Məhkəmə qərarları › İş №e-2(004)-4417/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4417/2025

25.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4417/2025 25.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: əsassız varlanma, pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh "xxxx" ASC-də olan AZ05UBAZ**********1010AZN001 nömrəli hesabına 1000 manat vəsait köçürülmüşdür.

2. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də olan AZ05UBAZ**********1010AZN001 nömrəli hesabına yenidən 1000 manat vəsait köçürülmüşdür.

3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehin iddiaçıya 1000 manat borcu vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə qeyd olunan vəsaiti 5 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə Cavabdeh “X1” ASC-də olan AZ05UBAZ**********1010AZN001 nömrəli hesabına 1000 manat vəsaitin köçürülməsi üçün ödəniş tapşırığı verilmişdir. xx.xx.2024-cü il tarixində bu ödəniş tapşırığı "xxxx" ASC tərəfindən icra edilmiş və Cavabdeh "xxxx" ASCdə olan AZ05UBAZ**********1010AZN001 nömrəli hesabına 1000 manat göndərilmişdir. Bununla yanaşı, elə həmin gün baş verən texniki yanlışlıq səbəbindən Cavabdeh "xxxx" ASC-də olan AZ05UBAZ**********1010AZN001 nömrəli hesabına ikinci dəfə də eyni təyinatla səhvən 1000 manat göndərilmişdir. Birinci vəsait ödənişi göndərənin hesabından getsə də, texniki yanlışlıq nəticəsində eyni təyinatlı səhvən ikinci göndərilən vəsait "xxxx" ASC-nin hesabından getmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən müvafiq problem “X1” ASC-yə çatdırılmış və müvafiq məsələnin kommunikasiya edilərək Cavabdeh bildirilməsi xahiş edilmişdir. “X1” ASC tərəfindən "xxxx" ASC-yə verilən məlumata əsasən onlar tərəfindən Cavabdeh ilə bu məsələ ilə bağlı əlaqə saxlanılmış, "xxxx" ASC-dən texniki yanlışlıq nəticəsində səhvən Cavabdeh 1000 manat vəsaitin göndərilməsi onun diqqətinə çatdırılmış, müvafiq vəsaitin geri qaytarılması xahiş edilmiş, amma Cavabdeh tərəfindən bu vəsaitin geri qaytarılmasından imtina edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ilə birbaşa telefon vasitəsilə əlaqə saxlanılmış, sözügedən səhv köçürmə üzrə vəsaitin əslində "xxxx" ASC-yə aid olması, həmin vəsaitlərin Cavabdeh tərəfindən geri qaytarılması xahiş edilmişdir. Amma bu danışıqların nəticəsi olaraq Cavabdeh tərəfindən bu vəsaitlərin geri qaytarılmasından imtina edilmişdir.

b) iddiaya etiraz

6. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

12. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

13. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ödəniş tapşırığından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank hesabından ödəniş tapşırığı verilmiş, texniki yalnılışlıq səbəbindən hüquqi əsası olmadan 1000 məbləğ təkrar cavabdehin hesabına köçürülmüş və o yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.

14. Odur ki, iddiaçının tələb etdiyi 1000 manat overdraft borcu cavabdehdən tutulmalıdır.

15. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 1000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 1030 manat pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar