Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3949/2025 18.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: əsassız varlanma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinədair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı " pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Alif qızının xx.xx.2025-ci il tarixdə əsassız olaraq əldə etdiyi 1250 azn pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 32.50 azn pul vəsaitinin Cavabdeh alınaraq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixində fiziki şəxs X1 adına İddiaçı ASC-nin (bundan sonra: İddiaçı, Bank) tranzit hesabına 1250azn vəsait daxil olmuşdur. Cavabdeh (bundan sonra Cavabdeh) adına isə 5520 azn təqaüd təyinatlı vəsaitlə daxil olmuşdur. xx.xx.2024-ci il tarixdə Cavabdehə məxsus **********179458711 kart hesabına 5520 azn mədaxil edilərkən, texniki yanlışlıqla, Bankın digər müştərisi X2 məxsus həmin 1250 azn pul vəsaiti də mədaxil etmişdir. X1 Bank hesabına həmin vəsait Bank tərəfindən xx.xx.2025-ci il tarixdə bərpa edilmişdir. Cavabdehə vəsaitin qeri qaytarılması barədə məlumat verilməsə də, cavabdeh vəsati məxaric edib və banka vəsaitin qeri qaytarılmasından imtina edir. Bu səbəbdən də tərəfimizdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilir.
İİ.Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, ödənilən 1250 manat vəsaitin də Gənclər və İdman Nazirliyi tərəfindən ödənildiyini düşünmüşdür. Daha sonra ona zəng edilərək həmin məbləğin banka qaytarılması tələb edilsə də, zəng edən şəxsin həqiqətən İddiaçı ASC-nin nümayəndəsi olduğundan əmin olmadığı üçün məbləği qaytarmaqdan imtina etmişdir. Hazırda həmin məbləği ödəməyə imkanı yoxdur, məbləği hissə-hissə ödəməyə razıdır.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. xx.xx.2024-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, Gənclər və İdman Nazirliyi tərəfindən 5520 manat məbləğində təqaüd Cavabdeh ödənilməsi məqsədilə İddiaçı ASC-yə ödənilmişdir.
7. xx.xx.2024-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, “Avropa Azərbaycan” Məktəbi tərəfindən 1250 manat məbləğində pul vəsaiti İsmayılova Mətanətə ödənilməsi məqsədilə İddiaçı ASC-yə ödənilmişdir.
8. xx.xx.2024-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən 1250 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir.
9. Cavabdeh adına olan ödəniş kartı üzrə çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində 5520 manat məbləğində və 1250 manat məbləğində pul karta mədaxil edilmişdir.
10. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
19. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə texniki yanlışlıq nəticəsində 1250 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
22. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
23. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 1250 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Həmçinin iddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1250 manat bоrc və ödənilmiş 32,50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1282,5 (min iki yüz səksən iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil