Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4164/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “məhdudiyətlərin yaradılmasının qadağan olunması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “məhdudiyətlərin yaradılmasının qadağan olunması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 08.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin hərəkətlərinin qanunsuz hesab edilərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 192, 16 nömrəli üç otaqlı mənzildən istifadəyə məhdudiyyət yaradılmasının cavabdehə qadağan olunması və kommunikasiya xətlərinin bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 saylı evin 16 nömrəli, 3 otaqlı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının mənzilə dair mülkiyyət hüquqları BŞİH Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 11,08.2004-cü il tarixdə 30/200566 nömrə ilə qediyyata alınaraq, ÖM 197317 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 21,04.2020-ci il tarixli, 80 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanlarında, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “SMARTDOM’ MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında hazırki iş üzrə cavabdeh “SMARTDOM’ MMC-nin istifadəsinə verilmişdir. İddiaçının mənzili yerləşən bina təhlükəsizlik baxımından qüsurlu deyildir və yaşayış üçün tamamilə yararlıdır. Mənzil binanın birinci mərtəbəsində yerləşməklə ümumi sahəsi 60 kv.metrdən ibarətdir. MMC-nin səlahiyyətli şəxsləri iddiaçıya mövcud kvadrata iyirmi faiz əlavə etməklə inşa olunacaq binanın yuxarı mərtəbələrində mənzil təklif edirlər. İddiaçının 70 yaşı, həyat yoldaşı X1 67 yaşı vardır. Yəni hər ikisi yaşlı olduqları üçün istənilən binanın yuxarı mərtəbələrində mənzilinin olması onlar üçün əlverişli deyildir. Üstəlik də ildən-ilə yaşları artır. Digər tərəfdən mənzil yerləşən bina Yasamal rayonu, A.M.Şərifzadə küçəsinə baxdığından həmin binanın yuxarı mərtəbələrində yerləşən mənzillərin dəyəri o ərazidə A.M.Şərifzadə küçəsinə baxmayan binaların mənzillərinin dəyərindən nisbətən artıqdır. Lakin mənzil yerləşən binanın birinci mərtəbəsindəki mənzillərin qiyməti isə o ərazidə A.M.Şərifzadə küçəsinə baxmayan digər binaların birinci mərtəbəsində yerləşən mənzillərin dəyərindən kifayət qədər çoxdur. Bunun isə səbəbi odur ki, birinci mərtəbədə yerləşən mənzillərin mülkiyyətçiləri istədikləri vaxt yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə mənzilinin təyinatını qeyri-yaşayışa dəyişərək ondan obyekt kimi istifadə edə bilir. Bu səbəbdən də Cavabdeh MMC iddiaçıya inşa olunacaq binanın birinci mərtəbəsində deyil yuxarı mərtəbələrində mənzil təklif edir. Hansı ki, qeyd etdiyi kimi mənzil yerləşən bina qəzalı vəziyyətdə deyil və mülkiyyətçi olaraq iddiaçı Cavabdeh MMC-dən xahiş etməyib ki, gəlib binanı söküb yerində hündürmərtəbəli bina inşa etsin. Əgər Cavabdeh MMC bu söküntünü və inşaat işlərini həyata keçirmək istəyirsə iddiaçının şərtlərini qəbul etməlidir. Daha doğrusu 72 kv.m inşa edəcəyi binanın birinci mərtəbəsində iddiaçıya təhvil verməlidir. Hansı ki, bunu etmək üçün MMC-yə hər hansı bir maneəçilik yoxdur. İddiaçı həmin qeyri-yaşayış sahəsini satıb sonradan istədiyi ərazidə birinci mərtəbədə ev alıb yaşaya bilər. Göründüyü kimi iddiaçının hazırki şərtləri olduqca sadədir və mülki qanunvericiliyin tələblərinə zidd deyildir. Cavabdeh MMC iddiaçının təkliflərini qəbul etməyərək öz qanunsuz hərəkətlərinə davam edərək mənzilin sökülməsinə razılıq verməyəcəyi təqdirdə belə mənzili sökməyə çalışır və bu məqsədlə də mənzil yerləşən binanın hissəvi söküntüsünü həyata keçirməklə binada yaşayışı mümükünsüz etməyə çalışır. Hazırda kommunikasiya xətləri kəsilməmişdir. İş materialların əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi, cavabdeh bu və digər qanunsuz hərəkətləri ilə iddiaçının hüquqlarını pozmaqla yanaşı, həmçinin mülki qanunvericiliyin tələblərini də kobud şəkildə pozaraq qarşılıqlı razılıq olmadan yalnız və yalnız öz şərtlərinə uyğun olaraq iddiaçını müqavilə bağlamağa məcbur etmək istəyir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddianı qəbul etmir, Smart MMC-yə həmin binanı sökmək üçün icazə verilmişdir. İlk dəfə deyil ki, cəmiyyət belə bir iş görür. Bina tam boşalmadan, binanı sökmək mümkün deyil. Qapıları, pəncərələri isə sakinlər özlərinə məxsus olanları söküb aparırlar. Mənzildə divarların tamlığı pozulmamışdır. Cəmiyyət hətta 20 faizdən də artıq, 30-35 faiz verməyi də təklif edir. Kommunikasiya xətləri isə cəmiyyət tərəfindən kəsilməmişdir. Buna ümumiyyətlə onların icazəsi yoxdur. Bina sakinlər tərəfindən tam boşaldıldıqdan sonra müvafiq kommunal təşkilatlara xəbər verməklə təşkilat tərəfindən kommunal xidmətlər kəsildikdən sonra bina cəmiyyət tərəfindən sökülür. O, şəxsən sonuncu dəfə 3 gün əvvəl həmin ünvanda olmuşdur, hazırda binada 20 dən artıq sakin qalır. Onlar sakinlərə pul vermir, 20 faiz artıq mənzil verirlər. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 197317 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasaml rayonu, A.M.Şərifzadə küçəsi, ev 192, 16 saylı mənzil barədə İddiaçı adına 11.08.2004-cü il tarixdə, 30/200566 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21.04.2020-ci il tarixli, 80 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanlarında şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan “Azərdövlətsənayelayihə” DLİ-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 192 ünvanında yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında 13.04.2020-ci il tarixli rəyinə əsasən yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. Lakin İcra Hakimiyyətinin sərəncamına əsasən ünvan 2 ünvanlarında şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi tikililərin istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh sözügedən binada yaşayan sakinlərin əksəriyyəti ilə müqavilə bağlamışdır. Hazırda iddiaçı yaşayış sahəsindən istifadəsinə cavabdeh tərəfindən məhdudiyyətlər yaradılmasının cavabdehə qadağan olunmasını və kommunikasiya xətlərinin bərpa edilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək bildirir ki, cavabdeh tərəfindən həmin binada heç bir məhdudiyyət yaradılmamış və kommunikasiya xətləri kəsilməmişdir. Məhkəmə qeyd edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı yaşayış binasında mənzilindən istifadəsinə cavabdeh tərəfindən məhdudiyyət yaradıldığını və kommunikasiya xətlərinin kəsildiyini bildirsə də bunu sübut edə bilmir. Eyni zamanda iş matertiallarına əlavə olunmuş fotoşəkillərdən də görünür ki, həmin yaşayış binasında müəyyən məzillər tam boşaldılmış olsa da, digər bəzi mənzilərdə yaşayış vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMCnin hərəkətlərinin qanunsuz hesab edilərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 192, 16 nömrəli üç otaqlı mənzildən istifadəyə məhdudiyyət yaradılmasının cavabdehə qadağan olunması və kommunikasiya xətlərinin bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin hərəkətlərinin qanunsuz hesab edilərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 192, 16 nömrəli üç otaqlı mənzildən istifadəyə məhdudiyyət yaradılmasının cavabdehə qadağan olunması və kommunikasiya xətlərinin bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-4164/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4164/2021
23.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver