Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3966/2022 09.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X10 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdeh X1 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-yə vurduğu zərərin yəni, 313.097 manat məbləğində pulun və ödənilmiş 604 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 iyul 2016-cı il tarixindən əmək müqaviləsinə əsasən "xxxx" QSC-də “Məişət və keramika əşyaları satışı” şöbəsində satış meneceri vəzifəsində çalışmaqla ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə "xxxx" QSC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313.097 (184.175 USD) manat vəsaiti "xxxx" QSC-nin xəzinəsinə təhvil verməməklə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Cavabdeh ilə "xxxx" QSC arasında 01 iyul 2016-cı il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmış, həmin müqaviləyə əsasən tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı, onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, ona satış üçün etibar olunmuş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 (üç) təqvim günü ərzində cəmiyyətin kassasına təhvil verməyi, kassaya mədaxil edənə qədər müəsissəyə məxsus həmin pulun, habelə maddi qiymətlərin təhlükəsizliyi üçün tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini üzərinə götürüb. Eyni zamanda Cavabdeh iştirakı ilə, müxtəlif vaxtlarda yəni, 01 aprel 2021, 03 may 2021, 03 iyun 2021, 01 iyul 2021 və 02 avqust 2021-ci il tarixlərində tərtib olunmuş və şəxsi imzası ilə təsdiq edilmiş üzləşmə aktlarından da görünür ki, cavabdeh "xxxx" QSCyə olan borcunu etiraf edir. 10 sentyabr 2021-ci il tarixində Cavabdeh pretenziya qaydasında yazılı xəbərdarlıq göndərilsə də cavabdeh cəmiyyətə olan borcunu ödəməkdən imtina etmişdir. Nəticə etibarı ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində "xxxx" QSC 313.097 manatlıq əmlakından məhrum olmuşdur. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.” Qanunvericiliyin tələbindən aydın olur ki, hərkəs öz iddiasının hüquqi və faktiki əsasını əsaslandırmalı və sübut etməlidir. Hazırkı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı isə öz iddia ərizəsini əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsi olmadan cavabdehdən əməkhaqqı aldığını qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində satış meneceri vəzifəsində çalışmağa başlamışdır. 2021-ci ilin iyul ayında səhhətində olan problemlərlə bağlı işə çıxa bilməmiş, bu baradə işəgötürənə məlumat vermiş və sonradan xəstəlik vərəqəsinin surətini ona təqdim etmişdir. Əmək qabiliyyəti olmayan dövrdə cəmiyyət israrla ondan tələb etmişdir ki, işə gəlsin. Şirkət tərəfindən cavabdehin istifadəsinə “VAZ 2107” minik markalı avtomobildə verilmişdir. Məcbur edilmişdir ki, xəstəlik dövründə həmin avtomobili mütləq qaydada şirkətə təhvil versin. Bundan sonra Cavabdeh vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış və xx.xx.2021-ci il tarixdə həmin avtomobili şirkətə təhvil vermişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə ərizə ilə işəgötürən "xxxx" QSC-yə müraciət edərək, yeni bir müəssisədə işə çalışmağa başlamaq üçün razılığa gəldiyini, həmin razılığa əsasən xx.xx.2021-ci il tarixdə həmin müəssisə ilə əmək müqaviləsi bağlayıb işə çıxmalı olduğunu bildirmiş və təklif məktubunun surətini əlavə edərək xx.xx.2021-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Lakin "xxxx" QSC Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, tələm- tələsik guya audit yoxlaması təyin etmiş, hədəqorxu gələrək guya Cavabdeh şirkətə 184.000 ABŞ dolları məbləğində borcunun olduğunu və pulu geri qaytarmasını tələb etmişdir. Hətta rəsmi məktubla müraciət edərək Əmək Məcəlləsinin tələblərinə zidd olaraq pul ödənilmədiyi halda işdən azad edilməyəcəyini bildirmişdir. “Gidromaşservis" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 291-K nömrəli əmr ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə müraciət edilərək, "xxxx" QSC-nin 17 sentyabr 2021-ci il tarixli, 291-K saylı əmrinin ləğv edilməsi və Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-374/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" QSC-nin 17 sentyabr 2021-ci il tarixli, 291-K saylı əmrinin ləğv edilməsi, Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tərəflərə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4253/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamələr məhkəməyə təqdim edilmişdir. Həmin mülki iş araşdırılan zaman hazırki iş üzrə iddiaçı tərəfindən mülki iş materiallarına əlavə edilmiş aktlar təqdim edilmiş və bir daha Cavabdeh müəssisəyə borcu olduğu bildirilmişdir. Lakin bütün bu hallar Bakı şəhəri Nizami Rayon Məhkəməsində işə baxılan zaman araşdırılmış və təsdiqini tapmamışdır. Təsadüfi deyildir ki, bu barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-374/2022 saylı qətnaməsində qeyd edilmişdir ki, “Cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən iddiaçının QSCyə borcunun olması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu baradə məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu baradə cavabdehə müraciətləri də cavabsız qalmışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, bu baradə sübut təqdim edilməsi halında belə bu iddiaçı ilə bağlanmış əmək müqaviləsinin həmin maddə üzrə xitamı üçün əsas deyildir. Çünki artıq iddiaçı başqa əsasla (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam vermişdir.” Göründüyü kimi, müvafiq qətnamələrlə artıq cavabdehin iddiaçıya borcu olmaması ilə bağlı xüsusat öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaçı istinad edir ki, Cavabdeh cəmiyyətin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu xəzinəyə təhvil verməmişdir. Bununla bağlı isə, yəni məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə bildirilmişdir ki, cavabdehin əmək müqaviləsi üzrə vəzifəsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlumdur. Onun satış meneceri kimi vəzifəsi cəmiyyətə məxsus məhsulların satılmasını təşkil etmək məqsədi ilə alıcılara nümayiş etdimək, həmin məhsulların alıcı tərəfindən alınmasını təmin etmək olmuşdur. Yəni cavabdeh cəmiyyətə məxsus məhsulların alınması üçün müştərilər tapmış, onlar məhsul barədə sifariş verdikdə bu barədə cəmiyyətə bildirmiş, cəmiyyətin digər məsul əməkdaşları həmin məhsulları alıcıya təqdim etmişdir. Yəni cavabdeh hər hansı məhsulu anbardan çıxarmamış, üçüncü şəxslərə təhvil verməmiş və pul vəsaiti almamışdır. İddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının istinad etdiyi tam maddi məsuliyyət haqqında müqavilənin dispozisiyasına uyğun olaraq qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul vəsaiti və ya əmlak etibar edilməmişdir ki, cavabdeh də həmin etibar edilmiş əmlaka sahiblik etsin və ya onu cəmiyyətə sağ-salamat təhvil versin. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına dair qeyd edir ki, həmin sənədlər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-374/2022 saylı mülki iş zamanı da təqdim edilmiş və mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, həmin sənədlərdə görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilmiş və şəxslər tərəfindən imzalanmışdır. Diqqət edilməlidir ki, həmin aktlarda hər dəfə fərqli məbləğlər qeyd edilmişdir. İddiaçının dediklərinin həqiqət olduğunu hesab etsək, deməli azalan borc məbləği ya cavabdeh tərəfindən ya da üçüncü şəxslər tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının dediyi kimi “həmin pulların xəzinəyə verilməsini” əks etdirən sənəd mövcud olmalıdır. Lakin belə bir sənəd mövcud deyildir. Ümumiyyətlə həmin təhviltəslim aktları bir növ elə sənəddir ki, müəssisənin işçiləri tərəfindən məhsulların alınmasına cəlb edilmiş şəxslərin siyahısıdır. Cavabdehdə həmin şəxslərə hansı məhsulların verilməsi və dəyərinin ödənilib-ödənilməməsi ilə bağlı məlumat yoxdur. Məhkəməyə təqdim edilmiş borcların qrafik ödənişi adlı sənəddən görünür ki, üzləşmə aktlarında adı qeyd edilən şəxslər QSC-yə olan pulların ödənilməsi ilə bağlı qrafik tərtib etmişdirlər. Həmin qrafik də cəmiyyətin məsul işçisi və cavabdeh tərəfindən imzalanmışdır. Yəni həmin üzləşmə aktları cavabdehin deyil, iddiaçının məhsul verdiyi şəxlərin borclarını əks etidrir. İddiaçı özü həmin şəxslərlə əlaqə saxlayıb borcun ödənilməsini tələb edir, eyni zamanda müştərilərlə borcla bağlı müqavilə imzalayır. Bununla yanaşı həmin ödənişləri cavabdehdən də tələb edir. Bütün bunlar onu deməyə əsas verir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Odur ki, yuxarıda qeyd olunanları əsas tutaraq iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiq edilməsi baradə ərizə ünvanlayaraq iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini idda müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə baxış iclası zamanı cavabdeh qismində izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçının istinad etdiyi üzləşmə aktları formal olaraq bütün işçilərlə bağlanmışdır, həmçinin onunla cəmiyyət arasında da 2019-cu ildən bugünədək hər ay həmin aktlar üzrə sövdələşmə olmuşdur. Cavabdeh tərəfindən 2019-cu ildən bugünədək iddiaçı ilə cavabdeh arasında imzalanmış üzləşmə aktlarının surəti məhkəməyə təqdim edilmişdir. Həmin üzləşmə aktlarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında hələ xx.xx.2019-cu ildən etibarən iddiaçının istinad etdiyi “guya cavabdehin borcu olmasını etiraf edən sənəd”in imzalandığı müəyyən olunur. İddiaçının dediklərinin həqiqət olmasını qəbul etsək, yəni iddia ərizəsində istinad edildiyi kimi, işçinin işəgötürənə maddi ziyan vurmasını təsdiq edən sübut kimi həmin üzləşmə aktlarını qəbul etsək, bu zaman iddiaçı iddia müddətini ötürmüşdür. Həmin aktlardan görünür ki, iddiaçı Cavabdeh ona maddi ziyan vurmasından 2019-cu ildən məlumatlı olmuş, məhkəməyə isə 2022-ci ilin iyul ayında müraciət etmişdir. Belə olan halda o qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmənin baxış iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, izahatı iddia ərizəsinin məzmununa uyğundur. Belə ki, əlavə olaraq qeyd etmişdir ki, mülki işə üzləşmə aktını təqim edib. İbrahim öz borcunu etiraf edib. Üzləşmə aktında başqa adamların adının olmağı şirkətin daxili sənədləşməsidir. Onlar şirkət olaraq vicdanlılıq prinsipinə əsaslanmışdır. İbrahimin imza atdığı aktda borcu 187 min dollar göstərilmişdir. 3 min ödəniş etdiyinə görə borcu 184 min dollara endirilmişdir. İbrahimlə şirkət arasında əmək müqaviləsi və 1 iyul 2016-cı ildə “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. İbrahim şirkətdən ayrı-ayrı vaxtlarda mallar götürmüş və 313.097 manat borcu qalmışdır. Onların sübutları üzləşmə aktıdır. Satış meneceri özü malı götürür, paylayır, ümumilikdə məsuliyyəti öz üzərinə götürür. Şirkət malların aqibətini bilmək üçün İbrahimi dəvət edib amma İbrahim gəlməmişdir. İbrahimin malları verdiyi adamlar onlara heçnə vermirlər. Cavabdeh 545 manat maaşla 200-300 minlik məbləğin öhdəliyini götürmüşdür. O, satış meneceri vəzifəsində çalışıb və 187 min manatı etiraf edib. Şirkətdə komissiya yaradılaraq audit yoxlaması aparılmışdır. Komisiyyanın yaradılma səbəbi malların kimdə olduğunu müəyyən etmək olmuşdur. Onlar bu məbləği Cavabdeh tələb edir. Məhkəməyə təqdim edilən üzləşmə aktları borcun etirafı kimi sayılır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək qeyd etdi ki, onlarda menecer sistemi olub. Ona maşın verilmişdir və həmin maşına görə maddi məsuliyyət daşıyırdı. O, müştəri tapıb sifariş götürürdü. Sifarişi götürdükdən sonra şirkətə gəlirdi. Sifarişləri kağıza yazıb bununla məşğul olan şəxsə təqdim edirdi. Daha sonra sifariş 4-5 müdiriyyətdən keçib ya təsdiq olunurdu, yada olunmurdu. Müştəri üstündən 3-4 gün keçdikdən sonra satış menecerini çağırıb sifarişini deyirdi. Onlar həmin sifarişi şirkətdə çalışan İsrail adlı şəxsə deyirdilər, o isə, həmin sifarişi satış müdiri olan Fəzail adlı şəxsə bildirirdi. Fəzail sifarişə qol çəkdikdən sonra sifarişlər şöbəsinə yönləndirilirdi. Tam təsdiqini tapdıqdan sonra yenidən İsrailə qayıdır, o isə, anbara bildirirdi. Üzləşmə aktlarına onlar hər ay qol çəkirdilər. Onlara bildirmişdilər ki, əgər qol çəkməsən ərizəvi yaz işdən çıx. Şirkətdə malın öz dəyəri dollarla hesablanır amma qaimələrdə manat qeyd olunurdu. Müştərinin üzərinə gedə bilmədiklərinə görə həmin məbləğləri onların üzərinə yazıb şirkətdən asılı vəziyyətə gətirirlər. Onun işlədiyi bölmə elektrotexnika satışı ilə məşğul olurdu. Paltaryuyan, soyuducu, kondisioner və s. Anbardar əşyanı müştəriyə çatdırırdı. Onun işi müştəri tapmaq idi. Müştəriyə malı o aparmayıb. Malın təhvil verilmə prosesində onun iştirakı olmayıb. O nə mal təhvil alırdı, nə də mal təvhil verirdi. Qaimədə onun qolu olmurdu. Üzləşmə aktlarında adları olan bütün şəxsləri tanıyır. 545 manat standart maaş alırdı. Əvvəllər mal sayına görə bonus alıb, daha sonra bunu yığışdırdılar. Üzləşmə aktlarındakı müştəri borclarıdır. Müştəri borclarına hər ay qol çəkirdi. Məhkəməyə təqdim edə bilər. Üzləşmə aktlarının müəyyən qismi, təxmini 15-20 ədəd onda var. Maşın şirkətin idi. 100 manat yanacaq üçün pul verirdilər. İstisna hallarda 10-20 manat cibindən verirdi. Maşının təmirinə pul vermirdilər. Malların pullarını marketinq şöbəsinin işçiləri şirkətə verirdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini, izahatının etiraz ərizəsinin və iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh şirkət tərəfindən “VAZ 2107” markalı avtomobil təyin olunmuşdur. Cavabdeh “VAZ 2107” markalı avtomobillə elektronika məhsullarını kiməsə satmaq üçün apara bilməz. İddiaçı tərəf anbardan malın çıxarılması ilə bağlı hər hansı bir sənəd təqdim edə bilmədi. Üzləşmə aktlarına gəldikdə isə, onlar ciddi maliyyə sənədləri deyil. 2019-cu ildən hər ay mütəmadi olaraq həmin sənədlər işçilərə imzaladılmışdır. Üzləşmə aktları müştərilərdə olan borcu göstərir. İş materiallarında olan "xxxx" adlı sənəddə kimin nə qədər borclu olduğu göstərilir. 2019-2020-ci illərdə Marif adlı şəxsin borcu 4000-dən 9000 manata kimi qalxmışdır. Belə çıxır ki, əgər İbrahim o pulları istifadə edirsə yeniden nece olur ki, İbrahimə şirkət güvənir. Bütün bunlar göstərir ki, malları İbrahim satmayıb. Odur ki, sadalananlara əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" QSC-yə qarşı “17 sentybar 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə baradə əmrin verilməsi vəzifəsinin cavabdehə vəhalə edilməsi” tələbinə dair mülki işə məhkəmə tərəfindən baxılmış və iddia təmin edilmişdir. Qətnaməyə əsasən məhkəmə tərəfindən "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi baradə "xxxx" QSC-nin 17 sentyabr 2021-ci il tarixli, 291-K saylı əmrinin ləğv edilməsi, Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi baradə əmrin verilməsi vəzifəsinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" QSC-nin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə məhkəmənin mülki kollegiyası tərəfindən baxılmış və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5363/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı iş üzrə cavabdeh İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2016cı il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, işəgötürən İddiaçı QSC işəgötürülən Cavabdeh “Məişət və keramika əşyaları satış şöbəsi”ndə satış meneceri vəzifəsinə xx.xx.2016-cı il tarixdən 3 ay müddətinə işə qəbul etmişdir. Əmək müqaviləsinin 3-cü paraqrafına əsasən işçinin əmək funksiyaları aşağıdakılardır: 3.1 - İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: a) vahid tarif sorğu kitabçasına uyğun olaraq; 3.2 - Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir; 3.3 – İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyytlə yerinə yetirilməsinə əməl etməlidir; 3.4 – İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməildir. İşəgötürən öz növbəsində həmin ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret tədbirlər görməlidir. İş materiallarında olan “Tam maddi məsuliyyət haqqında” xx.xx.2016-cı il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı QSC digər tərəfdən “Maddi məsul şəxs” adlanan, Cavabdeh (satış meneceri) arasında “Maddi məsul şəxs”in tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyi baradə imzalandığı gündən xitam veriləcəyi müddətə kimi imzalanmışdır. Müqavilənin məzmununa əsasən “Maddi məsul şəxs” ona satış üçün etibar edilmiş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 təqvim günü ərzində müəssisənin kassasına təhvil verir, kassaya mədaxil edənə qədər müəsissəyə məxsus həmin pulun, habelə maddi qiymətlilərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir. İş materiallarında olan İddiaçı QSC-nin satış meneceri B.İbrahim və icraçı direktorun satış üzrə müavini S.Fəzailin imzaları ilə təsdiq etdikləri xx.xx.2021-ci il tarixli borcların ödəniş qrafikindən görünür ki, 21 müxtəlif adda müştərinin cəmiyyətə ümumilikdə 196.597 ABŞ dolları məbləğində boru vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən Cavabdeh götürülmüş mallara münasibətdə, bu arayışın imzalandığı tarixə 184.175 ABŞ dolları məbləğində (Mərkəzi Bankın məzənnəsinə əsasən 313.097 manat) qalıq borc məbləği mövcuddur. İş materiallarında olan üzləşmə aktının surətindən görünür ki, aktın soyad qrafasında “İbrahim”, ad qrafasında isə, 27 adda müxtəlif müştərilərin adı qeyd olunmuş, ümumilikdə 224.769 ABŞ dolları məbləğində borc hesablanmış, satış meneceri Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə 224.769 ABŞ dolları borcunun olduğunu bildirmiş və aktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın soyad qrafasında “İbrahim”, ad qrafasında isə, 22 adda müxtəlif müştərilərin adı qeyd olunmuş, ümumilikdə 193.945 ABŞ dolları məbləğində borc hesablanmış, satış meneceri Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı QSC-yə 193.945 ABŞ dolları borcunun olduğunu bildirmiş və aktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın soyad qrafasında “İbrahim”, ad qrafasında isə, 22 adda müxtəlif müştərilərin adı qeyd olunmuş, ümumilikdə 190.835 ABŞ dolları məbləğində borc hesablanmış, satış meneceri Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı QSC-yə 190.835 ABŞ dolları borcunun olduğunu bildirmiş və aktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın soyad qrafasında “İbrahim”, ad qrafasında isə, 23 adda müxtəlif müştərilərin adı qeyd olunmuş, ümumilikdə 189.159 ABŞ dolları məbləğində borc hesablanmış, satış meneceri Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı QSC-yə 189.159 ABŞ dolları borcunun olduğunu bildirmiş və aktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın soyad qrafasında “İbrahim”, ad qrafasında isə, 23 adda müxtəlif müştərilərin adı qeyd olunmuş, ümumilikdə 188.152 ABŞ dolları məbləğində borc hesablanmış, satış meneceri Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı QSC-yə 188.152 ABŞ dolları borcunun olduğunu bildirmiş və aktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, aktın soyad qrafasında “İbrahim”, ad qrafasında isə, 23 adda müxtəlif müştərilərin adı qeyd olunmuş, ümumilikdə 187.566 ABŞ dolları məbləğində borc hesablanmış, satış meneceri Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı QSC-yə 187.566 ABŞ dolları borcunun olduğunu bildirmiş və aktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üşləşmə aktından görünür ki, bir tərəfdən “Satıcı” adlanacaq İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi Cavabdeh, digər tərəfdən “Alıcı” adlanacaq X6 arasında sözügedən akt tərtib olunmuşdur ki, “Alıcı”nın xx.xx.2021-ci il tarixinə 18.133 manat məbləğində “Satıcı”ya borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üşləşmə aktının surətindən görünür ki, bir tərəfdən “Satıcı” adlanacaq İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi Cavabdeh, digər tərəfdən “Alıcı” adlanacaq X3 arasında sözügedən akt tərtib olunmuşdur ki, “Alıcı”nın xx.xx.2021-ci il tarixinə 20.619 manat məbləğində “Satıcı”ya borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üşləşmə aktının surətindən görünür ki, bir tərəfdən “Satıcı” adlanacaq İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi Cavabdeh, digər tərəfdən “Alıcı” adlanacaq X4 arasında sözügedən akt tərtib olunmuşdur ki, “Alıcı”nın xx.xx.2021-ci il tarixinə 19.611 manat məbləğində “Satıcı”ya borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üşləşmə aktının surətindən görünür ki, bir tərəfdən “Satıcı” adlanacaq İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi Cavabdeh, digər tərəfdən “Alıcı” adlanacaq X2 arasında sözügedən akt tərtib olunmuşdur ki, “Alıcı”nın xx.xx.2021-ci il tarixinə 14.071 manat məbləğində “Satıcı”ya borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı daxili hərəkət cədvəlindən görünür ki, İddiaçı QSC ümumi dəyəri 813 manat olan üç adda malı Cavabdeh vasitəsi ilə pərakəndə şəkildə qaimədə əsas kimi qeyd olunmuş “Kəmran, Sədərək” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən qaimədən aydın olunur ki, qaimənin “Rəhbər”, “H. və T. ş.m” və “İcraçı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Lakin qaimənin “Təhvil verdim (anbardar) Məmmədov Fikrət” və “təhvil aldım” qrafaları imzasızdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı daxili hərəkət cədvəlinin surətindən görünür ki, İddiaçı QSC ümumi dəyəri 3177 manat olan iki adda malı Cavabdeh vasitəsi ilə pərakəndə şəkildə qaimədə əsas kimi qeyd olunmuş “Optimal” adlı müştəriyə satmışdır. Eyni zamanda sözügedən qaimədən aydın olunur ki, qaimənin “Rəhbər”, “H. və T. ş.m” və “İcraçı” qrafalarının qarşısı müvafiq olaraq şəxslər tərəfindən imzalanmış, müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Lakin qaimənin “Təhvil verdim (anbardar) Məmmədov Fikrət” və “təhvil aldım” qrafaları imzasızdır. Məhkəmə tərəflərin izahatlarını və etirazlarını nərəzə alaraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəflə Cavabdeh arasında olan əmək münasibətlərinə və həmin əmək münasibətlərini ehtiva edən əmək müqaviləsinə əsasən “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Və sözügedən “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən İddiaçı QSC Cavabdeh üzərinə maddi məsuliyyətdən doğan borc tələbini qoysada iş materialları ilə Cavabdeh belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yeririlə bilməmişdir. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən “Tam maddi məsuliyyət haqqında” müqavilə özlüyündə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtləri ilə bağlıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə məhkəmə müəyyən etmişdir ki, Cavabdeh İddiaçı QSC-nin “Məişət və keramika əşyaları satış şöbəsi”ndə “satış meneceri” vəzifəsində xx.xx.2016-cı il tarixdən işə başlamışdır. Eyni tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən, “Maddi məsul şəxs” tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Müqavilənin şərtindən də göründüyü kimi “Maddi məsul şəxs”, yəni Cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyətlə mükəlləf olunmuşdur. Sübut olaraq iş materiallarına əlavə olunmuş əmək müqaviləsinin 3-cü paraqrafına əsasən satış meneceri vəzifəsində çalışan Cavabdeh əmək funksiyaları sadalanmış, əmək vəzifələrinə iddiaçının iddia tələbində əsaslandırdığı kimi, onun tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin şirkətə təhvil verilməsi vəzifələrinin aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarında olan 4 sayda xx.xx.2021-ci il tarixli üzləşmə aktları ilə müəyyən olunur ki, “Satıcı” adlanacaq, yəni İddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi Cavabdeh alıcılarla olan alqı-satqıya əsasən onların cəmiyyətə borclu olduqlarını imzaları ilə təsdiq etmişdirlər. Üzləşmə aktlarında adı qeyd edilən şəxslər haqqında cəmiyyətin “satış meneceri” vəzifəsində çalışan Cavabdeh və “icraçı direktorun satış üzrə müavini” vəzifəsində çalışan Səmədov Fəzailin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli "xxxx" adlı sənəd tərtib olunmuş və QSC-yə olan pulların ödənilməsi ilə bağlı borc məbləği hər müştəriyə fəqrli şəkildə qrafiq üzrə bölünmüşdür. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, həmin üzləşmə aktları cavabdehin deyil, iddiaçının məhsul verdiyi şəxlərin borclarını əks etidrir. Həmçinin, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və sonuncusu xx.xx.2021-ci il tarixli olan eyni məzmunlu üzləşmə aktlarının tərtib qaydasınındakı uyğunsuzluqları nəzərə alaraq məhkəmə hesab edir ki, bu sənədlərin mötəbər sübut olaraq qəbul edilməsi və məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, həmin sənədlərdən görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilərək cəmiyyətin məsul işçiləri tərəfindən imzalanmışdır. Digər tərəfdən iddiaçı istinad edir ki, Cavabdeh cəmiyyətin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu xəzinəyə təhvil verməmişdir. Qeyd olunan iddia ilə əlaqədar, yəni məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əvəzində isə, cavabdehin məhkəmə araşdırması zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı daxili hərəkət cədvəllərinin surətlərinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cəmiyyətə məxsus mallar satış meneceri Cavabdeh vasitəsi ilə pərakəndə şəkildə əsas kimi qeyd olunmuş muştərilərə satılmış, lakin sənədlərin “təhvil aldım” qrafasında Cavabdeh imzasının olmaması onun malların təhvil-təslim prosesində iştirak etməməsini biruzə verir. Eyni zamanda məhkəmə prosesi zamanı tərəflərdən alınmış izahatlarla müəyyən olunmuşdur ki, Cavabdeh cəmiyyətin “satış meneceri” vəzifəsində çalışarkən icra etdiyi funksiyalar malların nümayişi və satışı üzrə müştəri toplamaqdan ibatər olmuşdur. Habelə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən “Tam maddi məsuliyyət” haqqında müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində bəhs edilən işçinin tam maddi məsuliyyəti haqqında hüququn heç bir bəndinin dispozisiyasına uyğun deyildir. Belə ki, həmin maddənin “a” bəndini rəhbər tutaraq qeyd etmək lazımdır ki, iddiaçı əmək münasibətləri prosesində cavabdehin əmək funksiyasının xarakteri ilə əlaqədar olan saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmiş, “b” bəndinə uyğun olaraq, cavabdeh əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında qəbul etməmiş, “c” bəndinə uyğun olaraq isə, iddiaçı tərəfindən cavabdehin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanla bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət olmamışdır. Odur ki, bütün sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə xərci olaraq ödənilmiş 604 manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə cavabdehin iddia müddətinin tətbiqi baradə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız hesab edilməli və rədd edilməlidir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh arasında əmək münasibətlərinə cəmiyyətin xx.xx.2021-ci il tarixli, 291- K saylı əmri il xitam verilmiş, mülki işin qeyd olunan halı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz təqdiqini tapmışdır. Beləliklə, qətnamənin əsaslandırıcı hissəsindən müəyyən olmuşdur ki, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 291-K saylı “əmək müqaviləsinə xitam verilməsi” baradə əmri ilə xx.xx.2021-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə "xxxx" QSC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Yəni ki, "xxxx" QSC ilə Cavabdeh arasındakı münasibtələrin bitdiyi an iddia müddəti axımının başlanması, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün hesab olunmalıdır. Hazırki mülki iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhəkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC bir illik iddia müddətini ötürməmiş, Cavabdeh ilə aralarındakı əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və daha sonra o, xx.xx.2022-ci il tarixində pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhəkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin məcəllənin 199-cu maddəsi işçinin tam maddi məsuliyyətindən bəhs edir: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəllənin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" QSC-nin Cavabdeh "xxxx" QSC-yə vurduğu zərərin yəni 313097 (üç yüz on üç min doxsan yeddi) manat məbləğində pulun və ödənilmiş 604 (altı yüz dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" QSC-yə verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3966/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3966/2022
09.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver