Məhkəmə qərarları › İş №e-2(004)-3937/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3937/2025

19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3937/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu ildə Qobustan rayon, İHBnın Təklə kəndi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş və Qobustan rayonu, İHB-nın Təklə kəndi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Birgə yaşamanın və ailənin saxlanmasının qeyri-mümkünlüyünü nəzərə alaraq cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasına ehtiyac yaranmışdır. Cavabdeh nikahın pozulması və digər tələblər ilə mediasiyaya müraciət etmiş və tərəflərə xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00230 nömrəli Mediasiya arayışı verilmişdir. Lakin cavabdeh tərəf məhkəməyə müraciət etmədiyi üçün onlar müraciət etmək qərarına gəlmişlər. Bu səbəblə iddiaçı “Mediasiya haqqında” Qanunun 29.6 və 29.7 maddələrini də nəzərə alaraq məhkəməyə müraciət edir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, nikahın ləğvinə dair barışmaq üçün 3 ay vaxt verilsə də İddiaçı barışmağa cəhd etməsə də bir qız uşağı olduğundan cavabdeh iddianı qəbul etmir. Nikahın pozulmasına razı deyil. Lakin nikahın pozulmasını qəbul etməsə də, X2 üçün ona hər ay minimum əmək haqqının 1 misli miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, bu iş üzrə məhkəmənin baxış iclası xx.xx.2025-ci il tarixinə saat 10.00-a təyin edilmişdir. Həmin saatda başqa iclası olduğu üçün üzürlü səbəbdən həmin iclasda iştirak edə bilmir. Həmin iclasın iştirakları olmadan keçirilməsini və iddia ərizələrini təmin etməyi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu ildə Qobustan rayon, İHB-nın Təklə kəndi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikah pozulmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qobustan rayon İHB-nin Təklə kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 594272 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 06 avqust 2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 16 saylı akt qeydi tərtib edilmişdir. Nikahdan sonra ərə “ Yaqubov”, arvada “Yaqubova” soyadı verilmişdir. - Qobustan rayon İHB-nin Təklə kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 841800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-359/2025 saylı, 19 avqust 2025-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, 2(004)-3937/2025 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2012-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasına təkid etməsini, tərəflər arasında barışıq əldə olunmadığını, tərəflərin faktiki olaraq ailə münasibətlərində olmamasını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında 06 avqust 2010-cu il tarixdə bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyəti olmayan ərin(arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. 22.2-maddəsinə əsasən Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə: 22.2.1-ci maddəsinə əsasən-boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə uşağın mənafeyini, yaşını, sağlam ruhda böyüməsini, ana nəvazişinə ehtiyacının olmasını, hal-hazırda anasının yanında olmasını, uşağın hansı valideyn yanında qalması ilə bağlı mübahisənin olmamasını və tərəflərin razılığını nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı aliment sabit pul məbləğində tutulmalıdır. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın ləğvi tələbi haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin yetkinlik yaşına çatmayan uşağı cavabdehin yanında saxlandığından məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün aliment iddiaçıdan hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçıdan hər ay 246 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. X9 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, cavabdeh müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)- 359/2025 saylı, 19 avqust 2025-ci il tarixli qərardadı qəbul olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, həmin qərardadın icrası dayandırılmalı və aliment qətnamə qəbul olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı və dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Qobustan rayon İHB-nin Təklə kəndi üzrə nümayəndəliyində 06 avqust 2010-cu il tarixdə 16 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X4 Cavabdeh yanında qalması müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-359/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın icrası dayandırılsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar