Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4045/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.960 (üç min doqquz yüz altmış) manat maddi ziyana görə, 1.000 manat (min) mənəvi ziyana görə, ödənilmiş dövlət rüsumu hesabına 69.60 manat (altmış doqquz) və hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı hesabına 320 manat (üç yüz iyirmi) pulun tutularaq avtomobilin mülkiyyətçisi olan İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 dostu İddiaçı1 mülkiyyətçisi olduğu “Toyota Camry” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə ilə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Aura” şadlıq sarayının yaxınlığında İddiaçı1 idarə etdiyi “Toyota Camry” markalı **-KN-*** d.q.n. avtomobil Cavabdeh idarə etdiyi “BMW 735” markalı **-DA-*** d.q.n. avtomobil ilə toqquşmuşdur. Bakı şəhəri Suraxanı RPİ-nin Təhqiqat şöbəsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı1 aldığı xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün və Cavabdeh əməlində cinayət xarakteli əməl olmadığı üçün, barəsində protokol tərtib olunaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Baş verən hadisə nəticəsində Cavabdeh təqsiri ucbatından İddiaçı1 onun idarə etdiyi və nəticədə maddi ziyan dəydiyi “Toyota Camry” markalı **-KN-*** d.q.n. avtomobilə, onun sıradan çıxmış ehtiyyat hissələrini alınıb dəyişdirilməsi və təmir ilə birlikdə "xxxx" MMC-nin tərtib etdiyi 19/2024 nömrəli qüsur aktına əsasən 13.060 (on üç min altmış) manat maddi ziyan dəymişdir. İddiaçı1 idarə etdiyi **-KN-*** d.q.n. avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalandığı üçün dəymiş ziyanın 5.000 (beş min) manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı1 və İddiaçı2lə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən qalan məbləğ isə, yəni 8060 (səkkiz min altmış) manat hissə-hissə olmaqla Cavabdeh tərəfindən ödənilməlidir. Lakin həmin məbləğdən Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 300 (üç yüz) manat olmaqla, cəmi 4100 (dörd min yüz) manat ödəmişdir. Hal-hazırda Cavabdeh qalan 3.960 (üç min doqquz yüz altmış) manat ziyanı ödəməkdən imtina edir. Bundan başqa baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı iddaçı İddiaçı1 sarsıntı keçirmiş və xəsarət almışdır, səhhətində problemlər yaranmışdır. Məcbur qalıb məhkəməyə müraciət edir.
3. Daha sonra cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilib ki, xx.xx.2024-cü il tarixində baş vermiş YNH-si nəticəsində guya onun idarə etdiyi nəqliyyat vasitəsinə "xxxx" MMC-nin tərtib etdiyi 19/2024 nömrəli qüsur aktına əsasən 13060 manat maddi ziyan dəymişdir. Lakin iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi "xxxx" tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən zərərin ümumi məbləğinin 12700 manat olduğu aşkar görünür. Göründüyü kimi iddiaçı açıq aşkar vurulmuş zərərin məbləğini süni şəkildə şişirdir və əlavə olunan sənədlərdə özü özünü təksib edir. Bundan əlavə bildirmək istəyir ki, iddiaçının da qeyd etdiyi kimi İddiaçı1lə onun arasında şifahi razılaşmada İddiaçı2 adlı şəxs iştirak etməyib və belə bir şəxsi nə şəxsən, nə də şifahi tanımır. Aralarında olan şifahi razılaşmaya əsasən onun tərəfindən İddiaçı1lə onun arasında şifahi razılaşma olub və bu razılaşmaya əsasən ona 4000 manat pul ödəmək öhdəliyini götürmüşdür. Aralarında olan şifahi razılaşmaya əsasən onun tərəfindən İddiaçı1 4100 manat ödənilib və bununla da tərəfdən razılaşmanın şərtlərinə tam riayət olunub. İddiaçının şişirdilmiş formada təqdim etdiyi zərər aktında olan bəzi ehtiyat hissələrini şəxsən alıb İddiaçı1 atası Əlövsət müəllimə təhvil vermişdir. Bunu təsdiq edəcək whatsapp yazışmaları mövcuddur. Travers 650 manat, ön panel 100 manat, traverse bağlanan hissə 80 manat. Lakin zərər aktında bu hissələrin qiymətləri qat-qat yüksək göstərilmişdir. Bu halda zərərin süni şəkildə şişirdilməsinin göstəricisidir. Onun tərəfindən aralarında olan şifahi razılaşmaya tam əməl olunub və iddiaçının tələbi qanunsuz və əsassızdır.
II. Tərəflərin mövqeləri:
4. İddiaçıların nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Suraxanı RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYP-nə göndərilməsi qərara alınmışdır.
9. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən müəyyən olunur ki, “Toyota Camry hibrid” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilən xərc cəmi 13060 manat təşkil edir.
10. CLM**********84 №-li sığorta aktına əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə 12700 manat, sığorta ödənişi 5000 manat təşkil etmişdir və "xxxx" ASC tərəfindən İddiaçı2 ödənilmişdir.
11. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Surxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cavabdeh idarə etdiyi “BMW 735” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı1 idarə etdiyi “Toyota Camry” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə avtomobilə və sürücüyə zərər dəymişdir.
12. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən müəyyən edilir ki, İddiaçı2 tərəfindən “Toyota Camry hibrid” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı səlahiyyət İddiaçı1 verilmişdir.
13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).
16. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə edilən və İddiaçı2 mülkiyyətində olan “BMW 735” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı1 idarə etdiyi “Toyota Camry” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. CLM**********84 №-li sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyan 12700 manat müəyyənləşdirilərək 5000 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən İddiaçı2 ödənilmişdir. Həmçinin, Cavabdeh tərəfindən də 4100 manat məbləğində pul ödənilmişdir ki, bu da işin mübahisəsiz halıdır.
19. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə maddi zərər dəyməsi və cavabdehin həmin hadisənin baş verməsində təqsirinin olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən hətta həmin hadisə ilə bağlı 4100 manat məbləğində ödəniş də həyata keçirilmişdir. Lakin cavabdeh əvvəlcədən iddiaçı ilə 4000 manat məbləğində ödənişin həyata keçirilməsi barədə şifahi razılaşdığını bildirərək qalan məbləği ödəməkdən imtina edir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd etdiyi hal birbaşa sübutetmə yükü ilə bağlıdır. Cavabdeh iddiaçı ilə arasında şifahi razılığın olduğunu bildirsə də, bu halı sübut edə bilməmişdir.
20. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
23. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
24. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
25. Bundan başqa iddiaçı "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyənləşdirilmiş 13060 manat məbləğə münasibətdə qalıq 3960 manat məbləğində pulun tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən sığorta ödənişi 12700 manat məbləğində müəyyənləşdirilmiş qüsur aktına əsasən aparıldığından həmin qüsur aktı daha mötəbər sübut qismində nəzərdən keçirilməlidir. Odur ki, cavabdehdən 12700 manat məbləğində müəyyənləşdirilmiş zərərdən 5000 manat sığorta şirkəti, 4100 manat isə cavabdeh tərəfindən ödənildikdən sonra qalan qalıq 3600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Bundan başqa baxmayaraq ki, iddia ərizəsində iddiaçılar qismində həm avtomobilin mülkiyyətçisi olan İddiaçı2, həm də hadisə baş verən vaxt avtomobili idarə edən İddiaçı1 göstərilmişdir, lakin iddia ərizəsində cavabdehdən pulun tutularaq avtomobilin mülkiyyətçisi olan X1 ödənilməsi xahiş olunmuşdur.
27. Odur ki, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün hesab edir ki, 3600 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir.
28. Bundan başqa iddia tələbində mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
29. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”
30. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
32. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin hissədə iddia təmin oluna bilməz.
33. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Lakin vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat ödənilməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin olunmamalıdır.
34. Həmçinin, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69,60 manat məbləğində dövlət rüsumu qismən 56 manat hissədə Cavabdeh tutularaq İddiaçı2 ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 3600 manat və 56 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3656 (üç min altı yüz əlli altı) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil