Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3764/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: subroqasiya) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cacad qızından 1727 (min yeddi yüz iyirmi yeddi)manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 37,27 (otuz yeddi, iyirmi yeddi) manat dövlət rüsumu, ümumilikdə 1764,27(min yeddi yüz altmış dörd, iyirmi yeddi) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 Hibrid” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-dəavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X4 Hibrid” markalı, ** ZZ ***dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Kia Sportage” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “X4 Hibrid” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü CavabdehİXM-in 327.1 və 332.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə 1727 (min yeddi yüz iyirmi yeddi) manat məbləğində maddi zərər dəymişdir. PME240947486 saylı sığorta şəhadətnaməsi üzrə İAS250678 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən1727 (min yeddi yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, ------
İİ. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş 1727 manat məbləğində zərər "xxxx" ASC tərəfindən zərərçəkmiş üçüncü şəxsə ödənilmişdir. Həyata keçirilən sığorta ödənişinin geri qaytarılması üçün 1727 manat məbləğində pul vəsaitinin ödənilməsi xahiş edilmişdir.
8. İAS250678 №-li sığorta aktına əsasən xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 1727 manat təşkil etmiş və iddiaçı tərəfindən X1 ödənilmişdir.
9. 14.04.2025-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 1727 manat məbləğində ödəniş edilmişdir.
10. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 09:07-də R.Rza – S.Rəhimov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman X2 mülkiyyətində olan “X4 hibrid” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Cavid qızı tərəfindən etibarnaməsiz idarə olunmuşdur.
11. xx.xx.2025-ci il tarixli, TP7128813 nömrəli inzibati təhbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında təhbeh növü tətbiq edilmişdir.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman “X4 hibrid” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunmuşdur. Hadisə nəticəsində “Kia Sportage” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı "xxxx" ASC tərəfindən 1724 manat ödənilmişdir.
13. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı Cavabdeh 1727 manat məbləğində dəymiş ziyanın tutulmasını tələb etməkdə haqlıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
16. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir.
17. Həmin Məcəllənin Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
18. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).
19. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
22. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
23. “İcbari Sığortalar haqqında” Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
25. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir.
26. Cavabdeh iddia ərizəsinə etiraz edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına istina edərək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olduğunu bildirərək, inzibati xəta haqqında protokol tərtib olunmamışdan əvvəl Daxili İşlər Nazirliyi Dövlət Polis inspektoruna nikah haqqında şəhadətnaməni təqdim etdiyini, lakin barəsində səhvən inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirir.
27. Məhkəmə cavabdehin etirazında göstərdiklərinə dair qeyd edir ki, sözügedən Qərarda göstərilmişdir ki, nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir.Nəzərə alınmalıdır ki, sözügedən sənədin əldə edilməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələri ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur.
28. Qərardan göründüyü kimi şəxsin İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmamasının əsası qismində nəzərdə tutulmuş sənəd nikah haqqında şəhadətnamə deyil, ər-arvadın ümumi mülkiyyət hüququ haqqında şəhadətnamədir. Digər tərəfdən cavabdeh iddia ərizəsinə etirazında barəsində inzibati xəta haqqında protokolun birgə nikah dövründə əldə edilmiş avtomobili idarə etməsi ilə əlaqədar düzgün tərtib olunmadığını qeyd etmiş, lakin yol nəqliyyat hadisənin baş verməsində təqsirinin olmaması ilə bağlı heç bir sübut təqdim etməmiş, hətta etirazında yol nəqliyyat hadisəsinin baş verməsi faktını təsdiqləmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
31. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
32. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
33. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin yol-nəqliyyat hadisənin törədilməsində təqsiri müəyyən edildiyindən baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC–nin subroqasiya qaydasında ödədiyi 1727 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 1727 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37,27 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
V Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1727 (bir min yeddi yüz iyirmi yeddi) manat məbləğində pul və ödənilmiş 37,27 (otuz yeddi manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil