Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-445/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra Şöbəsi və "xxxx" MMC cəlb edilməklə qiymətləndirmə rəyinin ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(011)-4757/2019 saylı icra sənədinin icrası çərçivəsində Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 103-ün 135 000 manat qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 21.06.2021-ci il tarixli, QXM-2557 saylı hesabatın ləğv edilməsi, həmin mənzilin ədalətli şəkildə yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli, 2(011)-4757/2019 saylı qətnaməsi ilə qeyd edilən mənzilin hərracdan satılması qət edilmişdir. Qətnamə icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Şöbənin sifarişi ilə cavabdeh həmin mənzili 135000 manat məbləğində qiymətləndirmişdir. Cavabdehin rəyi qanunsuzdur, evin bazar qiymətinə uyğun deyildir. Belə ki, həmin evə "xxxx" MMC-nin 15.07.2021-ci il tarixli rəyi ilə 145000 manat qiymət qoyulmuşdur. Evin bazar qiymətindən ucuz satılması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ünvan 1 05.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən 02 noyabr 2021-ci il tarixində (daxil olma nömrəsi 106/21) "xxxx" MMC-yə İddiaçı və digərlərinin ümumi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı evin, 5 otaqdan ibarət 103 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 135000 manat olmaqla satılmasına dair Bakı şəhəri Xətai rayon icra Şöbəsindən 22.09.2021-ci il tarixli, 17***-*******20 saylı sifariş daxil olmuşdur. 2) Sözügedən sifariş üzrə ilkin hərrac açıq auksion formasında 26 noyabr 2021-ci il tarixinə, saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmişdir. Lakin həmin tarixdə hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış və bununla bağlı 26.11.2021-ci il tarixində "hərracın baş tutmamasına dair protokol" tərtib edilməklə təsdiq olunmuşdur. 3) İş üzrə təkrar hərrac 13 dekabr 2021-ci il tarixinə saat 11:00-a (novbəlilik qaydasında) təyin edilmişdir. Təkrar hərracda əmlakın satış qiyməti 121.500 manat məbləğində müəyyənləşdirilmişdir. Qeyd edilan tarixdə də hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış bununla bağlı 13.12.2021-ci il tarixində "hərracın baş tutmamasına dair protokol" tərtib edilməklə təsdiq olunmuşdur. 4) Bundan sonra ikinci təkrar hərrac 27.12.2021-ci il tarixinə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmişdir. Təkrar hərracda əmlakın satış qiymıti 108 000 manat məbləğində müəyyənləşdirilmişdir. 5) 16.12.2021-ci il tarixində, yəni 27.12.2021-ci il tarixinə təyin edilmiş təkrar hərrac keçirilənədək Xətai Rayon İcra Şöbəsindən "xxxx" MMC-yə daxil olmuş 17/74-13818/20 nömrəli məktubda qeyd edilən mənzilə dair hərracın dayandırılması xahiş olunmuşdur. 6) Hərracın sifarişçisi Xətai Rayon İcra Şöbəsinin məktubuna uyğun olaraq sifariş üzrə hərracın keçirilməsi dayandırılmışdır və tərəflərə məlumat verilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə iddia ərizəsindən görünür ki, iddiaçı iddiasının əsaslarından biri kimi cavabdehin əmlakın qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verdiyini, buna görə əmlakın real dəyərindən ucuz qiymətə dəyərləndirdiyini göstərmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli rəyindən görünür ki, ekspert rəyi əsaslandırılmamış, əmlakın dəyəri müəyyən edilərkən hansı mənbələrdən istifadə olunması və hansı qiymətləndirmə üsullarından istifadə olunması göstərilməmişdir. Odur ki, məkəmə hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin Xətai Rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh MMC-nin 21.06.2021ci il tarixli rəyi qiymətləndirmə hesabatına əsasən verilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş rəy obyektiv olmuşdur və ləğvi üçün əsaslar yoxdur, yenidən ekspert qiymətləndirilməsinə zərurət yoxdur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki iddia Xətai Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(011)-4757/2019 saylı qətnaməsinin icrasına maneçilik törədilməsi məqsədi ilə süni olaraq qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 -cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-445/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-445/2022
18.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver