Məhkəmə qərarları › İş №e-2(004)-3746/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3746/2025

08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3746/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X2rşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X2rşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və X2rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10500 (on min beş yüz) manat məbləğində təhsil haqqı, 1000 (bir min) manat məbləğində hüquqi yardım xərci və 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada Cavabdeh1 və X3 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra qısa olaraq məktəb) tam orta məktəb olmaqla özəl məktəbdir və ödənişli əsaslarla fəaliyyət göstərir. Məktəbdə bir uşağa görə illik təhsil haqqı 6000 (altı min) manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər uşaqları xx.xx.2007-ci il təvəllüdlü X11 təhsilini davam etdirməsi üçün məktəbdə qeydiyyatdan keçirmişdir. Məktəb öz tərəfindən götürdüyü bütün öhdəlikləri tam və lazımınca icra edərək cavabdehlərin uşağını təhsil və digər zəruri təminatlarla təmin etmişdir. Lakin cavabehlər öz öhdəliklərini tam və lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdehlər uşaqları X1 2023-2024-cü təhsil ilinə görə 6000 (altı min) manat məbləğində, 2024-2025-ci təhsil ilinə görə isə 4500 (dörd min beş yüz) manat məbləğində təhsil haqqını ödəmədiyi üçün onların ümumilkdə 10500 (on min beş yüz) manat məbləğində təhsil haqqı borcu yaranmışdır. Yaranmış təhsil haqqı borcunun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlərə şifahi və yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər bu günə qədər öz öhdəliklərini icra etməmişdir. Cavabdehlər təhsil haqqını könüllü şəkildə ödəmədiyindən İddiaçı MMC öz pozulmuş hüquqularını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Məktəb iddia edir ki, bir uşağa görə illik təhsil haqqı 6000 (altı min) manat məbləğində müəyyən edilmişdir. Valideynlərin oğlu X12 təhsilini davam etdirməsi üçün məktəbdə qeydiyyatdan keçirmişdir. Lakin Valideynlər guya öz öhdəliklərini tam və lazımi şəkildə icra etməmişdir. Belə ki, Şagirdin 2023-2024-cü təhsil ilinə görə 6000 (altı min) manat məbləğində, 2024- 2025-ci təhsil ilinə görə isə 4500 (dörd min beş yüz) manat məbləğində təhsil haqqını ödəmədiyi üçün onların ümumilkdə 10500 (on min beş yüz) manat məbləğində təhsil haqqı borcu yaranmışdır. Əvvəla, məktəbdə təhsil haqqı həmişə 5000 (beş min) manat olub. Buna görə tələb edirlər ki, Məktəb Şagirdə dair bütün əvvəlki müqavilə və ödəniş sənədlərini Məhkəməyə təqdim etsin. Çünki Məktəbdə ödənişlər həm nağdsız, həm də nağd qaydada həyata keçirilir. Şagird hazırda 11-ci sinfi bitirib. Son iki il üçün Məktəbin direktor müavini X9 ilə Valideynlər arasında razılaşma olmuşdu ki, ödəniş ildə 3000 (üç min) manat olacaq (əks halda Şagirdi ödənişsiz məktəbə keçirmək istəyirdi Valideynlər). Valideynlər də iki il üzrə ona 4500 (dörd min beş yüz) nağd, 1500 (bir min beş yüz) manat da nağdsız ödəniş ediblər. Etməsəydilər, təbii ki, Şagird iki il ərzində orada nə təhsil ala bilərdi, nə də Məktəbin digər xidmətlərindən yararlana bilərdi.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2023- 2024 və 2024-2025-ci illərdə təhsil haqqı 6000 azn olub. 2023-cü ildə təhsil haqqı ümumiyyətlə ödənməyib. 2024-2025-ci il üçün isə 1500 azn ödənib. Onlar müqavilələri tapa bilmədilər. Çünki məktəbin əməkdaşı valideynlərlə qarşılıqlı şəkildə razılaşıblar ki, təhsil haqqını yarı qiymətə ödəsinlər. Qalan məbləği isə mənimsəyib. Bununla bağlı prokurorluq orqanına da müraciət etmişlər və valideynləri də xəbərdar etmişlər ki, zərərçəkən qismində iştirak etsinlər. 2022-ci ilin müqaviləsi isə var və orada ödəmə köçürmə yolu ilə həyata keçirilib. Prokurorluqda iş yeni başladılıb. Zərərçəkən valideynlər oraya cəlb olunub, lakin hazırki cavabdehlər prokurorluğa getmirlər. Müavin müqavilələri, hətta jurnalları da məhv edib. Yeni jurnal yazaraq əvvəlkini əvəzləyib. Təhsil haqqları ildənilə dəyişib. Həmin illər üzrə də müqavilələr bağlanılıb. Lakin məktəbin əməkdaşı, yəni müavin müqavilələri gizlədib, məsələ ortaya çıxanda yəqin ki, məhv edib. Bu uşaqların da sinif rəhbəri məhz həmin şəxs olub. Uşaqlar barədə məlumat Təhsil Nazirliyinin bazasında var. Lakin məktəbdə bu məlumatlar yoxdur. 1500 nağdsız ödəniş bank hesabına ödənilib.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, o, zərərçəkən deyil. Baxmayaraq ki, onlarda müqavilələr yoxdur, amma onlar prokurorluq işində zərərçəkən deyillər. Burada məktəb zərərçəkən olan bilər. Onlar uşaqları 10-cu sinifdə məktəbdən çıxartmaq istəmişlər, lakin müavin güzəşt edərərək onlarla 3000 manat məbləğində müqavilə bağlamağı təklif etdiyini, lakin digər valideynlərin bu barədə bilməməsini xahiş etmişdir. Onlar da ödənişin 1500 manatını vermiş və məktəbin hesabına ödəmişlər, qalanını isə əlbəəl ödəmişlər.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdeh X6 10500 manat məbləğində təhsil haqqının 5 iş günü ərzində ödənilməsi ilə bağlı xəbərdar edilmişdir.

8. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli təhsil haqqı və nəqliyyat vasitəsindən istifadə haqqı məbləğinin dəyişdirilməsi barədə əmrinə əsasən illiik təhsil haqqı məbləği 6000 manat müəyyən edilmişdir.

9. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli sistemdən çıxarışına əsasən müəyyən olunur ki, X10 təhsil haqqısı üzrə xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 1500 manat ödəniş edilmişdir.

10. İddiaçı MMC ilə X7 arasında bağlanmış tam orta təhsil xidməti haqqında xx.xx.2022-ci il tarixli, 153 nömrəli müqaviləyə əsasən məktəb orta təhsilin dövlət standartı və proqramı, siniflər üzrə tədris planları və proqramları əsasında məktəbin daxili təlimatına uyğun şəkildə dünya təhsilə hazırlanmasını həyata keçirməyi, təhsilalanın valideyni isə bunun müqabilində məktəbə müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür.

11. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən tədris prosesinin ənənəvi üsulla həyata keçiriləcəyi təqdirdə təhsil haqqı nəqliyyat vasitəsindən istifadə etmədikdə 5000 manat müəyyən edilmişdir.

12. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn təhsil haqqını tədris ili ərzində nağd və ya köçürmə yolu ilə, iki dəfəyə - hər yarımilin əvvəlində mütləq ödəməlidir.

13. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə 9 ay xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddətə bağlanılmışdır.

14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.

19. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

21. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

24. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

25. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

26. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

29. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

30. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

31. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 2022-ci ildən etibarən İddiaçı MMC-də təhsil almış, cavabdeh X7 ilə iddiaçı arasında tam orta təhsil xidməti haqqında 2022-2023-cü tədris ilini əhatə edən xx.xx.2022-ci il tarixli, 153 nömrəli yazılı müqavilə bağlansa da, lakin 2023-2024 və 2024-2025-ci tədris illəri ilə bağlı yazılı müqavilə bağlanmamışdır. Həmçinin, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli təhsil haqqı və nəqliyyat vasitəsindən istifadə haqqı məbləğinin dəyişdirilməsi barədə əmrinə əsasən 2023-cü ilin sentyabr ayından etibarən illik təhsil haqqı məbləği 6000 manat müəyyən edilmişdir. Cavabdeh həmin tədris illəri ərzində məktəbdə təhsil almasına baxmayaraq, 2 il üzrə ümumilikdə 12000 manat təşkil edən vəsaiti ödəməmişdir. Hazırda, iddiaçı cavabdeh tərəfindən 1500 manat məbləğində ödəniş edildiyini bildirərək, 2023-2024 və 2024-2025-ci tədris illəri üzrə 10500 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh iddiaya etiraz edərək, məktəbdə təhsil haqqı 6000 manata yüksəldikdən sonra övladını məktəbdən çıxartmaq istədiklərini, lakin məktəbin direktor müavini olan X5 onlara təhsil haqqı 3000 manat olmaqla məktəbdə təhsili davam etdirmələrini təklif etdiyini, onların həmin təkliflə razı olaraq, 3000 manat təhsil haqqı olmaqla müqavilə bağladıqlarını, lakin həmin müqavilənin bir nüsxəsinin onlara təqdim edilmədiyini, iki il 3000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində ödəniş etdiklərini, odur ki, hazırda iddiaçıya heç bir borclarının olmadıqlarına əsasən iddia tələbini qəbul etmirlər.

37. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, tərəflər arasında 2023-2024 və 2024- 2025-ci tədris illəri üzrə yazılı müqavilə bağlanmamışdır, lakin işin mübahisəsiz halıdır ki, X12 həmin tədris illərində İddiaçı MMC-də təhsil almışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilənin bağlanmaması iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı tərəfindən 2023-2024-cü və 2024-2025-ci tədris illəri üzrə təhsil haqqı 6000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, X10 məktəbdə təhsil aldığı 2 il üzrə ödənilməmiş təhsil haqqı cavabdeh tərəfindən ödənilməlidir.

38. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı sözügedən tədris illəri ərzində cavabdeh tərəfindən yalnız 1500 manat məbləğində pulun ödənilməsini bildirsə də, lakin iddiaçı tərəfindən təqdim olunan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli sistemdən çıxarışına əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 1500 manat ödəniş edilmişdir. İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ödənilmiş məbləğlərin əvvəlki tədris ilini əhatə etdiyini qeyd etsə də, məhkəmə bu hissədə iddiaçı ilə razılaşmır. Belə ki, işin mübahisəsiz halıdır ki, tədris ili sentyabrda başlayaraq növbəti ilin iyun ayında yekunlaşır. Baxmayaraq ki, 2023/2024 və 2024/2025 tədris illəri ilə bağlı yazılı müqavilə bağlanmamışdır, lakin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 153 nömrəli müqavilənin 3.2-ci bəndindən görünür ki, valideyn təhsil haqqını tədris ili ərzində nağd və ya köçürmə yolu ilə, iki dəfəyə - hər yarımilin əvvəlində mütləq ödəməlidir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən isə tədris ili sentyabr və iyun aylarını əhatə edir. Göründüyü kimi, 2022/2023 tədris ilinin 2023-cü ilin iyun ayında yekunlaşdığı nəzərə alınsa, xx.xx.2023-cü il tarixində isə artıq 2022-2023-cü tədris ili başa çatdığından həmin tarixdə ödənilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödənilmiş ümumilikdə 4000 manat məbləğində pul 2023-2024-cü tədris ili üçün ödənilmiş hesab edilməlidir. Belə olan halda, 2023-2024-cü tədris ili üçün ümumilikdə 4000 manat (1500+2500=4000), 2025-ci il tədris ili üçün isə 1500 manat ödəniş edilmişdir.

39. Həmçinin, iş materiallarında olan səs yazılarına əsasən müəyyən edilir ki, cavabdehlər tərəfindən təhsil haqqı qismində 1500 manat məbləğində pul ödənilmiş və bu hal məktəbin direktoru tərəfindən təsdiq edilmişdir. Belə olanda halda, cavabdehlər tərəfindən ümumilikdə hər iki tədris ili üçün 7000 manat (4000+1500+1500=7000) ödənildiyini nəzərə alaraq, qalıq məbləğ olan 5000 manat (12000-7000=5000) iddiaçıya ödənilməlidir.

40. Eyni zamanda, məhkəmə hesab edir ki, 2022-2023-cü tədris ilinə dair müqavilə bağlanan zaman yalnız cavabdeh X6 çıxış etdiyindən və məhkəmə tərəflər arasında bağlanmış əvvəlki müqaviləyə istinadən hesab edir ki, hazırda 5000 manat məbləğində pul yalnız cavabdeh X3 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

41. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, 2023/2024 və 2024\2025ci tədris illərinin təhsil haqqısının 6000 manat müəyyən edilməsi cavabdehə da bəlli olduğu halda, məktəbin direktor müavinin təklifi əsasında 3000 manat məbləğində təhsil haqqı ödəmələri hüquqdan sui-istifadə hesab olunmalıdır. Belə ki, hətta cavabdeh 2022/2023-cü tədris ili vaxtında məktəbdə tədris haqqı 3000 manat yox, 5000 manat müəyyən edilmiş, bununla bağlı tərəflər arasında bağlanmış müqavilə cavabadehin özü tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda, əvvəlki tədris illərindən də aşağı məbləğdə məktəbin müqavilə bağlaması məhkəmə tərəfindən ağlabatan hesab olunmur və hüquqdan sui-istifadə hesab olunmalıdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

43. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən xüsusən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

44. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli Plenum Qərarına əsasən Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə o da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Buna görə də tərəflər, o cümlədən X.Mirzəliyev mübahisəli əqd etibarsız hesab edildiyi təqdirdə qarşılıqlı münasibətlər üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir.

45. Yuxarıda qeyd olunan Plenum Qərarında da ifadə olunduğu kimi məktəbdə təhsil alan digər şagirdlərin illik 6000 manat məbləğində təhsil haqqı ödəməklə məktəbdə təhsil aldıqları halda, cavabdehin 3000 manat məbləğində təhsil haqqı ödənilməsi ilə bağlı məktəbin direktor müavini ilə razılıq əldə etməsi ədalətli hesab oluna bilməz.

46. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, cavabdeh X3 5000 manat əsas borc iddiaçı "xxxx" MMC-yə ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir.

47. Həmçinin iddiaçı hüquqi yardıma görə ödənilmiş 1000 manat məbləğində rüsumun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

48. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş məbləğ ağlbatan məbləğdə təmin olunmalı, 500 manat hüquqi yardıma görə ödənilmiş məbləğ cavabdeh X3 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

51. Həmçinin, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilən hissəsinə müvafiq olaraq qismən 70 manat məbləğində cavabdeh X3 tutularaq iddiaçıya ödənilməli.

52. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X3 5000 manat əsas borc, 500 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 70 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5570 (beş min beş yüz yetmiş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar