Məhkəmə qərarları › İş №e-2(004)-4245/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4245/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4245/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul, öhdəliyin icra edilməməsi, zərərin əvəzinin tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2008-ci il tarixli, 033 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC İddiaçı Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 nömrəli və 2-ci yaşayış binasının A blokunda 22 nömrəli mənzillərin alınması üçün 180 ay müddətinə illik 15 faizlə 218000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş və ödəniş cədvəlinə əsasən verilmiş kreditlərin aylıq ödənişləri 3051 manat olmaqla razılaşdırılmışdır.

2. xx.xx.2008-ci il tarixli, 033/1 nömrəli ipoteka müqaviləsi ilə kreditin təminatı üçün 81 nömrəli və 22 nömrəli mənzillər ipoteka ilə yüklü edilmişdir.

3. xx.xx.2008-ci il tarixli, 113/R nömrəli və 112/R nömrəli müqavilələrə əsasən, İddiaçı 81 nömrəli və 22 nömrəli mənzillərin hər birinin 109000 manata alınması üçün Cavabdeh MTK ilə razılığa gəlmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5997/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun bankın özünə aid edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1798/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5997/2024 nömrəli qətnaməsi qismən ləğv edilmiş və iddia qismən təmin edilməklə cavabdehdən 208685,74 manat əsas borc və 3245,76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931,50 manat məbləğində kredit borcunun tutularaq Bankın xeyrinə ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 5900 manat məbləğində pul vəsaitinin Bankdan tutularaq “Grow Audit and Consulting“ QSC-yə ödənilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 1092/2025 nömrəli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1798/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır.

7. Məhkəmə aktları ilə tələbin ipoteka predmetlərinə yönəldilməməsi barədə mövqe onunla əsaslandırılmışdır ki, işin müəyyən edilən hallarına görə ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməmiş və həmin müqavilə dövlət qeydiyyatına alınmamışdır.

8. Cavabdeh MTK ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 204/R nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 nömrəli mənzildə yerləşməklə ümumi sahəsi 109 kv.m olan 2 otaqdan ibarət mənzil X3 hər kv.m üçün 655 manat olmaqla, cəmi 71395 manata satılmışdır.

9. Cavabdeh MTK ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 223/R nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunun 9-cu mərtəbəsində 22 nömrəli mənzilində yerləşməklə ümumi sahəsi 109 kv.m olan 2 otaqdan ibarət mənzil X1 hər kv.m üçün 800 manat olmaqla, cəmi 87200 manata satılmışdır.

10. Cavabdeh MTK tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 nömrəli mənzil X3, 2-ci yaşayış binasının A blokunun 9-cu mərtəbəsində 22 nömrəli mənzil X1 məxsusdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 211931,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 502 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5997/2023 nömrəli qətnaməsilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddia tərəfi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2 (103)-1798/2024 nömrəli qətnaməsilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən ləğv edilərək, iddia qismən təmin edilmişdir. Cavabdeh İddiaçı 20868574 manat əsas borc və 325576 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931,50 manat məbləğində kredit borcunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 5900 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1092/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(103)-1798/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2008-ci il tarixli, müqavilə 112/R nömrəli Cavabdeh MTK ilə İddiaçı arasında imzalanmış müaqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 1-ci yaşayış binasının B blokunda 13 mərtəbəsində ümumi sahəsi olan 109 kv. m olan 2 otaqlı mənzili İddiaçı satılmışdır. Həmçinin, 28 aprel 2008-ci il tarixli, müqavilə 11№/R nömrəli Cavabdeh MTK ilə İddiaçı arasında imzalanmış müaqavilədən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 1-ci yaşayış binasının B blokunda 81 nömrəli mənzilində ümumi sahəsi 109 kv.m olan 2 otaqlı mənzilin, 2-ci yaşayış binasının A blokunda 9 mərtəbəsində 22 nömrəli mənzilində ümumi sahəsi 109 kv.m olan 2 otaqlı mənzil satılmışdır. Həmin tarixli (xx.xx.2008-ci il tarixli), 33 nömrəli kredit müqaviləsindən görünür ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 1-ci yaşayış binasının B blokunda 81 nömrəli mənzilin və 2-ci yaşayış binasının A blokunda 9 mərtəbəsində 22 nömrəli mənzilin alınması üçün kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı olaraq 033 nömrəli kredit müqaviləsinə əsasən kreditin təminatı olaraq Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 1-ci yaşayış binasının B blokunda 81 nömrəli mənzilin və 2-ci yaşayış binasının A blokunda 9 mərtəbəsində 22 nömrəli mənzil ipotekaya qoymuşdur. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 1-ci yaşayış binasının B blokunda 13 mərtəbəsində ümumi sahəsi olan 109 kv. m olan 2 otaqlı mənzil və 2-ci yaşayış binasının A blokunda 9 mərtəbəsində 22 nömrəli mənzilində ümumi sahəsi 109 kv.m olan 2 otaqlı mənzillər onun istifadəsində və sərəncamında deyil. Yuxarıda sadalanan məhkəmə qətnamələri ilə müəyyən olur ki, ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ona aid olmayan mənzillərə görə külli miqdarda vəsait ödəməlidir. Halbu ki, cavabdeh tərəfindən həmin mənzillər başqa şəxslərə satılmış və həmin vəsait ona ödənilməmişdir. Belə ki, mənzillərin müqəddəratı (hazırda kimin sahiblik və istifadəsində olması və hansı tarixli müqavilələr əsasında özgəninkiləşdirilməsi) barədə ətraflı arayış verilməsi barədə vəkil sorğusu ilə müraciət olunsa də, bu günə kimi sorğuya cavab verilməmişdir. Həmin mənzillərdə heç vaxt yaşamamış və mülkiyyətində olmamışlar. Belə olduğu halda, həmin mənzillərə görə ödəmənin həyata keçirilməsini əsassız və qanunsuz hesab edir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan halda, Cavabdeh MTK tərəfindən əsassız varlanma halı baş vermişdir.

b) iddiaya etiraz

13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

20. Belə ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" ASC İddiaçı mənzillərin alınması üçün kredit ayrılmış, bank tərəfindən pul tam həcmdə ödənilmiş, kredit məbləğinin qaytarılması üçün öhdəliyin təmini olaraq iddiaçının əldə edəcəyi mənzillərə dair ipoteka müqavilələri bağlansa da, müqavilələr qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən bankın borcun qaytarılması üçün tutumanın ipoteka predmetlərinə yönəldilməsi barədə tələbi məhkəmələr tərəfindən təmin edilməmişdir.

21. İddiaçı bank qarşısında olan öhdəliyi lazımi qaydada icra edilmədiyi, nəticədə bankın iddiası əsasında öhdəlik üzrə pul məbləğinin ondan tutulmalı olması barədə məhkəmə aktlarının çıxarıldığı iş materialları ilə təsdiq olunur.

22. İddiaçının bu öhdəliyin altına girməsinə səbəb cavabdeh MTK-dan 81 nömrəli və 22 nömrəli 2 ədəd mənzil əldə etmək istəyi olmuşdur, bu isə kredit müqaviləsi ilə paralel qaydada bağlanan mənzillərin əldə edilməsi və ipoteka ilə yüklü edilməsi barədə müqavilələr, kredit məbləğinin iki mənzilin ümumi dəyəri ilə üst-üstə düşməsi ilə öz təsdiqini tapır. Lakin, mənzillər faktiki olaraq iddiaçıya verilməmiş, ipoteka predmetləri olaraq tutma həmin mənzillərə yönəldilməmişdir.

23. Cavabdehin məhkəməyə təqdim etdiyi məlumat və müqavilələrdən görünür ki, bir neçə il sonra 81 nömrəli və 22 nömrəli mənzillər digər şəxslərə satılmışdır. Belə olan halda isə iddiaçı cavabdehin öhdəliyini icra etməməsi nəticəsində üzləşdiyi zərəri – banka qaytarmalı olduğu pul məbləğini tələb edir ki, məhkəmənin qənaətinə görə zərərin əvəzi olaraq bu məbləğ cavabdehdən tutulmalıdır.

24. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. Beləliklə, hazırkı halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 211931,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 502 manat olmaqla, ümumilikdə 212433,50 məbləğdə pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 211931,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 502 manat olmaqla, ümumilikdə 212433,50 məbləğdə pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar