Məhkəmə qərarları › İş №e-2(004)-4265/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4265/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4265/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 14 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç övladları anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahda olduğu 2019-cu ilin iyul ayında iddiaçı cavabdehin anası X1 adına Bakı şəhəri,Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən X3 13 saylı binada, giriş 1, 2-c imərtəbədə yerləşən 4 saylı mənzilin alınması üçün cavabdehə 40.000 (qırx min) manat pul vəsaiti vermişdir. Həmin pul vəsaiti cavabdehə geri qaytarılmaq şərtilə verilmişdir. Çünki, mənzilin alınması üçün sərf edilmiş həmin pul vəsaitini iddiaçı bacısı X2 "xxxx" ASC-də adına olan bank hesabından iki dəfəyə (11 iyul 2019-cu il tarixdə və 17 iyul 2019-cu il tarixdə) çıxarmışdır. Lakin, bu günə kimi həmin pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Öncə keçirilən məhkəmə baxış iclasında iddiaçı izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdeh 2019-cu il tarixdə cavabdehin anası X1 adına alınmış mənzili tərəflərin birgə nikahlarından doğulmuş övladları üçün almışlar. İddiaçı tərəfindən verilən 40000 manat pul vəsaiti iddiaçının bacısının bank hesabından çıxarılmışdır və iddiaçı həmin pulu hazırda bacısına geri qaytarmağa davam edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına vatsapp yazışmaları, iddiaçının bacısı X2 adına olan bank hesabından çıxarışlar əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İddiaçı tərəfindən məhkəməyə bir sıra sənədlər (vatsapp yazışmaları, bank hesabından çıxarışlar) təqdim edilmişdir. Lakin, həmin sənədlərlə iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xüsusatlar təsdiq olunmur və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir fakt sübuta yetirilmir. İddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2019-cu il tarixdə hesabdan məxaric olunmamış, 20 000 manat mədaxil edilmişdir. xx.xx.2019-cu il tarixdə 20 000 manat pul vəsaiti məxaric edilsə də, xx.xx.2019-cu il tarixdə hesaba 10 000 manat yenidən mədaxil edilmişdir. Bundan başqa çıxarışa əsasən müəyyən olunur ki, ümumiyyətlə iddiaçı öncə də etibarnamə əsasında hesabdan yüksək məbləğdə vəsaiti məxaric etmişdir. Məxaric edilən pul vəsaitinin sırf cavabdehə verilməsi, mənzilin alınması üçün sərf edilməsi isə sübuta yetirilmir. Təqdim edilmiş vatsapp yazışmaları və digər sənədlər məhkəmə tərəfindən mümkün və mötəbər hesab edilmir. İddiaçı borc olaraq 40 000 manat verilməsi xüsusatını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Tərəflər arasında hər hansı bir yazılı razılaşma (müqavilə) mövcud olmamışdır (əgər razılaşma olubsa belə forma şərti (yazılı olmaması) baxımından etibarlılıq şərtlərinə cavab vermir). Əgər tərəflər arasında borc münasibətləri mövcud olmuşdursa da, iddiaçı məhkəmə iclasında öhdəliyin icrası müddəti, borcu hansı müddətə verdiyini, borclunun borc məbləğini hansı vaxt qaytaracağı barədə hər hansı fikir bildirməmiş, məhkəmənin sualına isə bu barədə əsaslı, ağlabatan cavab verə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı pul vəsaitini uşaqlarına mənzil alınması üçün verdiyini, lakin mənzilin qaynanasının adına alındığını bildirmişdir. Uşaqlarına mənzil alınması üçün pul vəsaitinin həyat yoldaşına borc olaraq verilməsi ağlabatan deyildir. İddiaçı məhkəmə iclaslarında iddia tələbinin faktiki əsaslarını belə izah edə bilməmiş, əsaslı mülahizələr, dəlillər, arqumentlər gətirməmişdir. Buradan o qənaətə gəlinir ki, fərz etsək ki, iddiaçı əgər həmin vəsaiti cavabdehə vermişdirsə də, onu borc olaraq yox, bağışlama predmeti kimi, yəni əvəzsiz qaydada vermişdir. Deməli, sözügedən vəsaitinin geri tələb edilməsi əsası mövcud deyildir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında verdiyi izahatlardan (audio-video qeydlər var) bu nəticəyə gəlinir. Bundan əlavə, cavabdehin nümayəndəsi (atası) bildirmişdir ki, cavabdeh uzun illərdir ki, yüksək əmək haqqı alır və gəlirlərə malikdir. İddiaçı isə ailə qurandan etibarən işləmir. Cavabdehin gəlirləri (əmək haqqı kartı və s.) məhz iddiaçının sərəncamında olmuş, iddiaçı tərəfindən mütəmadi olaraq ailə üzvü kimi istifadə edilmişdir. Odur ki, cavabdehin iddiaçıdan borc alması məntiqə uyğun deyildir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipi əsas götürülərək mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Sübutetmə yükü iddiaçının üzərinə olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) tam sübut edilməsi təmin edilməmişdir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar