Məhkəmə qərarları › İş №e-2(004)-3809/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3809/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3809/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı yaşayış evinə sahiblik hüququnun təsdiq edilməsi və su təchizatından istifadəyə görə müqavilənin iddiaçının adına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı yaşayış evinə sahiblik hüququnun təsdiq edilməsi və su təchizatından istifadəyə görə müqavilənin iddiaçının adına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu 11-ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik hüququnun təsdiq edilməsi, Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy ev 167 R ünvanında verləşən fərdi yaşayış evinə su təchizatdan istifadəyə görə müqavilənin onun adına dəyişdirilməsinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində övladları ilə birlikdə qeydiyatdadır və həmin fərdi yaşayış evini dəyərini ödəməklə əldə etmişdir. Yaşayış evinə dair kommunal xidmətlər, (qaz, işıq, su, telefon və s.) rəsmi müqavilə bağlanmaqla onun adına rəsmiləşdirilmişdir. Bundan başqa fərdi yaşayış evi mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün müvafiq dövlət orqanı tərəfindən siyahıya alınmış və həmin siyahıda onun adı qeyd edilmişdir. Mülkiyyət hüququnun verilməsi üçün zəruri sənədlərdən biri olan evin eskiz layihəsi 56 saylı MKİS tərəfindən çəkilmiş və təsdiqlənmişdir. Mənzildə olan su sayğacına müqavilə mənzilin keçmiş sahibi Tura Məmmədovaya aiddir. Tura Məmmədova mənzili ona satdıqdan sonra vəfat etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə müraciət edilərək su təchizatından istifadəyə görə müqavilənin onun adına dəyişdirilməsi xahiş edilmişdir. Lakin Cavabdeh ASC tərəfindən 23.04.2021-ci il tarixli məktubla müqavilənin onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Hazırda su təchizatından istifadəyə görə müqavilənin onun adına rəsmiləşdirilməsi üçün Bakı şəhər, Yasamal rayonu 11-ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik hüququ müəyyən edilməlidir. Ona görə də, İddiaçı Bakı şəhəri, Yasamal rayonu 11-ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik hüququ təsdiq edilməsi, Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə su təhcizatdan istifadəyə görə müqavilənin onun adına dəyişdirilməsinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sözügedən ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 01.02.2007-ci il tarixdə vətəndaş Tura Məmmədova ilə müqavilə bağlanaraq **********010 saylı abonent kodu açılmışdır. Qeyd olunan ünvanda su təchizatı xidmətindən istifadəyə görə müqavilənin iddiaçının adına rəsmiləşdirilməsi üçün Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovıy 156 ünvanında yerləşən evin mülkiyyət hüququna dair sənədlər (çıxarış) iddiaçı tərəfindən aidiyyəti üzrə Su kanal İdarəsinə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1985-ci il təvəllüdlü İddiaçı, 05.02.2013-cü il təvəllüdlü X4 və 25.01.2012-ci il təvəllüdlü X3 qeydiyyatdadırlar. İş materiallarında olan 56 saylı MKİS tərəfindən vəkil sorğusuna cavabından görünür ki, İddiaçı ünvan 3 ünvanında iki övladı 05.02.2013-cü il təvəllüdlü X4 və 25.01.2012-ci il təvəllüdlü X3 ilə birlikdə qeydiyyatdadırlar. Onlardan əlavə qeydiyyatda heç kim yoxdur. Həmin yaşayış evinə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün siyahıya alınma prosesində İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan 147091 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, **********010 nömrəli abonet kodlu ödənişlər Məmmədova T. adından ödənilir. İş materiallarında olan AZ-İ 132095 nömrəli 29.12.2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08.12.2004-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.12.2004-cü il tarixdə 1519 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış 23.05.2017-ci il tarixli 02/16278 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, paylayıcı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 11.05.2021-ci il tarixli 253088 nömrəli “enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Enerji satışı depertamentinin direktoru Elçin Dadaşov arasında ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzrə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış 23 aprel 2021-ci il tarixli 01/4/01-7/6/56 nömrəli məktubdan görünür ki, sözügedən ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 01.02.2007-ci il tarixdə vətəndaş Tura Məmmədova ilə müqavilə bağlanaraq **********010 saylı abonent kodu açılmışdır. Qeyd olunan ünvanda su təchizatı xidmətindən istifadəyə görə müqavilənin iddiaçının adına rəsmiləşdirilməsi üçün Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovıy 156 ünvanında yerləşən evin mülkiyyət hüququna dair sənədlər (çıxarış) iddiaçı tərəfindən aidiyyəti üzrə Su kanal İdarəsinə təqdim edilməlidir. Mütəxəssislər tərəfindən müraciət ilə bağlı araşdırma zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququna dair sənədin olmadığı müəyyən edilmişdir. Çıxarışın əldə edilməsi və məsələnin həlli üçün müvafiq orqanlara müraciət etməyiniz tövsiyə edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə mövcud mübahisənin predmeti iddiaçının Bakı şəhər, Yasamal rayon 11-ci Xrebtoviy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik hüququ təsdiq edilməsi, Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında verləşən fərdi yaşayış evinə su təchizatdan istifadəyə görə müqavilənin iddiaçının adına dəyişdirilməsinin Cavabdeh ASC-yə həvalə edilməsi tələbi ilə bağlıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı iki azyaşlı uşağı ilə Bakı şəhəri, Yasamal rayonu 11-ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar və yaşayırlar. İddiaçı sözügedən ünvanda qaz, işıq və su təchizatından istifadə edir. İşıq və qazdan istifadəyə görə müvafiq orqanlarla iddiaçı arasında müqavilələr bağlanmışdır. Sudan istifadəyə dair müqavilə isə sözügedən fərdi yaşayış evinin keçmiş sakini, 08.12.2004-cü il tarixdə vəfat etmiş X7 ilə bağlanmışdır. İddiaçı hal-hazırda həmin ünvan üzrə vəfat etmiş şəxsin adına açılmış abonent kodu üzrə aylıq su ödənişlərini edir. Bu səbəbdən İddiaçı Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə su təhcizatdan istifadəyə görə müqavilənin onun adına dəyişdirilməsinin Cavabdeh ASC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında verləşən fərdi yaşayış evinə su təchizatından istifadəyə görə müqavilənin onun adına dəyişdirilməsinin Cavabdeh ASC-yə həvalə edilməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1- ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı “Sudan istifadə Qaydaları”nın 1.6.-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.4.-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKMdən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 №- li qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısına görə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti təbii inhisar subyekti hesab olunur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.1-ci maddəsinə əsasən, əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyribərabər şərtlərini təklif etməməlidir. Göründüyü kimi, su təchizatı müəssisəsi ilə istehlakçı arasında su təchizatı xidmətindən istifadəyə dair müqavilənin bağlanılması və dəyişdirilməsi ilə bağlı müqavilə tərəfi kimi su ilə təchiz edilmiş obyektin mülkiyyətçisi, eyni zamanda həmin obyektin istifadəçisini nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında hal-hazırda qeydiyyatda olan, yaşayan və su təchizatından istifadə edən İddiaçı həmin fərdi yaşayış evinə dair su təchizatından istifadəyə görə müqavilənin 08.12.2004-cü il tarixdə vəfat etmiş X5 adından iddiaçının adına dəyişdirilməsinin Cavabdeh ASC-yə həvalə edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın İddiaçı iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə dair sahiblik hüququnun təsdiqi hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə araşdırması zamanı və tərəflərin də vermiş olduğu izahatlardan ünvan 2 ünvanına dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən edilmədi. Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R saylı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir və özbaşına tikilidir. İddiaçı həmin evin mövcud hüquqi vəziyyətinə, eləcə də onun həmin evə sahiblik hüququnun təsdiqinə dair hər hansı mötəbər, təkzibolunmaz sübutunu təqdim edə bilmədi. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu 11 -ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə dair sahiblik hüququnun təsdiqi barədə iddia tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə dair su təchizatı xidmətindən istifadəyə görə müqavilənin İddiaçı adına dəyişdirilməsi Cavabdeh ASC-nə həvalə edilməli, iddia digər hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovıy 167 R ünvanında yerləşən fərdi yaşayış evinə dair su təchizatı xidmətindən istifadəyə görə müqavilənin İddiaçı adına dəyişdirilməsi Cavabdeh ASC-nə həvalə edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar