Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4293/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
2. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli NDM 030946 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında (abonent kodu **********8 olmaqla) elektrik sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, abonentin evi sayğacdan kənar xətt ilə qidalandırılır.
3. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanı üzrə abonentə (abonent kodu **********8 olmaqla) 1124,40 manat borc hesablanmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu **********8 olmaqla) hesablanmış 1124,40 manat məbləğdə borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, ünvan 1də yerləşən ev X2 mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə mülkiyyətçi vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə ölümünün il dönümü ilə bağlı mərasim keçirilən zaman "xxxx" ASC-nin əməkdaşları tərəfindən NDM 030946 nömrəli akt tərtib edilərək X4 1124,40 manat cərimə edilmişdir. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları vəfat etmiş şəxsi cərimə etmişdir və müəyyən olunmuş 1124,40 manat cərimənin hesablanma əsasları məlum deyildir.
b) iddiaya etiraz
6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, göstərdi ki, borc bunun üçün əsaslar olmadan hesablanıb. Belə ki, cavabdeh tərəfindən ölmüş şəxsə borc hesablanmışdır.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərdi ki, ünvan üzrə borc düzgün hesablanmışdır. Belə ki, qanunsuz qoşulma faktını təsdiq edən video-yazı iş materiallarına əlavə edilmişdir. Eyni zamanda iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki, abonent iddiaçının mərhum atası olmuşdur və hazırda iddiaçının onun vərəsəsi olduğunu təsdiq edən rəsmi sənəd təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
11. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 nömrəli qərarı
4. Elektrik enerjisi istehlakının rejimləri və əsas şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşdən müəyyən olunur ki, iddiaçının atasına məxsus ünvan üzrə işıq təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********8 nömrəli abonent kodu açılmışdır. Abonent – istehlakçı Nadir Hüseynov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
15. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 1124,40 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən tərtin edilmiş akt üzrə qanunsuz borc hesablanmışdır. Belə ki, abonent onun mərhum atası Nadir Hüseynov olmuş, lakin borc atası vəfat etdikdən sonra hesablanmışdır. Ölmüş şəxsə münasibətdə borc hesablanması isə mümkün deyil.
16. Cavabdehin etirazının əsas dəlili isə ondan ibarətdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır, ona görə ki, vərəsəlik hüquqlarını təsdiq edən rəsmi sənəd təqdim edilməmişdir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquqları haqqında şəhadətnamə və ya hər hansı digər bu məzmunlu rəsmi sənədin təqdim edilməməsi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını deməyə əsas vermir.
18. Adına borc hesablanmış mərhum Nadir Hüseynov iddiaçının atası olmuş, iddiaçı da oğul olaraq birinci növbə vərəsələr sırasındadır. Vərəsənin mirasdan imtina halı mövcud deyilsə və bu işin halları ilə öz təsdiqini tapmırsa miras aktivinin vərəsə tərəfindən əldə edildiyi qəbul olunur. Miras aktivi qəbul olunursa vərəsənin miras qoyanın passivlərini qarşılamaq öhdəliyi də yaranır.
19. Subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.
20. Hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir.
21. Hesablanmış borcun əsaslarına gəldikdə isə məhkəmə hesab edir ki, borcun hesablanması üçün zəruri olan faktiki və hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2023-cü il tarixli, NDM 030946 nömrəli aktdır, hansı ki, həmin aktla abonentin evinin sayğacdan kənar xətt ilə qidalandırıldığı aşkar edilmişdir.
22. “Elektrik enerjisindən istifadə” Qaydalarında elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı abonent olaraq təsbit edilmişdir. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən abonent hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır.
23. Hazırkı işin halları baxımından qanunsuz qoşulma aşkar edilən zaman abonent – istehlakçı sağ olmamış, təbii ki, qanunsuz qoşulma – enerjinin talanması da onun tərəfindən həyata keçirilməmiş, yəni Qaydalara istinadən abonentin enerjini talamasına görə borcun hesablanması üçün maddi-hüquqi əsaslar mövcud olmamışdır.
24. Mülki Məcəllənin 25.1 və 25.2-ci maddələrinin tələbləri baxımından fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
25. Əgər enerji təchizatçısı tərəfindən qanunsuz qoşulma faktı aşkar edilirsə bu hal kifayət qədər mötəbər sübutlarla rəsmiləşdirilməli, qanunsuz qoşulma və enerji talanmasında təqsirli olan şəxslərin müəyyən edilməsi üçün zəruri addımlar atılmalı, müvafiq cinayət təqibi orqanlarına məlumat verilməlidir.
26. Bu tədbirlərin heç birini görmədən formal olaraq abonent hesabına borc məbləğinin daxil edilməsi isə bu sahədə qanunvericiliyin tələblərinə cavab vermir.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 məxsus ünvan 1 ünvanına (abonent kodu **********8 olmaqla) xx.xx.2023-cü il tarixli, NDM 030946 nömrəli akt əsasında hesablanmış 1124,40 manat məbləğdə borc "xxxx" ASC tərəfindən silinməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X3 məxsus ünvan 1 ünvanına (abonent kodu **********8 olmaqla) 27 yanvar 2023cü il tarixli, NDM 030946 nömrəli akt əsasında hesablanmış 1124,40 manat məbləğdə borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə