Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4051/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2075 manat sığörta ödənişi məbləğinin, 40,75 manat dövlət rüsumunun, cəmi 2115,75 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Nümayəndə3 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Ford Transit” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə “Ford Transit” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu, Q.Şərq küçəsində yolnəqliyyat hadisəsi törətmiş və “BMW 728” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2075,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən iddiaçının ünvanına inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh1 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə Cavabdeh1 zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/255 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi törədilən tarixdə, yəni xx.xx.2020-ci il tarixdə o, Cavabdeh2 işçisi olmuş, işi su bidonlarının müştərilərə çatdırılmasından ibarət olmuşdur. Hadisə günü yol vərəqəsi əsasında idarə etdiyi Cavabdeh2nə məxsus “Ford Transit” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə törədilən ünvanda da su bidonlarının çatdırılması ilə əlaqədar olmuşdur. Hadisədən sonra sığorta şirkəti dəymiş zərərin 1050 manat məbləğində olmasını bildirmiş, Cavabdeh2 sığorta ödənişinin müəssisə ilə sığorta şirkəti arasında həll olunacağını ona bildirmiş və onu işdən azad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Ford Transit” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2nə məxsusdur. xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, “Ford Transit” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 təmsilçisi Nümayəndə3 tərəfindən “AtaSığorta" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növü ilə sığortalanmışdır. Yasamal Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və xx.xx.2020-ci il tarixli TP № ******* saylı inzibati təhbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə idarə etdiyi X7 markalı, 90PK552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş, yol nəqliyyat hadisəsində sürücü Cavabdeh1 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı , 327.1-ci maddələri ilə cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Yasamal Rayon DYPŞ tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh1 tərəfindən avtomobil yol vərəqi əsasında idarə edilmişdir. Hadisə nəticəsində X5 məxsus “BMW 728” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesablama akatına əsasən “BMW 728” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2075 manat məbləğində müəyyən edilmişdir. 20-06438/12/AA-5042/20 saylı, xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmişə ödənilməli sığorta ödənişinin məbləği 2075 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 012029 saylı ödəniş tapşırığına əsasən zərərçəkmiş şəxsə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2075 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6972 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, iş materiallarında olan xx.xx.2020-ci il tarixli hesablama aktı məlumatlarına əsasən, 1999-cu il buraxılışlı, “BMW 728” markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1865,00 manat müəyyən edilir. Beləliklə tədqiq olunmuş sübutlarla Cavabdeh1 idarə etdiyi avtomobillə əmək vəzifələrinin icrası zamanı yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində zərərçəkmişə zərər vurması və həmin zərərin sığorta müqaviləsinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda, Cavabdeh1 məhz əmək vəzifələrinin icrası zamanı yol nəqliyyat hadisəsi törətdiyindən dəymiş zərərin əvəzi Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməlidir. Ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, 1865,00 manat məbləğində sığorta ödənişinin əvəzi Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Zərər vurmuş şəxsə reqres hüququ” adlanan 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq Cavabdeh2ndən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36,62 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 10 manatı iddiaçıdan, 90 manatı isə Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən 1865 (min səkkiz yüz altmış beş) manat sığorta ödənişi məbləği və 36,62 (otuz altı manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 10 (on) manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 90 (doxsan) manatı isə Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4051/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4051/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver