Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4219/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Müdafə oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30000 (otuz min) manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Bu barədə bacısının həyat yoldaşı Cavabdeh2 bildirmişdir və ondan ona ev almağa köməklik etmək üçün hər hansı bir tanışının olubolmaması barədə soruşmuş, Əliyar isə ona öz kürəkəni Cavabdeh3 köməklik edə biləcəyini və Rəfailin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşadığını və ev alıb-satmaq barədə səriştəsinin olduğunu bildirmişdir. Bundan sonra o, ev almaq üçün 05 may 2022-ci ildə Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə Cavabdeh3 yaşadığı evdə Əliyarın və Rəfailin cavabdehlikləri ilə Cavabdeh1 30000 (otuz min) manat pul vermişdir. Halbuki, o, Cavabdeh1 ilk dəfə Cavabdeh3 evində görmüşdür. Həmin vaxt onlar evin ümumi qiymətini 45000 (qırx beş min) manata razılaşmışlar. Bu barədə qəbz də yazıldı və qəbzə əsasən Ülvi ondan aldığı 30000 (otuz min) manat pulu öz imzası ilə təsdiq etdi. O, pulu Cavabdeh1 verdikdən sonra o, Ülvi, Əliyar və Rəfail ilə birlikdə yenidən görüşüb bu barədə danışmış və onların hər üçü ona bildirmişlər ki, “sən rahat Rusiya Federasiyasına gedə bilərsən, işləri özümüz görəcəyik”. Hətta o, qeyd edilən evə dair sənədləşmə işlərinin aparılmasından ötrü Cavabdeh3 3 (üç) aylıq müddətə notarial qaydada etibarnamə də vermişdir. O, Rəfailə etibarnamə verdikdən sonra Rusiya Federasiyasına qayıtmışdır. Rusiya Federasiyasında olarkən qalan 15000 (on beş min) manat pulu Cavabdeh2 poçt vasitəsi ilə göndərmişdir. Hətta verdiyi etibarnamənin müddəti bitdikdən sonra da o, onlara üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi üçün əlavə olaraq 1 (bir) ay vaxt da vermiş, lakin bütün bunlara baxmayaraq o, nəticədə yuxarıda adları qeyd edilən şəxslər tərəfindən aldadıldığını və dələduzluğa məruz qaldığını bilmişdir. Bir müddətdən sonra o, ailə üzvləri ilə RF-dan telefon əlaqəsi saxlayaraq evin nə yerdə olduğunu öyrəndikdə evin ləng tikildiyini öyrənmiş və o, bundan sonra tikintidən imtina etmişdir. Buna görə o, Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Həmin vaxt o, evin tikiləcəyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmiş və tikintinin getmədiyini görüb hər üç cavabdehdən pulunu tələb etmişdir. Hətta bu barədə Əliyar və Rəfail ilə danışaraq evdən imtina etdiyini bildirdikdə hər ikisi bildirdilər ki, “narahat olma, sənin pulun batan deyil, biz cavabdehik, ortada biz varıq və evə verdiyin pulun hamısını biz ödəyəcəyik”. Bundan sonra cavabdehlərdən Cavabdeh2 onlara verdiyi 45000 (qırx beş min) manat puldan 15000 (on beş min) manat pulu ona geri qaytarmışdı. Qalan 30000 (otuz min) manat pulu isə qaytarmadılar. Bundan sonra o, yenidən qalan 30000 (otuz min) manat pulunu Ülvi, Əliyar və Rəfaildən tələb etmişdir. X6 bildirdilər ki, “biz sənə bir qəpik də pul verən deyilik, ged əlindən nə gəlirsə et“. Bildirmişdir ki, o, hal-hazırda 1 (bir) ildən çoxdur ki, kirayələrdə yaşayır. Kirayə pullarını çatdıra bilmir, hətta kirayəyə borcu da qalmışdır. Azərbaycanda yaşamağa yeri yoxdur. Həmin evi də bir tək olan oğlunun hərbi xidmətdən qayıtdıqdan sonra yaşaması üçün nəzərdə tutmuşdur. Oğlu işğaldan azad edilmiş Laçın rayonunda bir əsgər kimi həqiqi-hərbi xidmətini başa vurmuşdur. Onların onu aldatması ailəsini çox pis bir vəziyyətə salmışdır. Bundan uzun müddət keçməsinə baxmayaraq onlar ondan evə görə aldığları pulu geri qaytarmırlar. Hər üç şəxs öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Onlardan dəfələrlə pulunu tələb etsə də onlar buna məhəl qoymurlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Bu hal hər üç cavabdeh şəxs tərəfindən ona qarşı qabaqcadan planlaşdırılmış bir iş olmuşdur, onun qohumluq münasibətindən və etibarından suiistifadə edərək onu çox çətin bir maddi vəziyyətə gətirib çıxarmışlar. O, hətta onlara pulunu verdikdən sonra da heç güman etməzdi ki, ona qarşı belə bir qanunsuz hərəkətlər edərlər. Göstərilən səbəbdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, ev almaq məqsədilə yeznəsi Cavabdeh2 müraciət etmiş və onunla birlikdə evlərə gedib baxmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 o tanımamış, onlarla onu Cavabdeh2 tanış etmişdir. O, Lökbatan qəsəbəsi, 2-ci massivdə olan evi bəyənmiş, onun 1-ci mərtəbəsi hazır olmuş, o, 30000 manat pulu 05 may 2022ci il tarixdə Cavabdeh1 vermişdir. O, may ayının 5-dən iyun ayının 2-nə kimi Cəlilabad rayonundan Lökbatan qəsəbəsinə həftədə bir-iki dəfə gedib evin tikintisi ilə maraqlanmışdır. O, hər dəfə gələndə görürdü ki, iş getmir və artıq narahat olmağa başlamışdır. Lakin onu sakitləşdirib bildirmişlər ki, hamıda iş belə gedir, ortada onlar var narahat olmasın. O, Rusiya Federasiyasında olduğundan, Əliyar isə rayonda yaşadığından, hər dəfə həmin yerə gedə bilmədiyindən, Rafail isə Ülvini yaxşı tanıdığından, o, Rafailə evin alqı-satqısı üçün etibarnamə vermişdir. Evin sənədi yox idi, onlar ona bildirmişlər ki, evi tikib qurtarandan sonra evi sənədləşdirəcəklər. O, ilkin onlaraq 30000 manat pul vermiş, 15000 manat isə borclu qalmışdır. Həmin pul Cavabdeh2 evində idi. Lakin o, gördü ki, 30000 manat verə-verə ev tikilmir, bildi ki, 15000 manatı da versə o pulda batacaq, ona görə də verməmişdir. O, Rafailə 3 aylıq etibarnamə vermişdir. Etibarnamənin vaxtı bitəndə o, Ülviyə zəng etmiş, işin nə yerdə olduğunu soruşmuş, o, isə evin damının vurulduğunu bildirmişdir. Bundan sonra o, öz həyat yoldaşını həmin yerə göndərmiş və o, həmin evin şəklini çəkib ona göndərmiş və o, görmüşdür ki, o Rusiya Federasiyasına gedəndən sonra daşın üstünə daş qoyulmayıb və bu barədə həm Əliyara, həm Ülviyə bildirmişdir. Dəfələrlə onlar yığışmış, videogörüntü ilə əlaqə saxlamış, ona bildirmişlər ev tikilib ona təhvil veriləcək. Onun oğlu əsgərliyə gedəndə, Əliyar ona bildirmişdir ki, o bu işdə ağsaqqallıq edib, onun oğlu əsgərlikdən qayıdandan sonra o, onun ya evini verəcək ya da pulunu qaytaracaq. Bundan sonra o yenə gözləmiş, lakin bir müddət sonra görmüşdür ki, ev tikilmir. Buna görə də o, artıq evi istəməmiş, öz pulunu geri tələb etmişdir. Cavabdehlər yığışıb ona bildirmişlər ki, o, onlara pulu qaytarmaq üçün 1 ay möhlət versin. Həmin gün dekabr ayının 9 Cavabdeh1 onun qohumlarına gedib həmin evi göstərmiş və onlardan 22000 manat pul almışdır. Sonra öyrənmişdir ki, o bir qadınana da, həmin evi 17000 manata satmış, lakin sonradan hansısa torpaq sahəsi verərək ondan canını qurtarmışdır. Hal-hazırda onda olan məlumata görə Ülvi həmin evi qəbzə qol çəkməklə 5 adama sözlə satıb. Onun uşağı əsgərlikdən qayıdandan sonra xəstə olduğu üçün əməliyyat olunmuşdur, həmin əməliyyata görə o, Ülvidən 850 manat pul ala bilmişdir, yəni 30000 manat puldan o, ona yalnız 850 manat qaytarmışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı cavabdehlər tərəfindən aldadıldığını və dələduzluğa məruz qaldığını bilmişdir. Bundan sonra, iddiaçı tərəfindən verilmiş 45000 manat pulun 15000 manat pulu Cavabdeh2 tərəfindən ona geri qaytarılmış, 30000 manat isə qaytarılmamışdır. Bildirmişdir ki, iddiaçı 1 ildən çox kirayələrdə yaşayır və kirayə haqqını ödəməyə çatdırmır. Həmin evi o, yeganə oğlu üçün almaq fikrində idi, o, oğlu əsgərlikdən qayıtdıqdan sonra həmin evdə yaşamasını istəmişdir. İddiaçı cavabdehlərdən 30000 manat pulun qaytarılmasını tələb etsə də, onlar buna məhəl qoymamış və müxtəlif səbəblərlə bundan imtina etmişlər. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək və bu barədə yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, o, Qaradağ rayonunda tikinti ilə məşğul olur, evlər tikib satır. Rafailin 3-4 qonşusu üçün elə ev tikib. Bildirmişdir ki, Əhəd tərəfindən ona 30000 manat pul verilib, bunu etiraf edir və hal-hazırda da, ev demek olarki hazırdı, içinin təmiri və pəncərələri qalıb. 15000 manat əlavə pul versin, sabah evi keçirtsin adına. Onun bəzi problemləri olduğu üçün o evi vaxtında tikib təhvil verə bilməmişdir. O, digər cavabdehləri əvvəllər heç tanımamış, yalnız Rafailin qonşuluğunda evlər tikdiyindən bəzən onunla rastlaşmışdır. Əhəd pulu ona Rafailin və Əliyarın iştirakı ilə verilmişdir. Onlar görüşməyə gələndə Rafail tikilən evin qonşuluğunda yaşadığından onları çöldə, ayaq üstə söhbət etməmək üçün evinə dəvət etmiş, Rafailin evində də, onların iştirakı ilə danışdıqları kimi ona ilkin 30000 manat pul verilmiş və o da, qəbzə imza atmışdır. Əslində isə verilən pulun bir qismi qızıl şəklində verilmiş, lakin onlar həmin qızılı pul kimi qiymətləndirərək qəbul etmişdirlər. Evin başqa şəxslərə satılmasına gəlincə isə, ev hələki heç kimə satılmayıb. Əhəd ondan pul tələb etdikdə o, pulu qaytarmaq məqsədi ilə evi satmaq üçün digər şəxslərə göstərmişdir. Lakin ev satılmamışdır. Bu gündə pulu qaytarmaqdan imtina etmir. İddianı etiraf edir. Lakin o pulu bir dəfəyə qaytarmaq imkanı yoxdur. Bundan başqa həmin puldan 850 manatını da, geri qaytarmışdır. Məhkəmədən qətnamə çıxarılarkən bunu nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun qaynı, Rafail Məmmədov isə kürəkənidir. İddiaçı ona ev almaq istədiyini bildirmiş və bu işdə köməklik göstərməsini xahiş etmişdir. Onun kürəkəni Rafail isə şəhərdə yaşadığı üçün, o da öz növbəsində Rafaildən Əhədə qonşuluğunda ev olduğu təqdirdə, ona bildirilməsini xahiş etmişdir. Rafail ona qonşuluqlarında Ülvi adında şəxsin evlər tikərək satdığını bildirmiş, onlarda Əhədlə birlikdə Ülvinin tikdiyi evlərə baxmaq üçün Bakı şəhərinə gəlmişlər. Daha sonra X9 ilə tanış etmiş və Əhəd onun tikdiyi bir neçə evlərə baxmışdır. Rafail bildirmişdir ki, o ərazidə iki makler ev tikir, digəri keyfiyyətsiz tiktidiyindən, o, Əhədə Ülvini məsləhət görmüşdür. Əhəd baxdığı evlərdən yarıtikili bir evi bəyənmiş, öz aralarında Ülvi ilə həmin evi 45000 manata almağa razılaşmışlar. Daha sonra onlar birlikdə Ülvi ilə görüşmüş, həmin ərazi Rafaelin evinə yaxın olduğu üçün, Rafail onları söhbət etmək üçün öz evinə dəvət etmiş və onların da iştirakı ilə Əhəd 30000 manat pulu sayaraq Ülviyə vermişdir. Düzdür, pulun 11000 manatı qızıl olsa da, onlar həmin qızılı öz aralarında 11000 manat dəyərləndirmiş, Ülvi isə pulu qəbul etmişdir. O, da Ülvini ilk dəfə gördüyündən və tanımadığından, Əhədə Ülvidən qəbz almasını məsləhət bilmiş və həmin qəbz də, onun təkidi ilə yazılaraq Əhədə verilmişdir. Yerdə qalan məbləği isə Əhəd ev tikildikdən sonra Ülviyə verməli idi. Bundan sonra Ülvi söz verdiyi kimi evi vaxtında tikib verməmiş və buna dair Əhədlə aralarında narazılıqlar olmuşdur. Əhəd özü Moskva şəhərinə getdiyindən, Rafailə etibarnamə vermiş və bildirmişdir ki, ev hazır olduqda o, Moskva şəhərində olduğu üçün sənədləşmə işlərində onun adından nümayəndəsi kimi iştirak etsin. Hətta Əhəd ona bir dəfə yerdə qalan pulu da Ülviyə verməsi üçün göndərmiş, lakin Ülvi söz verdiyi kimi götürdüyü pula münasibətdə evi hazır etmədiyi üçün, o, həmin pulu Ülviyə verməmiş və Əhədin özünə qaytarmışdır. Daha sonra iş çox uzandığından Əhəd artıq evi istəmədiyini, bu barədə Ülviyə bildirdiyini və Ülvidən pulun geri alınmasını xahiş etmişdir. Rafael dəfələrlə Ülvini axtarıb ondan ya evi təhvil verməsini, ya da pulun geri qaytarılmasını tələb etmişdir. Hətta bir dəfə Ülvi verilən puldan 15000 manatın geri qaytarılmasını bildirdikdə, Rafael bu barədə Əhədə demiş, Əhəd isə həmin an fikrindən daşındığını, Ülvinin evi gec tiksə də, evin üstündə əlavə mətbəx mebeli də verəcəyini bildirərək, pulu götürməməsini demişdir. Daha sonra Əhəd yenə də, artıq evi istəmədiyini, pulun geri qaytarılmasını Ülviyə dediyini bildirmiş, Rafael də həmin pulu geri almaq üçün Əhədin xahişi ilə dəfələrlə Ülvini axtarmış və ondan Əhədin pulunu istədiyini və pulun geri qaytarılmasını tələb etmişdir. Ülvi isə həmin vaxtlar maddi çətinlikdə olduğunu bildirərək, pulu qaytara bilməyəcəyini, yalnız ev satıldıqdan sonra pulu qaytara biləcəyini bildirmişdir. Bundan sonra isə Əhəd dəfələrlə onunla mübahisə etmiş, hətta ona hədə-qorxu gələrək, Əhədə verdiyi pulu ondan tələb etmiş, onun barəsində polisə belə şikayət etmişdir. O, Əhəddən heç bir pul almamış, Ülvi ilə heç bir tanışlığı olmamış, məhz Əhədin xahişi ilə bir ağsaqqal kimi ona evin alınması üçün Ülvi ilə görüşdə iştirak etmiş və həmin pulda onların, yəni onun və Rafaelin iştirakı ilə Əhədin özü tərəfindən Ülviyə verilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Əhəd onların evinə gələrək ev almaq istədiyini bildirmişdir. Ülvi həmin ərəfələrdə onların qonşuluğunda ev tikirdi. Əhədlə onu tanış etmiş və Əhəd onun tikdiyi evlərə də, baxmışdır. Həmin an iki makler ev tikirdi, digəri keyfiyyətsiz tiktidiyindən, o, Əhədə, Ülvini məsləhət görmüşdür. Əhəd birmərtəbəli evə baxmış və Ülvi ona bildirmişdir ki, ilkin 30000 manat pulu versin, qalan 15000 manat pulu isə ev hazır olanda verər. Əhəd 30000 manat pulu Ülviyə vermiş, bundan sonra ev hazır olmadığı üçün o, bir il ərzində Ülvi ilə mübahisə etmiş, Əhədin xahişi ilə Ülvünü axtarmış, dəfələrlə onun dalınca getmiş və evin qısa zamanda tikilməsini, ya da, pulun geri qaytarılmasını tələb etmişdir. Axırda o, Əhədə bildirmişdir ki, artıq bacarmır, evi alan Əhəddi, satan isə Ülvidir, o özü onunla danışıb işi həll etsin, yəni onun bu işə aidiyyatı yoxdur. Pulu isə onun və Əliyarın iştirakı ilə Əhəd şəxsən sayaraq Ülviyə vermiş, buna dairdə qəbz almışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında sadə yazılı formada bağlanmış və öz imzaları ilə təsdiq edilmiş 05 may 2022-ci il tarixli əlyazmadan görünür ki, Nuriyev X3 qəsəbəsi, 2-ci massiv, iki mərətəbəli 4 otaqlı ev almaq üçün İddiaçı 30000 manat pul almışdır. - Cəlilabad Rayon Polis X2 təhqiqatçısı Əflatun Məmmədovun 31 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK-1-364 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən İddiaçı izahatı alınmış və o, izahatında Cavabdeh2 bacısı Reyhanın əri olduğunu, “alarında heç bir ədavətin olmadığını, 2022-ci ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra Bakı şəhərində ev almaq istədiyini, Əliyara tanış adam varsa bu işdə ona köməklik etməsini bildirdikdən sonra sonuncu öz kürəkəni Məmmədov Rafaelin Bakı şəhərində Lökbatan qəsəbəsində yaşadığını və onun bu sahədən başı çıxan adamlarla əlaqəsi olduğunu bildirdiyini dediyindən onunla razılaşdığını bildirmişdir. Cavabdeh2 nəhayət 2022-ci ilin may ayının 5-də Bakı şəhərində Lökbatan qəsəbəsində bacısı Reyhanın, kürəkəni Əliyarın, Əliyarın kürəkəni Rafaelin iştirakları ilə ev tikintisi ilə məşğul olacaq Elvin adlı şəxsə Əliyarın 46 min manat verdiyini, bundan sonra Rusiya Federasiyasına qayıtdığını bildirmişdir. İddiaçı sonra arvadı ilə telefon əlaqəsi saxlayarkən ev tikintisinin ləngidiyini öyrəndikdən sonra Lökbatan qəsəbəsinə gəlib evin tikintisi ilə maraqlanarkən tikintinin getmədiyini görüb Əliyara tikintidən imtina etdiyini bildirib ona verdiyi 46 min manatın geri verməsini tələb etdiyini, sonuncu 46 min manatdan 14 min manatın geri qaytardığını, qalan 30 min manatın hələ də vermədiyini bildirmişdir. Cavabdeh2 izahatında Əhədin göstərdiklərini qismən təsdiq etmişdir. Belə ki, o, Əhədin Azərbaycanda evi olmadığından onun ailəsi ilə birlikdə gəlib onun evində yaşadıqlarını, Əhədin pullarının onlarda saxlandığını, ev tikdirmək üçün kürəkəni Rafailə xahiş edib mütəxəssis tapdıqlarını, 2022-ci ilin may ayının 5-də Bakı səhərində Rafailin evində ev tikən Elvinə Əhədin özü şəxsən 46 min manat pulu özü verdiyini, hətta Elvinə 46 min manat pulu verməsi barədə yazılı təhfil-təslim aktı imzalatdırdığını, onun evinin tikintisinin gecikilməsinə görə Elvindən 14 min manat alıb Əhədə qaytardığını, onun 30 min manatının Elvində olduğunu bildirmişdir. Cavabdeh2 izahatını arvadı X1 və kürəkəni X4 da öz izahatlarında təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, işin halları ilə və məhkəmə iclasında tərəflərin verdiyi ifadələrə əsasən müəyyən edilmişdir ki, İddiaçı ev almaq məqsədilə Cavabdeh1 30000 (otuz min) manat pul vermişdir. Evin ümumi qiymətini 45000 (qırx beş min) manata razılaşmışlar. Bu barədə qəbz yazılmış və qəbzə əsasən Ülvi iddiaçıdan aldığı 30000 (otuz min) manat pulu öz imzası ilə təsdiq etmişdir. İddiaçı Rusiya Federasiyasında olarkən qalan 15000 (on beş min) manat pulu Cavabdeh2 poçt vasitəsi ilə göndərmiş, lakin sonradan Cavabdeh2 tərəfindən həmin pulun iddiaçıya qaytarılması, Cavabdeh1 tərəfindən isə 30000 manat puldan 850 manat pulun qaytarılması təsdiq edilmişdir. Cavabdeh1 iddianı etiraf edərək, iddiaçıya hal-hazırda 29150 (iyirmi doqquz min yüz əlli) manat məbləğində borcun olmasını etiraf edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh1 29150 (iyirmi doqquz min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Məhkəmə iddia tələbinin ümumilikdə 30000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən 30000 manat pul Cavabdeh1 verilmiş və bu barədə qəbzi öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı ilə Cavabdeh1 arasında sadəcə vasitəçi olmuş və onlarla iddiaçı arasında hər hansı bir borc müqaviləsi nə şifahi, nə yazılı formada bağlanmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun 05 (beş) manatı iddiaçıya aid edilməli, qalan 175 (yüz yetmiş beş) manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 29150 (iyirmi doqquz min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun 05 (beş) manatı iddiaçıya aid edilsin, qalan 175 (yüz yetmiş beş) manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4219/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4219/2023
29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver