Məhkəmə qərarları › İş №e-2(004)-401/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-401/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-401/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Yasamal rayonu X14 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, İndiki adı Cavabdeh MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin “Tikinti şirkəti” tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 15000 (on beş min) manat təmir pulu, 6 000 (altı min) manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyi 153 (yüz əlli üç) manat pul "xxxx" MTK, İndiki adı Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, 28 iyul 2021-ci il tarixdə onunla Bakı şəhər, Yasamal rayonu X14 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK ilə, İndiki adı "xxxx" MTK arasında bağlanılmış müqavilənin 1.2-ci maddəsinə əsasən o, “Əmlak mülkiyyəıtçisi” - X7 bu müqaviləyə əsasən mülkiyyətimdə olan ünvan 2 ünvanda yerləşən 81 saylı, 38 kv.m ibarət mənzil sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə vəq aydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyekti qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “Tikinti şirkəti” ünvan 3 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin müılkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (birinci) mərtəbəsinin 1-ci (birinci) səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 4.8 (dörd metr səksən santımetr) olmaqla 50 (əlli ) kv.metr təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən “Tikinti şirkəti” inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 (bir min beş yüz) manat ödəyir. Hazırda tikinti şirkəti tərəfindən ona qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli pul artıq dörd aydır ki ödənilmir. Tərəfindən “Tikinti şirkətinə” rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamamışdır. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ilə kooperativ arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən, kooperativ, iddiaçıya 50 kv.m təmirli qeyri-yaşayış sahəsi verməlidir. Həmin müqavilənin 2.2.4-cü bəndinin tələbinə əsasən qeyri-yaşayış sahəsi 24 aydan gec olmayaraq iddiaçıya təhvil verilməlidir. Onlar tərəfindən öhdəliklər tamamilə və vaxtında yerinə yetirilib. Belə ki, müqavilənin icra müddətinin başa çatmasına 3 ay qalmış, iddiaçıya yazılı və şifahi məlumat, təklif göndərilmişdir. Təmirə başlamaq üçün ilkin layihəni təqdim etməsi, arakəsmə divarlarının yerləşmə sxemi verilmədiyindən təmir işləri gecikib. Sonradan iddiaçının təşəbbüsü ilə bir neçə dəfə arakəsmə divarları sökülərək dəyişdirilmişdir. Nəticədə kooperativə xeyli miqdarda ziyan dəyib. Əlavə etmişdir ki, danışıqlarda və müqavilə bağlanarkən iddiaçını X3 təmsil edib. xx.xx.2023-cü il tarixdə iddiaçıya növbəti bir xəbərdarlıq yazılı şəkildə təqdim edilib. Xəbərdarlıqla tanış olsa da, onu imzalamaqdan imtina etmişdir. Bu səbəbdən mobil telefonuna (***-***-**-**) bir neçə dəfə eyni məzmunlu bildirişlər göndərilərək, aylıq kompensasiyasının xx.xx.2023-cü il tarixdən dayandırılacağı bildirilmişdir. Qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsinin hündürlüyü 2,5 m olsa da, onların təqdim etdiyi müasir tipli binadakı sahənin hündürlüyü 3,7 m təşkil edir. İddiaçının sahəsinin yerləşdiyi bina istismar müddəti başa çatmış, 120 il yaşı olan yararsız bina olub. Təmirlə bağlı öhdəliklərini hər an icra etməyə, yəni 1 ay müddətində təmiri başa çatdırmağa hazır olduqlarını qeyd etmişdir. İddiaçının nümayəndəsi X1 əməkdaşlarının etibarından sui-istifadə edərək, qəsdən təmirin gecikməsinə çalışmışdır. Məqsəd, hər aya görə 1500 manat kompensasiya almaq olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, tərəfindən cavabdeh "xxxx" MTK-dan 15,000 (on beş min) manat təmir pulu və 13,500 (on üç min beş yüz) manat kompensasiya pulu və 176 (yüz yetmiş altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddia saxlanılmışdır. Hazırda təmir pulu cavabdeh tərəfindən ödənilmiş və aralarında razılıq əldə edilmişdir. Odur ki, iddianın həmin hissəsindən imtina edir və baxılmamış saxlanılmasını xahiş edir. İddia tələbinin 13,500 (on üç min beş yüz) manat kompensasiya pulu və 176 (yüz yetmiş altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi hissəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadəsində bildirmişdir ki, Deluxe Residencedə direktor müavini vəzifəsində işləyir. Məsələdən tam məlumatlıdır. Ərazinin kimlərə veriləcəyindən də məlumatı vardı. Qeyri-yaşayış sahəsinin təhvil verilməsi üçün Sevinc Hüseynovanı çağırmışdılar. O bildirmişdi ki, qeyri-yaşayış sahəsinin sahəsi ilə razı deyil və əksikliklər var. Kalon-pərdələr sökülmüş və 160 kv.m tamamlanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyri yaşayış sahəsi ilə bağlı danışıqlar Sevinc xanımla aparılmışdır və danışıqlar aparılan müddət orada direktor olmuşdur. 2023-cü ilin aprel ayında Sevinc Hüseynovaya layihələri təqdim etməklə bağlı sms göndərilmişdir. Layihə iyun ayında təqdim olunmuşdur. Daha sonra təmir zamanı narazılıqlar olmuş və bəzi hissələr yenidən sökülüb tikilmişdir. Həmin söküntü aparılan zaman artıq o işlərə o deyil, Akşin müəllim baxırdı. Təmir başlayandan sonra Sevinc xanım isti pol istədiyini bildirmişdi. Lakin müqavilədə belə bir müddəa qeyd olunmamışdır. Bu da təmirin gecikdirilməyinə səbəb olmuşdur. Təmirlə bağlı Teymur Rüstəmov podrat müqaviləsi bağlanmışdır. Sanuzellərin yerdəyişməsi və isti polun olmasıyla bağlı mübahisə düşəndə işlər dayanmışdır. Obyekti şirkət təhvil verir. Təmiri podratçıdan təhvil alırlar. Bina təhvil verilməmişdən əvvəl də sakin gəlib tikintiyə nəzarət edə bilər. Sxem verilməli idi ki, təmir olunub təhvil verilsin. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirmişdir ki, 2023cü ilin fevral ayında şirkətlə müqavilə bağlamışdı. Şirkət qarşısında öhdəlik daşıyır. Tikintiyə 10.000 manat pul ayrılmışdı. Təmir başlandı. Daha sonra Sevinc Hüseynova gəlmiş və isti pol istədiyini bildirmişdi. Sevinc xanım təmiri dayandırmışdı. Şirkətlə müqavilə bağlamışam və onun qarşısında öhdəlik daşıyıram. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, Şirkət tərəfindən ona bildirmişdilər ki, təmirə 24.000 manat pul ayrılıbdır. O da bildirmişdi ki, ona 30.000 manat pul verilsin, təmiri özü elətdirsin. Lakin onunla razılaşmamışdılar. Aprel ayının 1-də Şirkət ona 24.000 manat pul vermiş, aprelin 5-də obyektin açarlarını təqdim etmişdi. O, öz müəssisəsini başqa yerdə açmışdır və ora kirayə haqqı verir. Şirkət isə ona kirayə haqqı ödəmir. Qəssab mağazasında isti pol var idi. Çünki ora yaşayış sahəsi olmuşdur. Oranı mağaza kimi istifadə edirdi. Təmirin dayandırılması barədə Teymura göstəriş vermişdi. Çünki qeyri-yaşayış sahəsinin ümumi sahəsi əksik idi. Məhkəmə işə baxıb, tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış 28 iyul 2021-cü il tarixli, Müqavilənin 1.2 bəndindən görünür ki, “Əmlak mülkiyyətçisi” - İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 81 saylı, 38 kv.m. ibarət mənzil sahəsini sökülmək üçün "xxxx" MTKyə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndlərinə əsasən Tikinti şirkəti ünvan 5 ünvanında yerləşən "Əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsinə (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 4,8 m. olmaqla 50 kv.m. təmirli qeyri-yaşayış sahəsini "Əmlak mülkiyyətçisi"nin mülkiyyətinə vermə ödəliyini üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə görə Tikinti şirkətinin inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisini təmirli qeyriyaşayış sahəsi təmin edən günədək onun müvəqqəti fəaliyyetini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq "Əmlak Mülkiyyətçisinə kompensasiya şəklində hər ay 1500 (min beş yüz) manat ödəyir. Əmlak mülkiyyətçisi'nin kommunal borcları olduğu halda Tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqqından tutaraq ödənişlərini təmin edəcəkdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş qeyri-yaşayış obyektini “Əmlak mülkiyyətçisi”nə təhvil vermək Tikinti şirkətinin vəzifəsidir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 28 iyul 2021-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 50 kv.m. qeyri-yaşayış obyektinin müqavilədə nəzərdə tutulmuş əsaslarla ona təhvil verilməsi, bu mümkün olmadıqda isə hər kv.m. üçün 300 manat olmaqla 15000 (on beş min) manat təmir pulu və 4 ayın hər ay 1500 manat olmaqla 6000 manat kompensasiya pulunun ona ödənilməsini təmin edilməsi xahiş olunmuş, 10 gün ərzində müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh MTK-nin sədri Teymur Əmirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 49/23 nömrəli məktubun məzmunundan görünür ki, "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.2.4-cü bəndinin tələbinə əsasən 24 ay müddətinə, həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə, 50 kv.m. qeyriyaşayış sahəsini təmirli vəziyyətdə ona təhvil verməlidirlər. Arakəsmə divarların yerdəyişməsini müəyyən etmək və təmirə başlamaq məqsədi ilə may ayının 5-dən gec olmamaq şərti ilə onu məsləhətləşməyə dəvət edirlər. MTK-nin direktoru tərəfindən məktuba edilmiş xx.xx.2023-cü il tarixli qeyddən görünür ki, İddiaçı məktubu qəbul edib tanış olmuş, imzalamaqdan imtina etmişdir. Cavabdeh MTK-nin sədri Teymur Əmirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 51/23 nömrəli məktubun məzmunundan görünür ki, dəfələrlə şifahi və yazılı məlumat verməklə bildirmişdilər ki, təmirə başlamaq üçün layihəni onlara təqdim etsin. Bu barədə xx.xx.2023-cü il tarixli yazılı müraciətlə tanış olsa da, qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən qohumu və nümayəndəsi Sevinc xanıma (tel: ***-***-**-**) sms bildirişi də göndərmişdirlər. Təmirə başlamaq üçün layihəni təqdim etməyəcəyi halda, xx.xx.2023-cü il tarixdən kirayə haqqının ödənişi dayandırılacaqdır. Təmirin gecikməsinə görə məsuliyyət onun üzərinə düşür. MTK-nin direktoru tərəfindən məktuba edilmiş 02.06.23-cü il tarixli qeyddən görünür ki, İddiaçı məktubu qəbul edib tanış olmuş, imzalamaqdan imtina etmişdir. 27 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9710 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə "xxxx" MTK (İndiki adı Cavabdeh MTK) arasında bağlanmış 28 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilmiş ünvan 6 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli 8 saylı binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirməli olan təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 8149 (səkkiz min yüz qırx doqquz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 153 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, İT0011050 nömrəli "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, Cavabdeh MTK tərəfindən X2 7500 (yeddi min beş yüz) manat vəsait köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, X M-02/23-01 nömrəli müqavilədən görünür ki, İcraçı- X8, Sifarişçi - "xxxx" MTK ( X5) tərəfində ünvan 7 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasında ona təqdim edilən mənzillərin təmir işlərini icra etməyi, Sifarişçi isə bu xidmətin haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. xx.xx.2023-cü il tarixli, AZ0011170 nömrəli "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, Cavabdeh MTK tərəfindən X6 10000 (on min) manat vəsait köçürülüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı qız ıilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə Müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 38 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 50 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, obyekt təmirli təhvil verilənədək hər ay mülkiyyətçiyə ödəməli olduğu 1500 manat məbləğində kompensasiyanın verilməsini 2023-cü ilin iyul ayından dayandırmışdır. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh 38 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək hər ay iddiaçıya 1500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və tərəflərin izahatından məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Odur ki, 13,500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan 13,500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-dan 13,500 (on üç min beş yüz) manat məbləğində pul və ödənilmiş 176 (yüz yetmiş altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar