Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3879/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Mövludoviçin iştirakı ilə, İddiaçı Mövludoviçin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Mövludoviç Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat məbləğində borc pulun və 75 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5575 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində X1 yanında yerləşən çayxanada motosklet almaq üçün 3000 manat məbləğində borc pul vermiş, o, 2 ay müddətində həmin borc pulu ona qaytarmağı öhtəsinə götürmüş, bu barədə öz xətti ilə sadə yazılı formada qəbz yazmış və həmin qəbzi hər ikisi imzalamışlar. İki ay keçəndən sonra o ondan verdiyi borc pulu tələb etmişdir. O, isə ona bildirmişdir ki onlar yaxındırlar, bir-birlərini yaxşı tanıyırlar, bir az gözləsin, atasının Bakı şəhərində olan evi plana düşüb, həmin ev söküləndə atası ona həmin evdən payına müvafiq - 50.000 manat məbləğində pul verəcək. Bundan sonra ondan xahiş etmişdir ki, onun kartına yenə borc pul köçürsün. O, 2024-cü ili mart ayının axırlarından indiyə kimi cavabdehin kartına hissə-hissə 2500 manat məbləğində borc pul köçürmüşdür. Beləliklə, Cavabdeh verdiyi 3000 manat məbləğində borc pul onun öz xətti ilə yazılmış və hər ikisi tərəfindən imza olunmuş sadə yazılı qəbzlə, 2500 manat məbləğində borc pul isə onun kartına köçürdüyü hesab nömrəsi ilə sübut edilir və bu AR MPM-nin 77.1-ci maddəsinin tələblərinə tamamilə müvafiqdir. Hazırda cavabdeh ona ümumilikdə verdiyi 5500 manat məbləğində borc pulu ona qatarmadığına və öhdəliyini yerinə yetirmədiyinə görə o məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Mövludoviç iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialalrında olan xx.xx.2024-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, Cavabdeh motosikl almaq üçün İddiaçı borca 3000 manat pul götürmüşdür. 2 ay ərzində pulu qaytaracaqdır. Qəbz Cavabdeh, Binyatov İlya, İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cd diskə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı Mövludoviçdən 400 manat borc pul aldığını və 1 aya qaytaracağını bildirmişdir. İş materiallarında olan İddiaçı Mövludoviçə məxsus hesabdan çıxarışdan görünür ki, Rüstəm Ə. adlı şəxsə xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla, cəmi 835 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən tərtib edilən imzalanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 3000 manat iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin daha sonra cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh aralarında gəldikləri razılaşma üzrə öz öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı xx.xx.2024-cü il tarixli qəbzlə cavabdehə borc kimi verdiyi 3000 manatı tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda iş materiallarında olan Cd diskə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı Mövludoviçdən 400 manat borc pul aldığını və 1 aya qaytaracağını bildirmişdir. Bu baxımdan iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə borc kimi verdiyi 400 manatı tələb etməkdə haqlı olmuşdur. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli tərəflər arasındakı razılaşmadan görünür ki, tərəflər şifahi qaydada borc müqaviləsi bağlamışlar. Göründüyü kimi hər iki borc müqaviləsinin predmetini 3000 manatdan yuxarı olmayan məbləğ (3000 manat və 400 manat) təşkil etdiyindən həmin borc müqavilələrinin etibarlı hesab edilməsi üçün qanunun tələbinə əsasən yazılı formada bağlanması zəruri deyildir. Bu baxımdan tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti yarandığından hər bir tərəf müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyini yerinə yetirməlidir. Hazırda görünən odur ki, iddiaçı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli razılama üzrə 3000 manat və 400 manat məbləğində pulu cavabdehə versə də, cavabdeh razılaşmalar üzrə pulu qeyd etdiyi vaxtda qaytarmamış, müqavilə üzrə öhdəliyini pozmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi 3000+400 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin digər 2100 (5500-3400=2100) manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla, cəmi 835 manat məbləğində pulun İddiaçı Mövludoviçin hesabından Cavabdeh hesabına köçürülməsi iş materiallarında olan İddiaçı Mövludoviçə məxsus hesabdan çıxarışla öz təsdiqini tapsa da, qalan məbləğin, yəni 1265 (2100-835=1265) manatın Cavabdeh hesabına köçürülməsi öz təsdiqini tapmamışdır. İddiaçı Mövludoviç 1265 manat məbləğində pulu köçürdüyü hesabın məhz Cavabdeh məxsus hesab olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57,75 manat pul cavabdehdən tutularaq iddiaçı “İddiaçı Mövludoviçin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 17,25 manat (75- 57,75=17,25) iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4235 manat (3000+400+835=4235) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57,75 manat pul tutularaq İddiaçı Mövludoviçə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4235 (dörd min iki yüz otuz beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57,75 (əlli yeddi manat yetmiş beş qəpik) manat pul tutularaq İddiaçı Mövludoviçə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 17,25 (on yeddi manat iyirmi beş) manat (75-57,75=17,25) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3879/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3879/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver