Məhkəmə qərarları › İş №e-2(004)-4060/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4060/2023

18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4060/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məhəllə "xxxx"-nin xx.xx.2020-ci il tarixdə keçirdiyi hərracın (23 dekabr 2020-ci il tarixli 55/08 saylı hərrac protokolu) etibarsızlığı və hərracın hüquqi nəticələrinin etibarsızlığı, o cümlədən "xxxx" ASC-yə verilmiş xx.xx.2021-ci il tarixli ********** çıxarışın etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, o, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin 1 saylı filialı ilə kredit müqaviləsi bağlayaraq 180000 (bir yüz səksən min) manat kredit götürmüş, kreditin təminatı kimi xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini arvadı X1 xəbərsiz ipoteka ilə yüklü etmişdir. Bankın rəhbərliyi ilə aralarında olan şifahi razılaşmaya əsasən kredit ona güzəştli şərtlərlə verilməli idi. Bankın həmin dövrdəki rəhbərliyi kredit müqaviləsində göstərilən məbləğin yarısını onlara qaytarmalı olduğunu, bunun müqabilində krediti uzun müddətə və kiçik hissələrlə ödəyəcəyinə şərait yaradacağını təklif və vəd etdi. Qeyd etmişdir ki, o, Çernobıl əlilidir, həmin dövrdə səhhəti kəskin şəkildə ağırlaşmışdı, ciddi müayinə və müalicə tələb olunurdu. Lakin, maddi vəziyyəti çox ağır olduğundan müalicə olunmaq üçün vəsaiti yox idi. Ona görə də kredit götürməyə məcbur qaldı və nəticədə bankın rəhbərliyinin təklifini və irəli sürdüyü bu ağır şərti qəbul etməyə vadar oldu. Bir müddət keçəndən sonra, ona məlum oldu ki, "xxxx" İKB ASC-nin rəhbərliyi və eləcə də adı dəyişilmişdir. Bununla əlaqədar olaraq bankın kredit götürdüyü filialına getdi və burada ona bildirdilər ki, bankın bütün rəhbər heyəti o cümlədən onunla birbaşa danışıqlar aparmış, kredit müqaviləsini bağlayarkən götürdüyü kreditin ödənişi zamanı ona tam güzəştli şərait yaradacağı barədə şifahi razılığa gəldiyi rəhbər şəxslər artıq bankın idarəçiliyindən uzaqlaşdırılmışdır. Bundan sonra maddi sıxıntıları ilə əlaqədar kredit ödənişlərini edə bilmədiyi üçün bank borcu almaq üçün məhkəmədə iddia qaldırmışdır. Bildirmişdir ki, arvadı X4 ilə xx.xx.1989-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə həyatı qurmuşlar. Hal-hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyriyaşayış sahəsini birgə nikah dövründə əldə etmişlər. Həyat yoldaşı X4 birgə nikah dövründə əldə etdikləri əmlakın ondan xəbərsiz ipoteka ilə yüklü edilməsindən xəbərdar olduqdan sonra, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmədə iddia qaldırmışdır və onun iddiası əsasında hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Hal-hazırda X2 Daşınmaz Əmlakın DRX tərəfindən Cavabdeh2 ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsasında kassasiya şikayəti üzrə Ali məhkəmənin hakimi Vüqar Həsənovun icraatında 2(102)-2794/2023 saylı iş vardır. Qeyd etmişdir ki, məhkəmə mübahisələri davam etdiyi bir vaxtda "xxxx" tərəfindən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması ilə bağlı ona xx.xx.2020-ci il tarixli 01/2108 saylı təklif və bildiriş gəlmişdir. O, və həyat yoldaşı Nailə Gülmalıyeva hər ikisi ayrı-ayrılıqda dərhal hərracın təşkilatçısı Nəsimi rayon İcra və probasiya Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə məktub yazaraq (müvafiq sənədlər əlavə edilməklə) bildirmişlər ki, ipoteka predmeti olan mübahisələndirilən əmlakla bağlı məhkəmə cəkişməsi davam edir, məhkəmə mübahisəsi davam etdiyi bir vaxtda və iş üzrə yekun məhkəmə aktı olmadığına görə, mübahisəli əmlakın hərraca çıxarılması qanunsuzdur. Ona görə də, göstərilən hüquqi əsaslara istinad edərək hərracın keçirilməməsini və dayandırılmasını xahiş etmişlər. Bundan sonra o, hesab etdi ki, hərrac dayandırılmışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda xüsusi mülkiyyətində olan əmlakını bank və hərrac onun iştirakını təmin etmədən hərraca çıxarmışlar və tamamilə qanunsuz şəkildə formal hərrac keçirərək ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini qanunsuz olaraq Cavabdeh2 ASC-nin mülkiyyətinə keçirmişlər və nəticədə bank mübahisəli əmlaka dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarış əldə etmişdir. Halbuki, daşınmaz əmlakla bağlı hərracların keçirilməsinin hüquqi əsaslarını və qaydasını müəyyən edən, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarının norma və tələblərinə görə, xüsusi mülkiyyətdə olan əmlak hərraca çıxarılarkən mülkiyyətçinin hüquqları qorunmalı, o cümlədən əmlakın mülkiyyətçisinin hərracda iştirakı təmin edilməklə əmlakın satın alınması ilk növbədə mülkiyyətçiyə təklif olunmalıdır. Eyni zamanda hərraca çıxarılan daşınmaz əmlakın qiyməti hərrac keçirilən dövrdə daşınmaz əmlakın orta bazar qiymətinə uyğun müəyyən edilməlidir. Qeyd etmişdir ki, hərrac keçirilən zaman mübahisəli daşınmaz əmlakın orta bazar qiyməti təqribən 800000 - ******* manat civarında olmuşdur. Lakin, mübahisəli əmlak hərraca çıxarılan zaman əmlakın mövcüd orta bazar qiyməti deyil, 2016-cı ildə əmlak girov qoyularkən bank tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən edilmiş 301.500 manat qiymət hərracda satış qiyməti kimi təyin edilmişdir. Yuxarıda göstərdiyi bütün xüsusatlardan açıqaşkar göründüyü kimi, hərrac tamamilə qanunsuz, formal və bir başa Cavabdeh2 ASC-nin sifarişi və “dirijorluğu” ilə keçirilmiş və bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq Konvensiyalar və Azərbaycan Respublikasının mövcüd qanunvericilik aktları ilə təsbit olunmuş mülkiyyət hüququ ən kobud şəkildə pozulmuşdur. Bir daha yuxarıda sadaladığı əsaslara istinad edərək qeyd etmişdir ki, hərracların keçirilmə qaydasını tənzimləyən mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla keçirildiyindən sözügedən hərrac və yaratdığı hüquqi nəticələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Nəsimi Rayon Məhkəməsində məhkəmə çəkişmələri davam etdiyi bir vaxtda mübahisəli əmlak bank və hərrac tərəfindən hərraca çıxarılmış və tamamilə qanunsuz şəkildə formal hərrac keçirilərək hərracdan satılmışdır. Həmçinin qeyd etmişdir ki, mübahisəli əmlak düzgün qiymətləndirilməmişdir. Odur ki, göstərilənlərə əsasən, qeyd olunanların nəzərə alınması və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış binasına tutma yönəldilməsi qət edilmişdir. 10 may 2019-cu il tarixli icra vərəqəsinin və Nərimanov Rayon İcra və probasiya Şöbəsinin 11170-111260/19-15-4 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərilmişdir. Hərracın yekunlarına dair protokol 23 dekabr 2020-ci il tarixdə tərtib edilmişdir. "xxxx" MMC ilə ipoteka saxlayan bank Cavabdeh2 ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh2 ASC xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən 103 saylı qeyri-yaşayış binasına dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətindən çıxarış almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh2 ASC-yə və qeyrilərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə tamamilə razıdır, onlar vicdanlı alıcıdır, hərrac qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Həmçinin bildirmişdir ki, bununla bağlı məhkəmələrin qərarları mövcuddur. İddiaçının banka borcu olub, onun çeşid-çeşid iddiaları verməkdə məqsədi yalnız vaxt uzatmaqdır. Həmçinin iddiaçı bir il ərzində əmlak həm bankın, həm də onların mülkiyyətində ola-ola icarə haqqları ödəmişdir. Mübahisəli əmlak hərraca çıxarılanda o, onu hərracdan ala bilərdi, lakin almamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borc üzrə 180000 (bir yüz səksən min) manat, faiz borcu üzrə 16435 (on altı min dörd yüz otuz beş) manat, cərimə borcu üzrə 4027,79 (dörd min iyirmi yeddi manat, yetmiş doqquz qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 200522,79 (iki yüz min beş yüz iyirmi iki manat, yetmiş doqquz qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" İKB ASC-yə verilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 301500 (üç yüz bir min beş yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin satıldıqdan bir ay sonra boşaldılması, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qətnaməyə əsasən iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 mart 2019-cu il tarixli, 30 saylı qiymətləndirmə hesabatından görünür ki,xx.xx.2019-cu il tarixəBakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən, 97,9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsininbazar dəyəri 301500 manat təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-70/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər "xxxx" ASC-yə ("xxxx" İKB ASC), İddiaçı və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı «Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş xx.xx.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və İddiaçı ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyriyaşayış sahəsi barədə İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1643/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-70/2021 saylı iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3453/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1643/2022 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2794/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(103)- 1321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərarla müəyyən olunur ki, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1321/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsi haqqında Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 11170/111260/19-15-4 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu "xxxx" MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar Cavabdeh2 ASC və borclu İddiaçı Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 11170/111260/19-15-4 saylı, xx.xx.2019-cu il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2020-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərilmiş, həmin bildirişlər borclu İddiaçı tərəfindən qəbul edilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) elan verilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 ASC həmin əmlakı 192206,25 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Hərracın Yekunları barədə 55/08 saylı, 23 dekabr 2020-ci il tarixli Protokola əsasən, sözü gedən qeyri-yaşayış sahəsi tələbkar Cavabdeh2 ASC-yə 192206,25 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. Daha sonra Cavabdeh2 ASC ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 arasında AN-İ №1129512 saylı, 17 mart 2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və mübahisəli əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 27 mart 2023-cü il tarixli çıxarışına əsasən X5 adına tam mülkiyyət hüquqi kimi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Eyni zamanda məhkəmə iddiaçının mübahisəli əmlakın hərracda düzgün qiymətləndirilməməsi və qiymətin aşağı göstərilməsi ilə bağlı dəlillərə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, müvafiq ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti icra mərhələsində icra məmurunun qərarı ilə deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1221/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinun ilkin satıç qiyməti 305000 manat məbləğində qiymətləndirilmişdir. Həmin hissələrdə də Nəsimi Rayon Məhkəməsinin qətnaməsi hazırki iddiaçı tərəfindən, həmin iş üzrə cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, hər iki halda qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbi ümumilikdə əsassız olduğu üçün rədd edildiyindən, cavabdeh "xxxx" ASC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin də müzakirə edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar