Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3753/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbinə dair iddiasına dair mülki iş üzrə (açar sözlər: əmlakdan payların naturada ayrılması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pbulik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvandakı ümumi sahəsi 225,90 kv.m olan fərdi yaşayış evinin ¾ hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh2, ¾ hissəsi Cavabdeh3, ¾ hissəsi Cavabdeh1, ¾ hissədən qalan hissə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdən İddiaçı2, ¼ hissəsi İddiaçı1 və ¾ hissədən 1 otaq Cavabdeh4 məxsusdur.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4705 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı1 1/4 payının istifadəsində olan tikililərin sahəsi ilə eynilik təşkil etdiyini, həmin tikililərin yerləşmə vəziyyətinə görə digər tikililərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin istifadəsində olan tikilinin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 11 nömrəli evdən İddiaçı1 payının naturada ayrılmasının “AzDTN 2.7-3 “X3 Layihələndirmə Normalarf’-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evindən İddiaçı2 payının istifadəsində olan tikililərin sahəsi ilə eynilik təşkil etdiyini, həmin tikililərin yerləşmə vəziyyətinə görə digər tikililərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin istifadəsində olan tikilinin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsində yerləşən 11 nömrəli evdən İddiaçı2 payının naturada ayrılmasının “AzDTN 2.7-3 “X3 Layihələndirmə Normalan”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi yerləşən 11 nömrəli fərdi yaşayış evinində payı olan ¼ hissənin digər paylardan naturada ayrılması və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi yerləşən 11 nömrəli fərdi yaşayış evinində payı olan ¾ hissədən qalan hissənin digər paylardan naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, İddiaçı1 və İddiaçı2 ana oğul olmaqla Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi yerləşən 11 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Həmçinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi yerləşən 11 saylı fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləridir.
b) iddiaya qarşı etiraz
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə elmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, № 02/2024 nömrəli Qərardadı: “- 37. İlk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; - 38. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarı);
- 44. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər.”
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvandakı ümumi sahəsi 225,90 kv.m olan fərdi yaşayış evinin ¾ hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdən Cavabdeh2, ¾ hissəsi Cavabdeh3, ¾ hissəsi Cavabdeh1, ¾ hissədən qalan hissə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdən İddiaçı2, ¼ hissəsi İddiaçı1 və ¾ hissədən 1 otaq Cavabdeh4 məxsusdur.
13. İddiaçılar isə hazırda paylı mülkiyyətində olan bu əmlakların naturada bölünməsini xahiş edir.
14. Mübahisə predmeti olan ünvan 1 ünvandakı ümumi sahəsi 225,90 kv.m olan fərdi yaşayış evi üzrə iddiaçıların paylarının - İddiaçı2 ¾ hissədən qalan hissə və İddiaçı1 ¼ hissənin naturada ayrılması texniki cəhətdən mümkündür.
15. Bu barədə xx.xx.2025-ci il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəyə bölgü sxemi əlavə edilmişdir.
16. Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
17. Odur ki, hazırkı halda da paylı mülkiyyətçilərin payının naturada ayrılması təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, bölgünün (ayrılmanın) xx.xx.2025-ci il tarixli ekspert rəyində və rəyə əlavə edilmiş bölgü sxemində göstərilən qaydada həyata keçirilməsi məqsədəmüvafiqdir.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvandakı ümumi sahəsi 225,90 kv.m olan fərdi yaşayış evindən İddiaçı2 ¾ hissədən qalan hissə və İddiaçı1 ¼ hissədən ibarət payları naturada ayrılmalı, ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən tutulmalıdır.
20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. ünvan 1 ünvandakı ümumi sahəsi 225,90 kv.m olan fərdi yaşayış evindən İddiaçı2 ¾ hissədən qalan hissə və İddiaçı1 ¼ hissədən ibarət payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 24 oktyabr 2025-ci il tarixli, 10/4705 nömrəli ekspert rəyi və rəyə əlavə edilmiş bölgü sxeminə uyğun qaydada naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, AZ41NABZ******************** - müxbir hesab, kod: 210005, VÖEN:**********) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə