Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4451/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlərdən 6440 (altı min dörd yüz qırx) manat pul və ödənilmiş 84,80 (səksən dörd manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan **-UA-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növü üzrə sığortalanmış **- MY-*** dövlət qeydiyyat nişanlı Maserati Ghibli markalı avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncuya zərər vurulmuşdur. Hadisə ilə bağlı qəbul edilmiş müvafiq qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı **-MY-*** dövlət qeydiyyat nişanlı Maserati Ghibli markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində 6440 (altı min dörd yüz qırx) manat pul avtonəqliyyat vasitəsinin təmiri ilə əlaqədar ödənilmişdir. Təqsirli tərəfin icbarı sığortası olmadığından 6440 (altı min dörd yüz qırx) manat pulun cavabdehlər tərəfindən ödənilməsi sonunculara təklif olunsa da, müsbət nəticə əldə edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməklə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli 996115 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, **-MY- *** dövlət qeydiyyat nişanlı Maserati Ghibli markalı avtonəqliyyat vasitəsinin yekun təmir xərci 6440 (altı min dörd yüz qırx) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Sığorta Aktına əsasən müəyyən edilir ki, **-MY-*** dövlət qeydiyyat nişanlı Maserati Ghibli markalı avtomobilə dəymiş zərər və sığorta ödənişi 6440 (altı min dörd yüz qırx) manat təşkil edir. 6440 (altı min dörd yüz qırx) manat zərər məbləği avtomobilin təmiri üçün X1 iğlunun təqdim etdiyi hesaba köçürülmüşdür. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, KİA Rio markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı icbari sığortalı olmuşdur. İş materiallarında olan sığorta şəhadətnaməsinə əsasən müəyyən edilir ki, 2019-cu il buraxılışlı Audi A6 markalı sığorta predmetinin dəyəri 132.397,50 manat, sığorta məbləği 132.397,50 manat, sığorta haqqı 3.574,73 manat, şərtsiz azadolma məbləği 100 manat təşkil edir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.2 və 469.3cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Cavabdeh1 Yasamal RPİ DYPŞ-nə ünvanladığı izahatında baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirini etiraf etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh1 dair hissədə hər 3 dispozitiv şərt yerinə yetirilsə də, digər Cavabdeh2 münasibətdə 1-ci (birinci) və 3-cü (üçüncü) dispozitiv şərtlər ödənilmir. Bu səbəbdən, hazırki iddia tələbi üzrə X2 aid hissədə MM-in 1108-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 hazırki iddia tələbi üzrə məsuliyyətinin qanuni əsası mövcuddur və onun təqsiri müvafiq inzibati xəta haqqında qərara müvafiq olaraq müəyyən edilmişdir. Bu səbəbdən, Cavabdeh1 qarşı iddia tələbi qanuni və əsaslıdır. Lakin, iddia tələbi üzrə **-UA-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 məsuliyyətinin hüquqi əsası mövcud deyildir. Belə ki, Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsi üzrə hər hansı təqsiri və ya məsuliyyəti iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilərkən ilk öncə mübahisənin qanuni əsası müəyyən edilməklə cavabdehin məsuliyyətinin əsası müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 6440 (altı min dörd yüz qırx) manat pul Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 84,80 (səksən dörd manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh1 6440 (altı min dörd yüz qırx) manat pul və ödənilmiş 84,80 (səksən dörd manat səksən qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4451/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4451/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver