Məhkəmə qərarları › İş №e-2(004)-4143/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4143/2022

22.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4143/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə tikilmiş otaqların xərcinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərc» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə tikilmiş otaqların xərcinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəməm qeyd edir ki, iddiaçının tələbi qeyri-müəyyəndir və aydın şəkildə göstərilməmişdir. Belə ki, iddiaçı tələbində ünvan 1 ünvanında birgə nikah dövründə tikilmiş 6 ədəd evin xərcinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərcin alınıb ona verilməsini tələb etsə də, birgə nikah dövründə tikilmiş evlərə çəkilmiş xərcin hansı məbləğdə, hissədə və kimdən tutularaq onun xeyrinə ödənilməsini və kimin, nəylə bağlı, hansı hissədə hüququnun tanınmasını tələb etdiyini aydın şəkildə göstərməmişdir. Həmçinin, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə tikilmiş otaqların xərcinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərc» tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə tikilmiş otaqların xərcinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərc» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar