Məhkəmə qərarları › İş №e-2(004)-3947/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3947/2022

07.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3947/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyətinin bərpa edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə ona xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin vaxt mənzil təmirsiz olduğundan, ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilinə baş çəkmişdir. Bu yaxınlarda növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 145 saylı mənzil MTK tərəfindən ona satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bununla da o, kobudcasına pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh kimi cəlb edilməsini, eyni zamanda Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xİyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci i il tarixli, 2(004)- 3947/2022 saylı qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilərək, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur və hər hansı faktiki və hüquqi əsasa malik deyildir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzil xx.xx.2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”yə əsasən onun tərəfindən alınmış və mənzilin dəyəri kimi 44.080 manat ödənilmişdir. Kooperativ tərəfindən mənzilin pay dəyərinin tam ödənilməsi barədə həmin tarixli arayış təqdim edilmişdir. Sözügedən mənzil 2014-cü ildə ona təhvil verilərkən boş və təmirsiz olmuş, orada heç kim yaşamamışdır. Mənzili əsaslı şəkildə təmir etdirmiş, uzun illər ərzində mütəmadi şəkildə ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və kommunal xidmətlərdən istifadəyə görə haqq da ödəmişdir. İddiaçı mübahisəli mənzili xx.xx.2015-ci ildə aldığını bildirsə də, heç bir dəfə də mənzilə baş çəkməmiş, oradakı vəziyyətlə maraqlanmamışdır. Ən azından satıldığı zaman mənzil alıcı İddiaçı təqdim edilməli, mənzilin şəraiti ilə tanış edilməli idi. Lakin keçən 10 il ərzində iddiaçı və ya başqa şəxslər həmin mənzilə gəlməmiş, ona dair hər hansı tələb irəli sürülməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli müqavilə 145 saylı mənzilə dair onunla Kooperativ arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlandıqdan və mənzilə dair sahiblik və istifadə hüququ yarandıqdan 4 ildən çox müddət keçdikdən sonra bağlanılmışdır. Qanunun tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, Cavabdeh1 MTK artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilib-edilməməsindən asılı olmayaraq, əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsız əqddir. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlandmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satq müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətb : edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin maddəyə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki iş üzrə mübahisəli mənzilə dair müqavilə bağlanılmasında və onun alıcıya təhvil verilməsində ilkinlik ona məxsus olduğundan, iddiaçının həmin mənzilin boşaldılması və ona təhvil verilməsi tələbi təmin edilə bilməz. İddiaçı onunla Kooperativ arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından və müqavilənin tərəfləri əqdi mübahisələndirmədiyindən hazırki iddia tələbi əsasında xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilə bilməz. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə dair nəinki mülkiyyət hüququ mövcud olmamış, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Habelə, iş materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2021-ci il tarixli, M/H-75 saylı məktubu hazırki iş üzrə həlledici rol oynamır. İlk növbədə, Kooperativ adından təqdim edilən məktub səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məktubu imzalayan S.Alışov adlı şəxsin kimliyi məlum deyil və onun İdarə heyətinin sədri olan C.Alışovu kooperativin idarəçiliyi ilə bağlı təmsil etmək səlahiyyəti yoxdur. Məktuba əlavə edilmiş etibarnamə kooperativin idarə heyətinin sədri kimi deyil, fiziki şəxs olaraq C.Alışovun müxtəlif orqanlar və şəxslər qarşısında təmsil edilməsinə səlahiyyət verilməsinə dəlalət edir. Məktubda Cavabdeh1 MTK ilə X3 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanıldığı və sonradan mənzilin İddiaçı adına keçirilməsi haqqında ərizə verildiyi qeyd edilsə də, onunla bağlanmış müqavilə onun barəsində heç bir qeyd edilmədən məktuba əlavə edilmişdir, Əlavə edilmiş xx.xx.2011-ci il tarixli müqavilədə “Payçı” qismində əks olunan imza ona aid deyil və aşkar şəkildə imzasından fərqlidir, Təqdim edilən sənədlər tam deyil. Mənzilə dair pay haqqının onun tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı da Kooperativ tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 MTK ilə X3 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilə və mənzilin İddiaçı adına keçirilməsinə dair razılıq ərizəsində mübahisəli mənzilin nömrəsi üzərində düzəliş edilməklə ilkin yazılmış nömrə silinmiş, qaralanmaqla, sonradan “145” nömrəsi qeyd edilmişdir, Habelə, müqavilə və razılıq ərizəsində X1 imzası kimi əks olunan imzalar da fərqlidir. Onlardan biri həqiqətən Əhmədov tərəfindən çəkilmişdirsə, digərinin onun tərəfindən çəkilmədyi açıq-aşkar müəyyən olunur. Görünən odur ki, hazırda məhkəməyə təqdim edilən sənədlər kooperativin rəhbəri kimi özünü təqdim edən şəxslərlə əlbir olaraq mənzilin qanunsuz yollarla ələ keçirilməsi çalışanların qanunsuz məqsədlərinə xidmət edən saxta sənədlərdir. Bu səbəbdən həmin sənədlər mötəbər sübut kimi qəbul edilə və mübahisəli mənzilə dair əvvəllər X1 və ya onunla əldə olunmuş razılaşmaya əsasən iddiaçının hər hansı hüquqununun mövcud olduğu qənaətinə gəlinə bilməz. Yuxarıdakılara əsasən məhkəmədən iddia tələbiniın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmumununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 10 aprel 2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xİyabani küçəsində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m.-dən ibarət 2 otaqlı, 145 saylı mənzili «yaşayış binasında mənzil tikintisi haqqında» müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə iddiaçıya xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin vaxt mənzil təmirsiz olduğundan iddiaçı ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilə baş çəkmişdir. Növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarın dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 145 saylı mənzil MTK tərəfindən iddiaçıya satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bununla da iddiaçı kobudcasına pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mülkiyyətin tam həcmdə müdafiəsi hüququ dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət verir. Məhz buna görədə mülkiyyət hüququ əsas insan və vətandaş hüquqları və azadlıqları arasında xüsusi ilə vurğulanmışdır. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Bundan başqa ona verilmiş suallara cavab olaraq bildirdi ki, 2016-cı il tarixinə kimi mənzildə heç kim yaşamamışdır. Bir daha qeyd edir ki, iddiaçının yoldaşı rəhmət getdiyi üçün başı qatışıq olmuşdur. Cavabdeh tərəfindən mənzilə daxil olunaraq qıfılı dəyişdirilmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflərindən 2011-ci ildə mübahisəli mənzil alınmış, 2014-cü il tarixdə onlara təhvil verilmiş və 2015-2017-ci illərdən orada təmir etdirərək yaşamağa başlamışlar. Onlar bunu təsdiq etmək üçün qonşuları şahid kimi məhkəmə iclasına dəvət edə bilərlər. Həmin mənzili təxmini 44000 manat məbləğində pul ödəyərək almışlar. Hazırda mübahisəli mənzil onların istifadəsindədir. Mənzili ilk alarkən bina tam təhvil verilmədiyindən, mənzildə hər hansı bir kommunal xəttlər olmamış, onun təşəbbüsü ilə həmin xəttlər sonradan çəkilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə ə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, dəyişdirmə yolu ilə də mənzil almaq cinayət deyildir. İlk öncə Cavabdeh2 179 saylı mənzil təklif edilmişdir. Həmin 179 saylı mənzilə aid müqavilə və maliyyə arayışı mövcuddur. Bundan sonra 179 saylı mənzildə problem olduğundan hazırki mübahisəli mənzil ilə dəyişdirilmişdir. Buna dair yeni müqavilə və maliyyə arayışı Eminovaya təqdim edilmişdir. 2011-ci ildə sözü gedən bina yarımçıq olmuşdur. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə dair nəinki mülkiyyət hüququ mövcud olmamış, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Ümümiyyətlə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bundan başqa ona verilmiş suallara cavabdeh olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs sözü gedən mənzilin dəyərini, 2016-cı il tarixdə deyil, məhz 2011-ci il tarixdə ödəmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2006-cı ilin dekabr ayında MTK tərəfindən mənzil Natiq Əhmədova satılmışdır. Onda olan məlumata görə, Əhmədov Natiqin ərizəsi əsasında sözü gedən mənzil 2015-ci ilin aprel ayında hazırki iş üzrə iddiaçı Qəndəf xanıma satılmışdır. İddiaçı rayonda yaşayır. Qəndəf xanımın ailəsində bəzi problemlər yaşanmışdır. Qəndəf xanım mənzilinə baxış keçirərkən mənzilinin zəbt edildiyini aşkar etmişdir. Cavabdeh2 verilmiş müqavilə ilə bağlı bildirə bildirir ki, evin tikintisi gedən dövrdə Tahir adlı təsisçi olmuşdur. Həmin təsisçi ilə MTK tərəfindən müqavilə bağlanmışdır və Tahir tərəfindən verilmiş beton və sair tikinti materiallarının haqqı ödənməzsə hazırki iş üzrə mübahisəli mənzil Tahirə veriləcəkdir. Lakin, Tahir öz öhdəliklərini yerinə yetirmədiyindən həmin müqavilə yarımçıq qalmışdır. Müqavilə Şəhanə xanımla deyil, Tahirlə bağlanmışdır, ola bilər Tahir həmin müqaviləni Şəhanə xanıma imzalatdırmışdır. Heç Şəhanə xanıma verilmiş müqavilənin əsli MTK-da yoxdur. 2017-ci ildə Cavabdeh2 sözü gedən mənzilə daxil olmuşdur, MTK işçıləri Şəhanə xanımı Qəndəf xanım bilmişlər. Sonradan isə Şəhanə xanım evin onun olduğunu bildirərək, onun adına olan müqaviləni MTK-nın əməkdaşlarına təqdim etmişdir. Həmin dövrdə MTK-nın sədri Alışov həbs edildiyindən bütün sənədlər hüquq mühafizə orqanları tərəfindən götürülmüşdür. Bu qarışıqlıqdan istifadə edərək Eminova mübahisəli mənzili zəbt etmişdir. Cavabdeh2 MTK tərəfindən mənzil təhvil verilməmişdir, o, özü mənzilin qapısının açarlarını dəyişərək mənzilə daxil olmuşdur. Üzvlüyə qəbul edilməsi barədə Qəndaf xanıma münasibətdə protokol mövcuddur. Lakin Şəhanə xanıma münasibətdə üzvlüyə qəbul protokolu mövcud deyildir. Qəndaf Məlikova tərəfindən MTK-ya mənzilin tam haqqı ödənilmişdir və mənzil iddiaçıya təhvil verilmişdir. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzili X2 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzili Cavabdeh2 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, binanın 2-ci girişi, 5-ci mərtəbəsində ümumi sahəsi 85.8 kv.m olan 2 otaqlı, 145 saylı mənzilin pay dəyəri 44080 manat Cavabdeh2 tərəfindən ödənilmişdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzili İddiaçı verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, binanın 2-ci girişi, 5-ci mərtəbəsində ümumi sahəsi 85.8 kv.m olan 2 otaqlı, 145 saylı mənzilin pay dəyəri 38287 manat İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh1 MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən binanın 2-ci girişi, 5-ci mərtəbəsində ümumi sahəsi 85.8 kv.m olan 2 otaqlı, 145 saylı mənzili xx.xx.2006-cı il tarixdə X2 36464 ABŞ dollarına satılmış və mənzilin dəyəri xx.xx.2008-ci il tarixədək tam olaraq ödənilmişdir. xx.xx.2015-ci il tarixdə X3 ərizə ilə MTK-ya müraciət edərək, mənzili satmaq qərarına gəldiyini bildirmiş və mənzil İddiaçı satılmışdır. xx.xx.2018-ci il tarixli, 94648 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 5, 145 saylı mənzilin qazla təmin edilməsi ilə bağlı “Azəriqaz” İB ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Təqdim olunmuş abonentin saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 5, 145 saylı mənzilə dair **********50145 nömrəli abonent kodu xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Müntəzəm olaraq elektrik enerjisindən istifadə olunmaqla, dəyəri ödənilir. “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2018-ci il tarixli, 38847720 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsi rəisi Ramin Sadıqov, digər tərəfdən istehlakçı Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 5, 145 saylı mənzilin içmli su ilə təchiz edilməsi və tullantı sularının axıdılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də Cavabdeh2 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrıayrılıqda tam ödənilmişdir. Adı çəkilən MTK ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl X3 ilə MTK arasında tərtib edilmiş müqavilə əsasında bağlanmış olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh2 sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil Cavabdeh2 sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa sözlə, MTK Cavabdeh2 ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2015-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. İddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonradan da, mənzilin ona təhvil verilməsini, lakin bir müddət sonra Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia etsə də, bu hallarla bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə mübahisəli mənzilin üzün illərdi və hal-hazırda Cavabdeh2 istifadəsində olması, mənzilin 2015-2016-ci illərdə onun tərəfindən təmir ediməsi, mənzilə dair sonuncu ilə kommunal xidmətlərin (qaz, su, elektrik) həyata keçirilməsi ilə bağlı 2018-ci il tarixli müqavilələrin imzalanması və ötən müddət (illər) ərzində heç bir müdahisə bildirilmədən sahiblik və istifadəsində olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının bu illər ərzində ailə problemləri və qayğıları ilə əlaqədar olaraq mənzilə baş çəkə biməməsi və bu səbəbdən də, mənzildə başqa şəxslərin məskunlaşmasından xəbərdar olmamsı ilə bağlı izahatına tənqidi yanaşaraq, qeyd olunan xüsusatların inandırıcı olmamaqla işin hallarına da, uyğun gəlməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. (2(102)-88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzil nə xx.xx.2006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında X1, nə də ki, xx.xx.2015-ci il tarixli müqavilə əsasında hazırki iş üzrə İddiaçı faktiki sahiblik və istifadələrinə verilmədiyindən, digər tərəfdən isə, Cavabdeh2 lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh2 verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmənin qeyd edir ki, işin müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməs mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar