Məhkəmə qərarları › İş №e-2(004)-4337/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4337/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4337/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 manat, əldən çıxmış fayda olaraq 800 manat, mənəvi ziyan olaraq 200 manat pul məbləğinin, 68 manat dövlət rüsumunun, vəkilə etdiyi kömək üçün ödənilmiş 500 manat xərc, ümumilikdə 5868 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı Əbülfəz oğlu ilə “Kontakt Home” mağazalar şəbəkəsi arasında bağlanmış 12 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, iddiaçı İPHONE 12 PRO MAX 256 GB-GOLD adlı mobil telefonu 4906,7 manat pul məbləğini hər ay ödəniş cədvəlinə əsasən ödəmək şərtilə almışdır. Cavabdeh həmin telefonun yaxın qohumunun ad günü münasibəti ilə ona verilməsini xahiş etmişdir. O, həmin mobil telefonu götürərək hər ay krediti özü ödəyəcəyini iddiaçıya söyləmiş, lakin cavabdeh bugünə qədər 470 manat ödəniş etmişdir. Yerdə qalan ödənişi İddiaçı Əbülfəz oğlu ödəyərək həmin kredit borcunu bağlamışdır. Cavabdehə bu günə qədər ödənişlə bağlı dəfələrlə müraciət edilsə də, o pulu ödəməkdən yayınmışdır. Tərəflər arasında səs yazılarından da görünür ki, Cavabdeh 4300 manat borcu olduğunu qəbul edir. Cavabdeh pulun qaytarılması ilə bağlı sözlər versə də, bu günə qədər iddiaçıya olan borcunu qaytarmamışdır. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş, iddia ərizəsində qeyd olunmuş telefonu qızının ad günü münasibəti ilə almaq istədiyini, telefonu öz adına kreditlə götürə bilmədiyi üçün iddiaçıdan kömək etməsini xahiş etdiyini, iddiaçı ilə uzun illər birlikdə işlədiklərini və iddiaçıya telefonun onun adı ilə alınmasını və ödənişlərin özü tərəfindən ödənilməsini təklif etdiyini bildirmişdir. Birinci dəfə iddiaçı razı olmamış, ona hörmət edəcəyini bildirdikdən sonra isə razılaşmışdır. 28 May metrostansiyasının qarşısında ona 300 manat vermiş, telefon götürüldükdən sonra iddiaçıya 3 ay 254 manat ödəniş etmişdir. Daha sonra ödənişləri etməyə imkanı olmadığından, iddiaçı onun pensiya kartını almışdır. Həmin kartdan 3 ay 500 manat götürmüş, 130 manatı cavabdehin kartına göndərmişdir. O daha sonra iddiaçıya hissə-hissə ödəniş etmişdir. Hal-hazırda iddiaçıya 1200 manat borcu vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş 935/2023 saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Əbülfəz oğlu ilə “Kontakt Home” mağazalar şəbəkəsi arasında bağlanmış 12 iyul 2021-ci il tarixli müqaviləyə əsasən alınmış İPHONE 12 PRO MAX 256 GB-GOLD adlı mobil telefonun dəyəri olan 4906,7 manat pul vəsaiti tam məbləğdə ödənilmişdir və İddiaçı Əbülfəz oğlunun heç bir borcu qalmamışdır. Beləliklə, tərəflərin verdiyi izahat və təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı kreditlə mobil telefon almış, cavabdeh isə həmin telefonun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit ödənişlərini vaxtında icra etmədiyindən telefonun dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında cavabdeh cəmi 1200 manat borcunun qaldığını, iddiaçıya hissə-hissə ödənişlər etdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 4300 manat borc tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) ,habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının məcbur olaraq məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 200 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, vəkilə ödənilmiş xərclərlə bağlı sübutlar – qəbz, müqavilə məhkəməyə təqdim olunmadığından, eləcə də əldən çıxmış fayda əsaslandırılmadığından və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından iddia bu hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 52,76 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaiti, 200 ( iki yüz) manat məbləğində mənəvi zərər və 52,76 (əlli iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar