Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4119/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş 430 manat sığorta ödənişi və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 460.40 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Elantra” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 00:35 radələrində həmin avtomobili Bakı şəhəri, Yasamal rayonu ərazisində idarə edərkən “Opel Zafira” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Yasamal rayonu DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Yasamal rayon DYPŞ-nin axtarış üzrə inspektoru polis leytenantı X1 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:35 radələrində həmin avtomobili Bakı şəhəri, Yasmal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.Zərər dəymiş “Opel Zafira ” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən qiymətləndirilərək 430 (dörd yüz otuz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli N° 02570 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli № 29543 saylı ödəniş tapşırığına əsasən 430 (dörd yüz otuz) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. 13 iyul 2021-ci il tarixli, PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinin çıxarışına əsasən “Hyundai Elantra” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmışdır.
5. Yasamal Rayon DYPŞ-nın 31 yanvar 2022-ci il tarixli, TP4831875 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 00:35-də Yasamal rayonu ərazisində əsasən “Hyundai Elantra” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir.
6. 09 fevral 2022-ci il tarixli, 02570 saylı Sığorta Aktından görünür ki, avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış “Hyundai Elantra” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil 27 yanvar 2022-ci il tarixdə saat 00:35-də “Opel Zafira ” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində 430 manat məbləğində zərər dəymiş və zərər sığorta ödənişini alan X4ina verilmişdir.
7. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Opel Zafira markalı avtomobilə dəymiş zərərin məbləği 430 manat qiymətləndirilmişdir.
8. 28 fevral 2022-ci il tarixli, 29543 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X2 hesabına 430 manat məbləğində vəsait köçürülmüşdür.
9. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardadn görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətarı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
10. xx.xx.2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abaslı X3 Xətalar Məcəlləsinin 327.1,327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
13. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir.
16. Beləliklə, müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:35-də Yasamal rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, X5 məxsus olan “Hyundai Elantra” minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Opel Zafira ” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozub yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Opel Zafira ” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 430 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür.
17. Cavabdeh hadisə yerindən yayındığından sığortaçının faydalanan şəxsə ödədiyi 430 manat məbləğində pulu subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 430 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 430 (dörd yüz otuz) manat məbləğində sığorta ödənişi və 30,4 manat (otuz manat 40 qəpik) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 460,4 manat (dörd yüz altmış manat 40 qəpik) məbləğində pul tutularaq, iddiaçı Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil