, əks tərəfə, yəni, qarşı tərəfin müqavilə öhdəliklərinə əməl etməməsi səbəbindən hüquqları pozulan tərəfə aiddir. Müqavilə üzrə qanuni gözləntilərdən məhrum olan tərəf iddiaçı deyil, müqavilə üzrə qarşı tərəfdir. İşin hallarında görünür ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi İddiaçı müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Nəticədə, müqavilə öhdəliklərinin təmin olunması məqsədilə notarius tərəfindən müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlıq xüsusatları mübahisə mövzusu olmamış, həmçinin məhkəmənin özü tərəfindən etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Bundan əlavə, Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən ipoteka müqaviləsi üzrə icra qeydinin ləğv olunması ilə bağlı əsaslar iddia tələbi üzrə müəyyən edilmir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfdən iddia tələbi üzrə aktiv prosessual fəaliyyət həyata keçirilməmiş, sübutetmə fəaliyyət zəif təşkil edilmiş, məhkəmə hazırlıq iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq tələb üzrə subutlar və ya hüquqi əsaslandırma, mülahizələr məhkəməyə təqdim edilməmiş, müdafiə formal əsaslarla həyata keçirilmişdir. İddiaçı tərəfindən bir neçə vəsatət verilsə də, vəsatətlər əsassızlığı səbəbindən məhkəmə tərəfindən təmin edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər “X4 Kredit Təşkilatı” MMC və 51 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar